Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Şimali Karolina ştatında təqaüdə çıxan keçmiş mexanik Vollis Simpsonun adi bir hobbisi illər sonra bütöv bir şəhərin iqtisadiyyatına təsir edən böyük layihəyə çevrildi.
Musavat.com xəbər verir ki, Simpson fermasında topladığı köhnə metal hissələrdən nəhəng, küləklə hərəkət edən heykəllər hazırlamağa başladı və zamanla bu əsərlər şəhərin əsas turizm simvollarından birinə çevrildi.
Vollis Simpson uzun illər kənd təsərrüfatı texnikalarının təmiri ilə məşğul olub. 60 yaşlarında təqaüdə çıxdıqdan sonra isə heç kimin gözləmədiyi yeni bir məşğuliyyətə başlayıb.
O, fermasında topladığı yol nişanları, velosiped hissələri və müxtəlif metal tullantılardan nəhəng kinetik heykəllər hazırlayırdı. Küləyin təsiri ilə hərəkət edən bu qeyri-adi konstruksiyalar qısa müddətdə böyük maraq doğurdu.
Simpsonun hazırladığı heykəllər internetin geniş yayılması ilə ABŞ-ın müxtəlif bölgələrində tanınmağa başladı. Lakin sənətçinin yaşlanması və əsərlərin zamanla köhnəlməsi Wilson şəhərində yaşayanları hərəkətə keçirdi.
Yerli hakimiyyət və ictimai təşkilatların əməkdaşlığı nəticəsində 2017-ci ilin noyabrında Vollis Simpson Whirligig Parkı istifadəyə verildi.
Parkda Simpsonun 30 nəhəng kinetik heykəli bərpa edilərək şəhər mərkəzində təxminən 2 hektar ərazidə nümayiş etdirilməyə başlandı.
Tullantı materiallarından hazırlanan əsərlər Wilson şəhər mərkəzinin simasını tamamilə dəyişdi. Bir vaxtlar sakit və diqqətdən kənarda qalan ərazi turistlərin əsas ziyarət məkanlarından birinə çevrildi.
Park layihəsi elan edilməzdən əvvəl ətrafdakı daşınmaz əmlakların ümumi dəyəri 49,8 milyon dollar təşkil edirdi. Sonrakı 10 il ərzində bu göstərici 36 faiz artaraq 67,7 milyon dollara çatdı.
Turistlərin sayı da sürətlə yüksəldi. 2019-cu ildə parkı təxminən 32 min nəfər ziyarət etdiyi halda, 2024-cü ildə bu rəqəm 194 300 nəfərə yüksəlib. Ziyarətçilərin demək olar ki, yarısını şəhər və bölgədən kənardan gələn turistlər təşkil edib.
Mövcud məlumatlara görə, parkın bölgə iqtisadiyyatına illik təsiri 5,3 milyon dollar təşkil edir. Bundan əlavə, park birbaşa 42 nəfərin işlə təmin olunmasına imkan yaradıb.
Vollis Simpson 2013-cü ildə vəfat etsə də, onun fermasında dəmir-dümürdən hazırladığı nəhəng heykəllər bu gün də yaşayır. Vaxtilə sadəcə bir təqaüdçünün hobbisi olan bu əsərlər indi həm böyük sənət parkına, həm də Wilson şəhərinin iqtisadiyyatına milyonlarla dollar gətirən turizm məkanına çevrilib.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ