İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkətləri Azərbaycana gələcək – 5,3 milyardlıq MESAJ

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri müzakirə olunur. Gündəmdə təkcə ticarət və investisiya deyil, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik minerallar, sənaye, nəqliyyat və turizm kimi sahələr də var. Orta Dəhliz və TRIPP layihəsinin də müzakirə mövzusu olması əməkdaşlığın iqtisadi çərçivəsinin genişləndiyini göstərir.

Bəs bu istiqamətlərdən hansı Azərbaycan iqtisadiyyatı üçün real imkanlara çevrilə bilər? ABŞ investisiyalarının artması hansı sahələrdə yeni layihələr və iş yerləri yarada bilər?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:"Bu istiqamətlərin hamısı perspektivlidir. Amerika Birləşmiş Ştatlarının imkanları genişdir, dünyada aparıcı ölkədir və bütün istiqamətlərdə lider mövqeyə sahibdir. Buna görə də qeyd olunan sahələrin hər biri bizim üçün maraqlıdır və real imkanlara çevrilə bilər. Lakin bunların reallaşıb-reallaşmayacağı gələcəyin məsələsidir. Deyirlər ki, "kasıb itin adını gümüş qoyur". Keçirilən görüşlərdə və aparılan müzakirələrdə böyük bir dövlətin diqqət yetirməsi bizi şübhəsiz ki, sevindirir. Amma real olaraq hansı proseslərin baş verəcəyi və hansı addımların atılacağı çox vacib və maraqlıdır.

Bizim üçün en real imkanlardan biri TRIPP marşrutunun, yəni Zəngəzur dəhlizinin açılması ola bilər. Bu layihə ətrafında ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq yarana bilər. Çünki marşrutun nəzarəti, logistika mərkəzlərinin və anbarların tikilməsi, gömrük və rəqəmsallaşma məsələləri bizim üçün çox vacib istiqamətlərdir.

İkinci vacib istiqamət isə ənənəvi enerji sahəsidir. Bu günlərdə keçirilən Enerji Həftəsi çərçivəsində "Amoco" və "Exxon" kimi şirkətlərlə müqavilələr imzalandı. Neft və qaz yataqlarının kəşfiyyatı sahəsində ənənəvi əməkdaşlığımız var və hazırda bu əlaqələri genişləndirmək istiqamətində müvafiq sənədlər imzalanır".

Üçüncü istiqamətin rəqəmsal iqtisadiyyat və süni intellektin olduğunu vurğulayan iqtisadçı bildirib ki, ABŞ bu sahədə qabaqcıl ölkələrdəndir:" Məsələn, Ermənistanda "Nvidia" ilə əlaqəli şirkət 600 milyon dollarlıq investisiya qoyub. Bizim üçün də süni intellekt və data mərkəzlərinin açılması üzrə Amerika ilə birgə əməkdaşlıq vacibdir. Rəqəmsal infrastruktura Amerika şirkətlərini cəlb edə bilsək, bu çox müsbət nəticə verər.

Həmçinin qarşı tərəfin maraqlarını da nəzərə almalıyıq. Hazırda onlar nadir metallara — çiplərin, data mərkəzlərinin, akkumulyator və batareyaların istehsalında istifadə olunan kritik xammallara böyük maraq göstərirlər. Bu sahələrə, eləcə də mədənçilik sektoruna xarici investisiyaları cəlb etmək mümkündür. Artıq bu istiqamətdə 5,3 milyard manatlıq investisiya ehtiyacını əhatə edən müvafiq proqram da qəbul olunub. Ümumilikdə, son dövrlərdə ortaya çıxan əsas məsələlər və imkanlar bundan ibarətdir".

Afaq Mirayiq,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR