İnsanlara hürriyət, millətlərə istiqlal!

600 bal da risk altındadır: Bu il bu ixtisaslarda keçid balları arta bilər

Avqustun 19-da abituriyentlər üçün ixtisas seçimi başa çatıb. Təxminən 90 minə yaxın abituriyent topladığı bala uyğun olaraq istədiyi ixtisasları seçib.

İndi isə əsas gözlənti seçimlərin nəticələri ilə bağlıdır. Abituriyentlər hansı ixtisasa qəbul olunacaqlarını səbirsizliklə gözləyirlər. Lakin hər il olduğu kimi, bu il də ixtisaslar üzrə keçid ballarında müəyyən dəyişikliklərin olacağı gözlənilir.

Maraqlıdır, bəs hansı ixtisaslarda keçid balları artacaq? Kimlərin qəbul şansı daha azdır?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə ekspert Elmin Nuri qeyd edib ki, ixtisas seçimlərində bəzi alt qruplarda bal artımı gözlənilir: “III qrupun TC alt qrupunda, yəni tarix-coğrafiya istiqamətində müsabiqə şərtləri daha ağırdır. Çünki burada, xüsusilə orta bal intervallarında rəqabət kifayət qədər yüksəkdir. Hətta həmin alt qrup üzrə balların 90 bala qədər artacağı gözlənilir.

III qrupun digər alt qrupu olan DT alt qrupunda isə bu artımın 20 bal civarında olacağı proqnozlaşdırılır.

Düzdür, bu, o demək deyil ki, bütün ixtisaslarda ballar 90 və ya 20 bal artacaq. Söhbət orta hesabla gözlənilən bal artımından gedir”.

Ekspert bildirib ki, I qrupun RK (riyaziyyat-kimya) alt qrupu hər il olduğu kimi bu il də öz stabilliyi ilə seçilir: “Lakin burada 150–200 bal aralığında rəqabətin ötən illə müqayisədə daha yüksək olacağı gözlənilir.

Rİ (riyaziyyat-informatika) alt qrupunda isə xüsusilə aşağı bal intervallarında — 200–300 və 300–400 bal aralığında 40 bala qədər artım olacağı proqnozlaşdırılır.

500–600 və 600–700 bal aralığında isə balların artması yox, müsabiqə şərtlərinin nisbətən yumşalması səbəbindən 10–12 bal aşağı düşməsi gözlənilir”.

Onun sözlərinə görə, eyni vəziyyət II və III qruplarda da yuxarı bal intervallarında müşahidə oluna bilər: “Yəni 500–600 bal aralığında 5–10 bal, 600–700 bal aralığında isə təxminən 10–12 bal azalma gözlənilir.

Yuxarı bal intervallarında ən yüksək rəqabət isə IV qrupda müşahidə olunur. Burada 600–700 bal intervalında yüksək nəticə göstərənlərin sayı rekord həddə çatıb. Belə ki, 600–700 bal aralığında 1212 nəfər nəticə göstərib.

Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 862 nəfər olub. Bu isə o deməkdir ki, bu il IV qrupda hətta 600 bal toplayan abituriyentlərin belə ixtisasa qəbul ola bilməməsi ehtimalı var” – deyə Elmin Nuri vurğulayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminin nəticələri növbəti həftə ərzində elan olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR