Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyində Böyük Britaniya, Fransa və Almaniyanın səfirlərinin iştirakı ilə görüş baş tutub. Keçirilən son görüş diplomatik müstəvidə diqqət çəkib. Moskva tərəfindən gələn açıqlamalara görə, görüş tərəflərin xahişi ilə baş tutub və əsas müzakirə mövzusu Ukrayna münaqişəsi ətrafında formalaşan gərginlik olub. Rusiya tərəfi bu görüşdə Qərb ölkələrinin siyasətini “dağıdıcı” adlandıraraq, münaqişənin səbəblərinə dair öz mövqeyini qarşı tərəfə çatdırıb.
Eyni zamanda, Böyük Britaniya, Fransa və Almaniya kimi Ukraynaya açıq siyasi və hərbi dəstək verən üç aparıcı Avropa dövlətinin Moskva ilə bu formatda dialoqa getməsi bir sıra suallar doğurur. Görəsən, bu görüş sadəcə diplomatik mövqelərin sərtləşməsi fonunda informasiya mübadiləsi idi, yoxsa tərəflər arasında gərginliyin azaldılması üçün yeni kanalın açılması cəhdi? Qərb səfirlərini belə bir görüşə məcbur edən əsas amillər nə ola bilər? Bu təmaslar Ukrayna böhranının gələcək gedişatına hər hansı təsir göstərə bilərmi?
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-da məsələlərə bu cür aydınlıq gətirdi: "ABŞ vasitəçiliyi ilə baş tutan danışıqlar və ərsəyə gətirilən sülh planı Ukraynanın maraqlarını təmin etmədiyi üçün Zelenski Avropalı müttəfiqlərinin danışıqlara cəlb olunmasını istəyir və bu istiqamətdə çağırışlar edirdi. Çünki Putin Zelenski ilə görüşü rədd edir, lakin Avropa təmsilçilərini dinləmək səbrini diplomatik personalına həvalə edə bilərdi.
Beləcə, danışıqların müsbət nəticə verəcəyinə olduqca aşağı ümid içərisində E3 ölkələri, yəni Ukrayna məsələsində vahid Avropa mövqeyini təmsil etdiyini iddia edən aparıcı Avropa üçlüsü - Böyük Britaniya, Almaniya və Fransa səfirləri Kremldə qəbul edildi. Halbuki bu, heç də vahid Avropa mövqeyi də sayılmaz, məsələn Polşa bir tərəfdən danışıqlardan uzaq saxlanıldığına görə narazılığını bildirir, bir sıra Aİ dövlətləri Ukraynaya silah verilməsini dayandırmaq istəyini ifadə edir və müvafiq qərar alır, bu günlərdə.
Belə bir vəziyyətdə, Avropanın özündə tamamilə vahid mövqedən danışmaq mümkün deyil. Elə bu fonda da baş tutan danışıqların uğursuz olduğunu söyləmək olar. Danışıqlardan dərhal sonra Rusiya XİN və Prezident Aparatının nümayəndələri verdikləri açıqlamalarda danışıqları nəticəsiz adlandırıblar. İrəli sürülən 5 baza prinsip Rusiya tərəfindən qəbuledilməzdir.
Birincisi, hazırki təmas xəttinin danışıqlar üçün əsas təşkil etməsi Rusiya tərəfindən qəbul edilmir.
İkincisi, Rusiyanın Ukraynaya kompensasiya ödəməsinədək aktivlərinin azad olunmaması məsələsi Rusiyada sərt qarşılanır.
Üçüncüsü, Rusiya Avropanı müharibəni maliyyələşdirməkdə, Ukraynanı uzaqmənzilli raketlərlə təmin edərək müharibəni məkan və zaman baxımından uzatmaqda ittiham edir.
Dördüncüsü, Ukraynaya “təhlükəsizlik təminatları” Avropanın regionu daha da hərbiləşdirməsi cəhdi olaraq dəyərləndirilir və sülhə mane olduğu üçün Rusiya tərəfindən qətiyyətlə rədd edilir.
Beləliklə, Avropa üçlüsünün mövqeyi və təklifləri dəyişmədikcə, onların Ukrayna böhranının həllində hər hansı təsir gücünün olmayacağı aydındır. Avropanın real təsir gücü Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsiri ilə ölçülə bilər. Lakin yeni qlobal qütbləşmədə əks cəbhə yaradan dövlətlərdən biri olaraq Rusiya alternativlərlə bu gücü neytrallaşdırmağa çalışır".
Cavanşir Abbaslı
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ