Onlayn ictimai-siyasi qəzet
Elektron pul köçürmələri ilə bağlı yeni qaydalar maliyyə əməliyyatlarına nəzarət mexanizmini dəyişir. Əvvəlki 20 min manatlıq illik limit ləğv edilir, bir elektron köçürmənin məbləği 20 min manat və ya daha çox olduqda həmin əməliyyat barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, fiziki şəxslərin bir təqvim ayı ərzində elektron köçürmələrinin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində həyata keçirilən növbəti köçürmələr də hesabatlandırılacaq.
Yeni mexanizm vətəndaşların gündəlik pul köçürmələri, ailə üzvlərinə vəsait göndərməsi, eləcə də böyük məbləğli alış-veriş və digər maliyyə əməliyyatları ilə bağlı bir sıra suallar yaradır. Bəs 20 min manatlıq həddin müəyyənləşdirilməsində hansı maliyyə meyarları əsas götürülüb? Bir əməliyyat üzrə bu məbləğin aşılması və ya aylıq 50 min manatlıq həddin keçilməsi vətəndaş üçün praktik olaraq hansı prosedurları gündəmə gətirəcək? Yeni qaydalar qanuni maliyyə əməliyyatlarının aparılmasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb: “20 min manat söhbəti əslində bizdə kifayət qədər məşhurdur. Xüsusilə 2016-cı ildən sonra bu rəqəm daha çox gündəmə gəlib. Məsələn, valyuta dəyişməyə gedəndə də il ərzində belə bir qeyri-rəsmi yanaşmanın olduğunu görürük. Əslində buna qanun demək çətindir. Niyə qeyri-rəsmi deyirəm? Çünki bu, qanun formasında, cəmiyyətə elan edilmiş normativ-hüquqi akt şəklində deyil. Sadəcə, banklarda belə bir yanaşma var ki, məsələn, manatınızı dollara çevirmək istəyirsinizsə, 20 min manatadək vəsaiti sizə əlavə sorğu-sual olmadan dəyişirlər. 20 min manatdan yuxarı məbləğ olduqda isə sənədləşmə və əlavə araşdırma prosesi başlaya bilər".

Xalid Kərimlinin sözlərinə görə, 20 min rəqəmi artıq təxminən 10 ildir maliyyə gündəliyindədir, lakin bu rəqəmin niyə məhz 20 min manat olaraq müəyyənləşdirilməsi tam aydın deyil: "Dəfələrlə Mərkəzi Bankdan da soruşuruq ki, belə bir təlimatınız varmı, bunun hüquqi əsası nədir? Onlar da bildirirlər ki, belə bir rəsmi təlimat yoxdur. Amma qeyri-rəsmi yanaşmalar və müəyyən razılaşmalar mövcuddur. İndi isə ən azı Maliyyə Monitorinqi Xidməti 20 min manat rəqəmini konkret şəkildə göstərib.
Ölkədə bir növ yazılmamış qayda formalaşıb ki, 20 min manatadək əməliyyatlara o qədər də diqqət yetirilmir və bu məbləğə qədər olan əməliyyatlarla bağlı əlavə məlumat tələb olunmur. Bunun müəyyən məntiqi də var. Nisbətən kiçik əməliyyatdır və hər bir belə əməliyyatın ayrıca yoxlanılmasına ehtiyac görülmür. Söhbət ondan getmir ki, bunun, ümumiyyətlə, vətəndaşa aidiyyəti yoxdur. Ona görə deyirəm ki, ortada orta aylıq əməkhaqqı göstəricisi var. Hazırda bu rəqəm təxminən 1200 manatdır. Əlbəttə, qəpik-quruşa getməyək, vergilər daxil olmaqla orta göstəricidən danışırıq.
Ailə, tutaq ki, 4-5 nəfərdən ibarətdir və iki nəfər işləyir. Orta aylıq əməkhaqqını 1200 manat götürsək, iki nəfərin ümumi gəliri 2400 manat edir. Bunu 12 aya vuranda 28 800 manat alınır. Təbii ki, daha yüksək maaş alan insanlar da var. Məsələn, ombudsman, deputatlar və ya hansısa beynəlxalq bankda çalışan şəxslərin gəlirləri daha yüksək ola bilər. Amma vətəndaş dedikdə biz orta göstəricini nəzərə almalıyıq.
Yəni, orta vətəndaşın illik gəliri təxminən 25-30 min manat civarındadır. Belə olan halda bir dəfəlik 20 min manatlıq və ya ay ərzində 50 min manatlıq köçürmənin orta vətəndaşa nə təsiri ola bilər? Mən hesab edirəm ki, orta vətəndaş üçün bunun ciddi təsiri olmamalıdır və bu qaydalar əsasən daha böyük maliyyə dövriyyəsi olan şəxslərə aid olacaq. Amma gəlirləri artan, bizneslə məşğul olan və daha böyük maliyyə əməliyyatları həyata keçirən vətəndaşlar da var. Burada əsas nüans nədir? Təbii ki, biz bu cür ödənişləri həyata keçiririksə və bunun üçün dövlət elektron, rəqəmsal köçürmələrə imkan verən infrastrukturu formalaşdırıbsa, bu, bankların və Mərkəzi Bankın yaratdığı bir maliyyə mühitidir. Bunun qarşılığında müəyyən xidmət haqqı da ödənilir.
Əvvəllər nəyisə gizlətmək, mənbəyi bəlli olmayan vəsaiti dövriyyəyə buraxmaq, vergidən gəliri gizlətmək və ya qanunsuz, məsələn, oğurluq və ya rüşvət yolu ilə əldə olunan vəsaiti köçürmək üçün insanlar bunu nağd şəkildə, çantada aparırdılar. İndi isə belə əməliyyatların elektron köçürmələr vasitəsilə daha rahat həyata keçirilməsi, təbii ki, müəyyən narahatlıq doğurur. Çünki qanunsuz pul dövriyyəsinin və çirkli pulların yuyulmasının dövlətin yaratdığı elektron maliyyə infrastrukturu üzərindən həyata keçirilməsinin qarşısının alınması vacibdir".
İqtisadçı vurğulayıb ki, 20 min manat həddi vətəndaşın bu məbləğdən artıq pul köçürməsini qadağan etmir: "Təbii ki, vətəndaşın 20 min manatdan artıq və ya ay ərzində 50 min manatdan artıq köçürmə etmək hüququ var. Söhbət bundan getmir ki, 20 min və ya 50 min manatlıq köçürmə qadağandır. Məsələ ondadır ki, bir əməliyyatda 20 min manatdan, yaxud müəyyən dövr ərzində, məsələn, ay ərzində 50 min manatdan artıq vəsait köçürüləndə artıq bu əməliyyat Maliyyə Monitorinqi Xidmətinin diqqətinə düşə bilər.
Bu zaman sizin gəlirlərinizə və vəsaitin mənbəyinə baxıla bilər. Lazım gəldikdə əməliyyatla bağlı sənədlər tələb oluna bilər. Məsələn, ev satmısınızsa, evin satışına dair sənədi təqdim edirsiniz. Vəsait sizə miras qalıbsa, miras sənədini təqdim edirsiniz və sair. Yəni, burada söhbət əməliyyatın qadağan edilməsindən getmir. Söhbət ondan gedir ki, siz böyük həcmdə maliyyə əməliyyatları həyata keçirirsinizsə, həmin vəsaitin mənbəyini izah etməli və lazım gəldikdə bunu sənədlə təsdiqləməlisiniz.
20 min manatdan yuxarı köçürmə etdikdə pul köçürüləcək və bununla bağlı avtomatik olaraq problem yaranmayacaq. Bu, hesabın bloklanacağı, pulun əlinizdən alınacağı və ya avtomatik şəkildə hansısa vergi öhdəliyinin yaranacağı demək deyil. Eyni zamanda, vətəndaşın mütləq şəkildə Maliyyə Monitorinqi Xidmətinə gedib izahat verməsi də nəzərdə tutulmur. Əməliyyat adi qaydada icra oluna bilər. Sadəcə, həmin əməliyyatla bağlı sizdən vəsaitin mənbəyini təsdiqləyən sənəd tələb edilə bilər. Yəni sizdən soruşula bilər ki, bu vəsait haradan formalaşıb, mənbəyi nədir.
Məsələn, əgər bu, sizin çoxillik yığımlarınızdırsa, gəlir arayışı təqdim edə bilərsiniz. Deyə bilərsiniz ki, mən bu müddət ərzində bu qədər əməkhaqqı almışam və həmin vəsaiti yığmışam. Misal üçün, aylıq 1500 manat maaş alırsınızsa, 12 ayda 18 min manat edir. Həmin vəsaitin necə toplandığını sənədlərlə izah edə bilirsinizsə, burada problem yaranmır. Əsas nüans budur. Söhbət böyük həcmli maliyyə əməliyyatlarında vəsaitin mənbəyinin şəffaflaşdırılmasından gedir. Əvvəlki modeldə 20 min manatla bağlı bu yanaşma bu formada yox idi. Sonradan dəyişiklik edildi və müəyyən məsələlər dəqiqləşdirildi. Bunun iqtisadi baxımdan maliyyə sektoruna necə təsir göstərəcəyinə isə ayrıca baxmaq lazımdır".
Xalidə Gəray,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ