Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan onunla yollarını ayırdığını açıqlayıb. O qeyd edib ki, sosial şəbəkədə və ictimai müzakirələrdə yayılan “vətəndaş nikahının başa çatması” ifadəsi rəsmi qaydada nikahın qeydiyyata alınması deyil, birgə yaşayışın dayandırılması mənasını daşıyır. Bu isə o deməkdir ki, Anna Akopyan Nikol Paşinyandan ayrılıb.
Ermənistanda hakimiyyətin taleyini həll edəcək parlament seçkilərinə 3 ay qaldığı bir vaxtda
Nikol Paşinyan və Anna Akopyan ayrılığı seçkilərə təsir edə, seçkidə baş nazirin ziyanına işləyə bilərmi?
Seçki texnoloqları hesab edir ki, Ermənistanda liderin şəxsi həyatı müəyyən seçici qrupları üçün önəmlidir. Paşinyan hakimiyyətə gəldiyi vaxtdan bəri Anna Akopyan ictimai-siyasi proseslərdə fəal görünürdü – aksiyalarda, səfərlərdə, sosial layihələrdə. Bu baxımdan onların münasibəti həm də siyasi simvol idi. İndi onların ayrılması ənənəvi seçicinin Paşinyana münasibətində tərəddüdlərə yol aça bilər. Eyni zamanda bu ayrılıq müxalifətə Paşinyana qarşı hücum üçün yeni arqument vermiş olacaq. Paşinyanın rəqibləri artıq “hakimiyyət daxilində böhran var, arvadı belə, Paşinyana əks düşərgəyə keçib” kimi təbliğata start veriblər.
Hazırkı vəziyyətdə bu ayrılıq Paşinyan üçün reputasiya zərbəsidir. Amma seçkinin nəticəsini dəyişəcək faktor deyil. Seçkinin taleyini daha çox, təhlükəsizlik gündəliyi, iqtisadi göstəricilər, müxalifətin vahid namizədlə çıxış edib-etməməsi, xarici siyasi proseslər müəyyən edəcək.
O da məlumdur ki, Ermənistan siyasətində emosional qalmaqallar tez yaranır və tez də sönür. Əgər yeni qalmaqallar və ya qarşılıqlı ittihamlar olmazsa, məsələ sürətlə gündəmdən çıxa bilər.
Bununla belə, ekspertlərin fikrincə, Anna Akopyanın Paşinyanla ailə münasibətlərini sonlandırmasından sonrakı dövrdə, xüsusilə seçkiyə yaxınlaşdıqca davranışları, hansı mövqeyi seçəcəyi də seçki prosesinə daha çox təsir göstərə bilər. Akopyanın Paşinyana qarşı siyasi mübarizəyə başlaması ehtimalı sıfıra yaxın olsa da “siyasətdə hər şey mümkündür” deyimi də tamamilə kənara qoyula bilməz.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ