İnsanlara hürriyət, millətlərə istiqlal!

200 milyon dollarlıq qərar, "Bakı" hoteli və "Manas" ordeni — Əliyevin səfərinin bütün detalları

"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasındakı əlaqələrin yeni, daha dərin mərhələyə keçdiyini nümayiş etdirdi. Səfər həm rəsmi sənədlərin imzalanması, həm iqtisadi öhdəliklərin genişləndirilməsi, həm də simvolik-mədəni jestlərlə müşayiət olundu". 

Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib.

O qeyd edib ki, bəyanatın əsas mesajı dövlətlərarası münasibətlərin formal səviyyədən çıxıb konkret öhdəliklərə çevrilməsidir: "Əliyev müttəfiqlik münasibətlərini böyük məsuliyyət kimi xarakterizə edərək, bu məsuliyyətin həm beynəlxalq platformalarda, həm iqtisadi-ticari sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsində qarşılıqlı dəstək şəklində davam edəcəyini vurğuladı. Səfər zamanı imzalanan geniş sənədlər paketi bu əməkdaşlığın çoxşaxəliliyini əks etdirir".

1576601669.jpg (46 KB)

 

Parlamentarinin sözlərinə görə, səfərin konkret nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılmasıdır: " Prezident bunun son hədd olmadığını bildirərək, Fondun çərçivəsində Qırğızıstanda həyata keçirilən layihələrin birgə istehsal və yeni iş yerləri yaratmaqla iqtisadi potensialı möhkəmləndirdiyini qeyd etdi. Bu iqtisadi əlaqələrin görünən nəticəsi kimi, İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilmiş ilk beşulduzlu "Bakı" hotelinin açılışı xüsusi qeyd olundu. Bu, həm turizm potensialının artırılması, həm də iki ölkənin brend əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir. Səfər çərçivəsində qarşılıqlı təltif mərasimi keçirilib. Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı olan 1-ci dərəcəli "Manas" ordeni ilə, Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ən yüksək dövlət təltifi-"Heydər Əliyev" ordeni ilə təltif olunub. Bu, iki dövlət başçısı arasındakı şəxsi etimadın rəsmi diplomatik səviyyədə təsdiqi kimi çıxış edir. Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul edilməsinə görə təşəkkürünü bildirib. Səfər zamanı qəbul edilən Çolpon-Ata Bəyannaməsi isə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələnin rəsmi başlanğıcı kimi qiymətləndirilir. Səfər klassik dövlətlərarası ziyarət formatına uyğun olsa da, məzmun baxımından üç istiqamətdə paralel irəliləyiş nümayiş etdirir: iqtisadi, humanitar-simvolik və geosiyasi. Bu üç xəttin paralel inkişafı Azərbaycan-Qırğızıstan münasibətlərinin yalnız ikitərəfli deyil, daha geniş regional arxitekturanın tərkib hissəsi kimi formalaşdığını göstərir".

 

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR