Onlayn ictimai-siyasi qəzet
İkinci Dünya müharibəsinin sonlarında və müharibədən sonrakı illərdə Königsberqin taleyi kökündən dəyişdi. Musavat.com xəbər verir ki, ağır döyüşlər, böyük insan itkiləri, əhalinin köçürülməsi və şəhərin adının dəyişdirilməsi nəticəsində keçmiş Şərqi Prussiyanın bir hissəsi SSRİ-nin ərazisinə çevrildi.
“Kommersant”ın tarixi sənədlər və arxiv materialları əsasında hazırladığı araşdırmaya görə, Şərqi Prussiyanın gələcəyi ilə bağlı müzakirələr hələ 1943-cü ildə başlanmışdı. 28 noyabr – 1 dekabr 1943-cü ildə keçirilən Tehran konfransında İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçill Almaniyanın müharibədən sonrakı taleyini, o cümlədən onun bəzi ərazilərdən məhrum edilməsini müzakirə etmişdilər.
Şərqi Prussiyaya Polşa da iddia edirdi. Stalin isə SSRİ-nin Baltik dənizində donmayan limanlara ehtiyacının olduğunu bildirərək Königsberq və Memelin, eləcə də Şərqi Prussiyanın müvafiq hissəsinin Sovet İttifaqına verilməsini istəmişdi.
4 fevral 1944-cü ildə Stalin Çörçillə şəxsi məktubunda bu mövqeyini bir daha təsdiqləmişdi. Çörçill isə həmin ilin fevralında sovet tələbinin Polşa mühacir hökuməti tərəfindən mənfi qarşılandığını, lakin Britaniya tərəfinin bu tələbi əsaslı hesab etdiyini bildirmişdi.
Şərqi Prussiya uğrunda döyüşlər son dərəcə ağır keçmişdi. 1945-ci ilin yanvar-aprel aylarında bölgədə döyüşən sovet qoşunlarının 126 mindən çox əsgər və zabiti həlak olmuş, 458 mindən çox hərbçi yaralanmışdı. Königsberqin alınmasından sonra 70 mindən çox alman hərbçisi əsir düşmüşdü.
1945-ci il aprelin 10-dan etibarən şəhərdə gündəlik həyat sovet hərbi komendantlıqlarının nəzarəti altında təşkil edilməyə başlanmışdı. Müharibə nəticəsində şəhərin mərkəzi demək olar ki, tamamilə, kənar rayonları isə yarıdan çox dağıdılmışdı.
Şərqi Prussiyanın Königsberqə bitişik hissəsinin SSRİ-yə verilməsi 2 avqust 1945-ci ildə başa çatan Potsdam konfransında təsdiqləndi.
1945-ci ilin sentyabrında SSRİ-nin nəzarətinə keçmiş ərazidə təxminən 130 min alman qalırdı. 1946-cı ilin noyabrına qədər onların sayı 90 min nəfərə düşmüşdü. Bu mərhələdə azalma əsasən ağır ərzaq və mənzil şəraiti, xəstəliklər və yüksək ölüm səviyyəsi ilə əlaqədar idi.
Paralel olaraq bölgəyə SSRİ-nin müxtəlif ərazilərindən insanlar köçürülürdü. 1945-ci ilin noyabrında burada təxminən 7 min sovet vətəndaşı yaşayırdısa, 1946-cı ilin aprelinə onların sayı 54 min nəfərə çatmışdı.
7 aprel 1946-cı ildə RSFSR-in tərkibində Königsberq vilayəti yaradıldı. Bir müddət şəhərin və vilayətin Baltiysk və Baltik vilayəti adlandırılması da müzakirə edilmişdi.
Lakin 3 iyun 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalininin ölümündən sonra onun adının əbədiləşdirilməsi qərara alındı. Nəticədə Königsberq Kalininqrad adlandırıldı. 1946-cı ilin avqustunda vilayətin digər şəhər və rayonlarının adları da dəyişdirildi.
1946-cı ilin ikinci yarısından sovet vətəndaşlarının bölgəyə köçürülməsi daha geniş miqyas aldı. Həmin müddətdə 12 min ailə – 80 mindən çox insan buraya gəldi. 1947-ci ildə bölgəyə köçənlərin sayı 146,8 min, 1948-ci ildə isə 153,6 min nəfərə çatdı.
Yeni sakinlər də son dərəcə ağır şəraitlə qarşılaşırdılar. Kənd təsərrüfatı üçün geniş meliorasiya işləri tələb olunur, köçürülənlərin bir çoxunun isə belə şəraitdə işləmək təcrübəsi yox idi. Onlar lazımi inventar, mal-qara, isti və su keçirməyən geyim və ayaqqabı ilə də kifayət qədər təmin edilmirdilər.
Aclıq və zəif qidalanma 1946–1947-ci illərdə ölüm hallarının artmasına səbəb olmuşdu. Ağır məişət şəraiti və fərqli iqlim köçürülənlərin bir hissəsinin geri qayıtmasına gətirib çıxarmışdı. 1947-ci ildə geri dönənlərin payı 27 faiz idisə, 1951-ci ildə bu göstərici 69 faizə çatmışdı. Bununla belə, 1951-ci ildə vilayətdə artıq təxminən yarım milyon sovet vətəndaşı yaşayırdı.
1947-ci ilin fevralından alman əhalisinin Kalininqrad vilayətindən Almaniyanın sovet işğal zonasına köçməsinə icazə verilməyə başlandı. Aprel-iyun aylarında 6 mindən çox alman getmək üçün icazə aldı.
11 oktyabr 1947-ci ildə SSRİ Nazirlər Soveti ilin sonunadək 30 min nəfərin Almaniyaya göndərilməsini nəzərdə tutan qərar qəbul etdi. Köçürülən ailələrə 300 kiloqrama qədər şəxsi əşya aparmağa icazə verilir, onların dəmiryol stansiyalarına çatdırılması və səfər zamanı tibbi xidmət təşkil edilirdi.
Alman əhalisinin çıxarılması sonrakı illərdə də davam etdi. Bölgədə əsasən sənaye, kənd təsərrüfatı və nəqliyyat üçün zəruri hesab edilən azsaylı yüksək ixtisaslı alman mütəxəssislər saxlanılmışdı.
Onların təxminən 1400 nəfəri 1949-cu ilin noyabrında Almaniyaya göndərildi. Sonuncu 193 nəfərlik qrup isə 1951-ci ilin mayında Almaniya Demokratik Respublikasına köçürüldü.
Beləliklə, müharibədən əvvəl Almaniyanın Şərqi Prussiya bölgəsinin əsas şəhərlərindən olan Königsberq ağır döyüşlərdən, böyük insan itkilərindən, əhalinin köçürülməsindən və inzibati dəyişikliklərdən sonra Kalininqrada – RSFSR-in ən qərb vilayətinin mərkəzinə çevrildi.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ