Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin San-Fransisko şəhərində (Kaliforniya ştatı) müəllimlərin tətili səbəbindən təxminən 50 min şagird dərslərdən məhrum olub.
Musavat.com xəbər verir ki, San-Fransisko Birləşmiş Məktəb Dairəsində maaşların artırılması, tibbi təminatın yaxşılaşdırılması və xüsusi ehtiyacı olan şagirdlər üçün əlavə resursların ayrılması tələbi ilə təxminən 6 min dövlət məktəbi müəllimi tətilə çıxıb.
Bunun nəticəsində 120 məktəb bağlanıb. Tətil artıq üçüncü gündür davam edir.
Bəzi valideynlər uşaqlarını günboyu məşğul edən məktəbdənkənar proqramlardan yararlanır, digərləri isə qohumların və tanışların köməyinə ümid edir.
San-Fransisko Birləşmiş Pedaqoqlar Təşkilatı ilə məktəb dairəsi artıq bir ilə yaxındır danışıqlar aparır. Müəllimlər ailə üzvləri üçün tam tibbi sığorta, maaş artımı və boş vakansiyaların doldurulmasını tələb edirlər. Bu məsələlər xüsusilə xüsusi təhsil və sosial xidmətlərə təsir göstərir.
Piketlərdə iştirak edən müəllimlər etiraf ediblər ki, tətil şagirdlər üçün çətindir, lakin məqsədləri uşaqların gələcəyi üçün daha sabit sistem yaratmaqdır.
Dairənin rəhbəri Mariya Su bildirib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Bunlara evsiz ailələrə dəstək, müəllimlər üçün süni intellekt üzrə təlimlər və AI alətlərinin düzgün istifadəsi daxildir. Lakin maaş artımı və tibbi təminat məsələlərində hələ razılaşma yoxdur.
Başlanğıcda həmkarlar ittifaqı iki il ərzində 9 faiz maaş artımı tələb edib. Onların fikrincə, bu, ölkənin ən bahalı şəhərlərindən biri olan San-Fransiskoda yaşayış xərclərini kompensasiya edə bilərdi.
Lakin hazırda 100 milyon dollar büdcə kəsiri ilə üzləşən və maliyyə böhranına görə ştatın nəzarətində olan dairə bu təklifi rədd edib. Əvəzində maaşların üç il ərzində 6 faiz artırılması təklif olunub.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ