Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tanınmış müğənnisi Alla Puqaçova təxminən 30 ildir sahib olduğu “Baronessa fon Orbax” əmtəə nişanı üzərində hüquqlarını itirib.
Musavat.com xəbər verir ki, 1990-cı illərdə Puqaçova keçmiş həyat yoldaşı Mikolas Orbakasın nəsil şəcərəsi vasitəsilə baronessa tituluna hüququ olduğunu təsdiqlətməyə çalışıb. Məlumata görə, Orbakasın əcdadları arasında litvalı baron fon Orbax olub. Lakin müğənni bu qohumluq əlaqəsini sübut edə bilməyib.
Bundan sonra Puqaçova zadəgan titulunun əvəzinə “Baronessa fon Orbax” adını brend kimi qeydiyyatdan keçirib. O, 1996-cı ildən bu əmtəə nişanına sahib olub.
“Baronessa fon Orbax” markası altında Puqaçova parfümeriya, alkoqollu içkilər və geyim məhsulları istehsal edə bilərdi.
Lakin avqustun 2-də əmtəə nişanının qeydiyyat müddəti başa çatıb. Puqaçova hüquqlarını uzatmaq üçün tələb olunan 22 min rubl (təxminən 490 manat) məbləğində rüsumu ödəyərək müvafiq ərizə təqdim etməyib.
Beləliklə, 1996-cı ildən davam edən “Baronessa fon Orbax” brendinin Puqaçova ilə bağlı təxminən 30 illik tarixçəsi başa çatıb.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ