İnsanlara hürriyət, millətlərə istiqlal!

4 il 6 ayın ŞOK mənzərəsi - Savaşın qalibi kim olacaq?

Rusiya və Ukrayna arasında 2022-ci il fevralın 24-də başlayan genişmiqyaslı müharibənin 4 il 6 ayı tamam olur. Dünyanın son onilliklərdə gördüyü ən böyük və dağıdıcı hərbi qarşıdurmalardan birinə çevrilən bu savaş nə Rusiyanın gözlədiyi sürətli qələbə ilə başa çatdı, nə də Ukraynanın Qərbin dəstəyi ilə işğal olunmuş əraziləri qısa müddətdə geri qaytarmaq planı reallaşdı.

Bu gün savaş daha çox uzunmüddətli tükəndirmə müharibəsi xarakteri daşıyır. Cəbhə xəttində dəyişikliklər əvvəlki dövrlərlə müqayisədə məhdud olsa da, raket və dron hücumları, enerji infrastrukturu və hərbi-logistika obyektlərinə zərbələr davam edir. Son aylarda Rusiya ordusunun irəliləyiş tempinin əhəmiyyətli dərəcədə zəiflədiyi, Ukraynanın isə bəzi istiqamətlərdə əks-hücum imkanlarını artırdığı barədə müxtəlif hərbi təhlillər yayılır. Digər tərəfdən, Moskva müharibəni davam etdirmək üçün hələ də ciddi hərbi və iqtisadi resurslara malikdir. Rusiya yeni səfərbərlik imkanlarını nəzərdən keçirir, raket istehsalını artırır və Donbas istiqamətində təzyiqi saxlamağa çalışır. Kiyev isə Qərbin hərbi və maliyyə dəstəyindən asılı olaraq müdafiə qabiliyyətini qoruyur, eyni zamanda Rusiyanın dərinliklərində hərbi və enerji-logistika infrastrukturuna zərbələri genişləndirir.

Bu müharibə daha nə qədər davam edə bilər?

Tərəflərin mövqeləri hələ də bir-birindən ciddi şəkildə fərqlənir və sülh danışıqları üçün ən böyük maneələrdən biri ərazi məsələsi və təhlükəsizlik təminatları olaraq qalır. Buna görə də 2026-cı ildə belə müharibənin tammiqyaslı şəkildə başa çatacağına dair qəti proqnoz vermək çətindir.

Hazırda cəbhədə üstünlük hansı tərəfdədir?

Rusiya daha böyük canlı qüvvə və hərbi-sənaye potensialına malik olsa da, Ukraynanın müdafiə xətlərini yararaq sürətli strateji nəticə əldə edə bilməyib. Ukrayna isə ərazi baxımından daha çətin vəziyyətdə olsa da, müqavimət qabiliyyətini qoruyub saxlayır və son dövrdə Rusiyanın irəliləyiş tempinin zəifləməsindən istifadə etməyə çalışır. Yəni bugünkü mənzərəni bir tərəfin tam üstünlüyü kimi deyil, resurs üstünlüyü ilə taktiki-döyüş effektivliyinin toqquşduğu mürəkkəb və dəyişkən balans kimi qiymətləndirmək daha doğru olar.

Bu balans nə vaxta qədər davam edəcək? Rusiya yeni səfərbərliklə müharibədə üstünlüyü ələ keçirə biləcəkmi? Ukrayna Qərbin dəstəyi hesabına cəbhədə dönüş yaratmağa nail olacaqmı?

resad_bayramov.jpg (26 KB)

Politoloq Rəşad Bayramov Musavat.com-da qənaətlərini bölüşüb:

“Hazırkı mənzərə göstərir ki, Rusiya-Ukrayna müharibəsində əsas xüsusiyyət Rusiyanın resurs üstünlüyünün Ukraynanın müdafiə və texnoloji uyğunlaşma qabiliyyəti ilə tarazlaşdırılmasıdır. Həqiqətən də Rusiya daha böyük insan resursuna, hərbi-sənaye bazasına və uzunmüddətli müharibəni maliyyələşdirmək imkanına malikdir. Lakin bu üstünlüklər hələ də sürətli strateji nəticəyə çevrilməyib. 2026-cı ilin yayında Rusiya qüvvələrinin irəliləyiş tempi əhəmiyyətli dərəcədə aşağı düşüb və rəsmi hesablamalara görə bu təxminən 38 kvadratkilometr ərazini əhatə edir. Daha maraqlısı odur ki, 2026-cı ildə Ukrayna bəzi istiqamətlərdə artıq əks-hücumlarla təşəbbüs nümayiş etdirir. Xüsusilə Oleksandrivka istiqamətində Ukrayna qüvvələrinin əməliyyatları Rusiyanın yaz-yay hücum planlarına ciddi təsir göstərib və Rusiyanın bir sıra istiqamətlərdə qüvvələrini bölməsinə və resurslarını yenidən paylamasına səbəb olub. Bundan başqa, Ukraynanın son dövrlərdə istər Krım istiqamətində, istərsə də Rusiyanın dərinliklərində həyata keçirdiyi əməliyyatlar da müharibənin gedişinə ciddi təsir göstərib. Burada Rusiyanın enerji sektoruna vurulan zərbələri xüsusi olaraq qeyd etmək lazımdır. Bu səbəbdən hazırkı mərhələdə kimin üstün olduğuna dair birmənalı nəticə çıxarmaq düzgün olmazdı. Rusiya strateji resurs baxımından, Ukrayna isə müəyyən taktiki və operativ sahələrdə daha çevik görünür”.

2023_02_24_987558_alt_manset.jpg (82 KB)

Politoloqun sözlərinə görə, müharibənin bundan sonra nə qədər davam edəcəyini müəyyən edən əsas amil isə məhz tərəflərin bu resurs balansını nə qədər müddət saxlaya bilməsindən asılı olacaq:

“Rusiyanın insan qüvvəsi problemi getdikcə daha qabarıq görünür və Putin hakimiyyəti növbəti səfərbərlik imkanlarını nəzərdən keçirir. Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanın sentyabr seçkilərindən sonra 300 minədək əlavə hərbçi cəlb etməyə hazırlaşdığını bildirib. Yeni səfərbərlik Rusiyaya hansısa üstünlüklər verə bilərmi? Qısamüddətli üstünlüklər ola bilər. Lakin Rusiya tərəfi özü də kifayət qədər yaxşı bilir ki, təkcə canlı qüvvənin artırılması müharibədə dönüşə zəmanət vermir. Ukrayna isə Qərbin hərbi yardımı ilə hava hücumundan müdafiə, uzaqmənzilli silahlar, dronlar və kəşfiyyat imkanlarını hər keçən gün daha da gücləndirir. Məlumdur ki, bu gün Avropa İttifaqı tərəfindən əlavə hərbi yardım da ayrılıb. 6,1 milyard avro yeni hərbi yardımın ayrılması və Böyük Britaniyanın Ukraynanın uzaqmənzilli raket imkanlarının inkişafına dəstək verməsi Qərbin Kiyevə yardımının davam etdiyini göstərir. Buna görə müharibənin beşinci ilini görməsi tamamilə realdır. Tərəflərin siyasi mövqeləri də hələ ki, sülhdən çox uzaqdır. Düşünürəm ki, biz bu il ərzində də uzanan müharibə, paralel diplomatik təmaslar və tərəflərin danışıqlarda daha əlverişli mövqe qazanmaq üçün cəbhədə üstünlük əldə etməyə çalışmasına şahidlik edəcəyik”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR