Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması və ABŞ-İran müharibəsinin başa çatmasının Rusiyaya necə təsir edə biləcəyi müzakirə olunur. Bəzi iddialara görə, müqavilə bağlanacağı təqdirdə, Rusiyanı regional müstəvidə faydalı edən fövqəladə vəziyyəti ortadan qaldıracaq, lakin İrana güc verən presedenti qoruyub saxlayacaq.

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov isə Musavat.com-a bildirib ki, ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanmasında Rusiya prezidentinin oynadığı müsbət rolu Tramp da qeyd edib: “Görünür, prezident Putin hesab edib ki, İran müharibəsinin bitməsi Rusiyanın xeyrinə ola bilər. Ola bilərmi? Burada Rusiya üçün müsbət və mənfi hansı nəticələr mümkündür?
Rusiya Ukrayna müharibəsindən artıq yorulub və yekunlaşdırmaq istəyir. İqtisadiyyat ağır vəziyyətdədir, dövlət büdcəsinin kəsiri az qala 50 faizə çatmaq üzrədir, hərbi xərclər büdcənin təqribən yarısına yaxınlaşır. Rusiya bu yükü çəkə bilmir. Bu səbəbdən təbiidir ki, Trampın İran problemindən azad olub bütün gücünü Ukrayna müharibəsini yekunlaşdırmağa yönəltməsi Rusiyanın maraqlarına cavab verir. Üstəlik, İranla atəşkəsə nail olunmasında və İranın müəyyən qədər güzəştli mövqe tutmasında Rusiyanın rolunu nəzərə alıb yəqin ki, Tramp da Ukraynaya təzyiqləri artıracaq.
Yeri gəlmişkən, o, Putinə söz də vermişdi ki, həm Avropaya, həm də Ukraynaya müəyyən təzyiqlər göstərəcək. Çünki Rusiya hesab edir ki, müharibənin başa çatmamasının əsas günahkarı Ukrayna və onun arxasında duran Avropa ölkələridir. ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanması Putinin maraqlarına cavab verir. İranın azad olması, İranın ABŞ və İsraillə üzləşdiyi gərginlikdən çıxması imkan verir ki, Rusiyaya daha çox kömək eləsin. Bu da Rusiyanın maraqlarına cavab verir. Çünki indiki şəraitdə Rusiyanın cəmi bir neçə kömək edən dost dövlətləri var. Bunlar Şimali Koreya, İran və Çindir. Bu səbəbdən sülh istiqamətində İran və ABŞ-nin addımları Rusiyanın maraqlarına cavab verir”.
Ekspertin sözlərinə görə, ABŞ ilə İran arasında anlaşmanın baş tutmasının Rusiya üçün mənfi cəhəti ondan ibarətdir ki, neftin qiymətini aşağı salır: “Hörmüz boğazının bağlı olması neft qiymətlərinin qalxmasına gətirib çıxarmışdı. Nəticədə Rusiya daha çox neft və neft məhsulları sata və qazanc götürə bildi. İranla ABŞ-nin razılaşma memorandumunun imzalanmasından sonra qiymətlər də düşməyə başlayıb və Rusiya artıq İran müharibəsi aylarında olduğu qədər gəlir əldə edə bilməyəcək”.
Etibar Seyidağa,
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ