İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikalı “beyin adamı”...

Əvvəlcə deyim ki, belə təşəbbüslər nəinki yenidir, həm də çox faydalıdır. Amma inciməsinlər, bir növ məcazi mənada deyirəm, o qalıbdır, kimisə Nigeriyadan gətirsinlər ki, tanış olun, böyük “beyin adamı”dır!

İqrçilik, tamarzılıq kimi qəbul etməyin: nə dünyanı, nə əcnəbiləri görməyin tamarzısı deyilik, hansısa “tədbir”də iştirakçün də ölmürük.

Nəyi də olmasa, bir şeyi azı, keçmiş müxalifət seqmentimizin təcrübəsindən bilirik: təəssüf, çox şey “qaloçka” üçündür. O vaxt böyük qrantlar alınırdı, gəl, hamı uzağı bir “broşür” buraxar, ya da iki-üç dost-tanışı toplayıb formal “tədbir” keçirərdi, vəssəlam. Beynəlxalq təşkilatların təmsilçilərinin özləri bundan bezdikləriuni deyir, hətta lağ edərdilər, amma nədənsə, yenə də qrantları həmin adamlara verərdilər! 

Həvəsli-enerjili çağlarımızda hərdən müxalifətçi tərəfdaşlarımıza deyirdik ki, qardaşlar, bunun faydalı, daha effektiv formalarını axtarmaq olmazmı? Bir yolunu özümüz də göstərmişdik bizdən soruşan həmin o beynəlxalq təşkilatların təmsilçilərinə: televiziyaların potensialından da istifadə etmək lazımıdır...

İndi də, qoy, heç olmasa, beş-üç adam, xüsusən gənclər nəsə götürsün, kimlərləsə həqiqətən əlaqələr formalaşsın, siyasətə yaxın gənclərdə Dünyanın “siyasi mətbəxi”, iintellektual mənzərəsi, siyasətin harada və necə formalaması haqda təsəvvür yaransın.

Dünyada çox şey şəbəkələşibdir. Çox böyük siyasi-intellektual mərkəzlər var. Əvvəllər də olub onlar, məsələn, keçmişdə “Roma klubu”  vardı, qlobal problemləri araşdırardı. Sovetin könlünə yatanda adi adamlar da hərdən bundan nəsə eşidərdi - sadəcə, keçmiş misal kimi deyirəm. ABŞ-də respublikaçılara (“Heritage” fondu vardı, onun bir analitikinin yazılarını imkan düşəndə oxuyardıq) da, demokratlara da yaxın mərkəzlər, nə qədər fondlar var ki, az qala, bütün dünyada şəbəkləri mövcuddur, amma hamımız “Soros”dan başqasını tanımırıq!    

Bəzi incə məqamlar da var. “Konspiroloji nəzəriyyələr”dən, fərziyyələrdən zəhləm getsə də tamam inkar etmək mümkün olmayan özəllikləri də var qlobal dünyanın.

Bəlkə də müasir dünyada imperiya şüuru həqiqətən azalıb. Əvəzində başqa şey var. İndiyədək oxuduqlarımız, məhdud müşahidələrimiz bunu da deməyə sövq edir.

Dünyanın aparıcı, inkişaf etmiş dövlətlərinin insanlarının şüurunda imperiya olmasa da, “üstünlük şüuru” qalır və üzə vurmasalar da çoxu bizim kimi üçüncü-dördüncü dərəcəli ölkələrin adamlarına az qala, “ikinci sort millət” kimi baxırlar və hesab edirlər ki, bu millətlər onların yazdığı təlimatlarla yaşamalıdır.

Paradoks nədədir? Həmin  ölkələrin çoxunun intellektual elitasını demək olar, “üçüncü ölkələr”in insanları təşkil edir!

Necə başa düşək? “Üçüncü ölkə”lərin təkcə maddi resursları, işçi qüvvəsi istismar olunmur: ağıllılar-istedadlılar gedirlər inkişaf etmiş ölkələrə, bizə isə qalır mollalar, bir də aşıqlar-zurnaçılar.

O da narahat edir ki, “üçüncü ölkələr”in məmurlarının çoxu milli intellektual elitaların yaranmasında maraqlı deyillər. Düşünürlər ehtiyac yoxdur, zəruri olanda inkişaf etmiş ölkələrdən də dəvət edərlər.

Hansı neqativ nəticələri olar bunun? Düşünülmür, ya da çox az maraqlandırır. Bəlkə “Niyə bəzi millətlər irəlidədir, digərlərisə geridə?” sualının da cavabı buradadır?

Məsələn, sual olunur: “üçüncü ölkə”lərə çalışmağa çağırılan əcnəbi mütəxəssislərın doğrudanmı onlara canı yanır? Müstəqillik tariximiz böyük deyil, amma təcrübə var. Böyük iqtisadi layihələrimiz oldu, onları xarici şirkətlərlə, əcnəbi mütəxəssislərlə həyata keçirdik.

Adam nankor olmaz, xarici şirkətlər, onların mütəxəsisləri böyük kömək oldu bizə. Maddi, hətta siyasi dəstək yana, dana bilmərik ki, insanlarımız o mütəxəssislərdən çox şey öyrəndi.

Amma bir sual o təcrübəni təkrar-təkrar düşünən adamları rahat buraxmır: görən, bir manata görülə biləcək iş on manata başa gəlmədi?

Daha bir qeyd. Bəlkə qeyri-dəqiq, hətta qeyri-ciddi olacaq. Çünki təsdiqini tapmaq çətindir. Çalışsaq da bacarmarıq, sübut tapmarıq buna,  jurnalistin-politoloqun imkanı xaricindədir.

Söhbət nədən gedir? Sosialist düşərgəsi çökəndə böyük geosiyasi arealda, eləcə əsas nüvəsi Rusiyada mürəkkəb proseslər gedirdi.

Söhbət ondadır ki, nəzəri cəhətdən burada qeyri-adi şey də yoxdur, prinsipcə, hətta ola da bilərdi, çünki dünya göründüyündən mürəkkəbdir. 

Gəlirik əsas məqama. Yaxşı adam qonşusuna da Allahdan ruzi istər, amma həm də onu heç kimə, nəinki yaxın qonşusuna, heç qohumuna da möhtac etməməsini dilər. 

Daha bir detal. Zarafatla Afrikadan həm də ona görə başladım ki, birincisi, həqiqətən yaxınlarda digər üçüncü ölkənin bir xanımını  “beyin adamı” kimi təqdim edirdi telekanallarımızdan biri.

Buna da etirazımız yox, təcrübə mübadiləsi üçün lazımsa, qoy, olsun. Amma ötən ayların söhbətidir. Bir rusiyalı politoloq guya “bizim adamımız” olduğu üçün problemlər yaşayanda yenə də həmin sual keçdi beynimdən: əcəba, kimdir bu?

Biri var siyasətçi-lobbist, biri də var siyasi intellektual. Fərqlidirlər! Siyasətçi lobbist həqiqətən elə qapılar açar ki, bizim ağlımıza da gəlməz.

Siyasi intellektualsa, uzağı, haqqımızda ölkəsindəki, böyük adam (məsələn, keçmişdəki Bjezinski kimi) olsa, dünyadakı rəyi dəyişməyə çalışar, nəsə yazıb-pozar, lazım olsa, məsləhət də verər.

Prinsipcə, bu, da az deyil, amma öz intellektuallarımız da nəsə edə bilər axı. Heç olmasa, gələcək üçün nəzərə alınsın, belə gənclər də yetişdirilsin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR