Onlayn ictimai-siyasi qəzet
Venesuela rəhbərliyi ABŞ-ın vasitəçiliyi ilə müxalifətlə aparılan danışıqlar zamanı Amerika həbsxanasında olan sabiq prezident Nikolas Maduronun azad edilməsini bir dəfə də olsun tələb etməyərək, onu taleyin ümidinə buraxıb.
Musavat.com xəbər verir ki, bu barədə öz etibarlı mənbələrinə istinadən nüfuzlu "Financial Times" nəşri məlumat yayıb. Müxalifət nümayəndələrindən birinin sözlərinə görə, Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores faktiki olaraq danışıqlar masasında "mövcud deyillər".
Avqustun 6-da başlayan danışıqlarda hakimiyyət nümayəndə heyətinə parlamentin sədri Xorxe Rodriges, müxalifətə isə Milli Assambleyanın sabiq rəhbəri Dinora Fiqera başçılıq edir. Müxalifətin əsas lideri Mariya Korina Maçado isə bu prosesdə iştirak etmir. Məlumata görə, tərəflər ilk raunddan sonra məhkəmə islahatları, o cümlədən Ali Məhkəmə hakimlərinin təyinatı üzrə yeni mexanizmin yaradılması barədə ilkin razılığa gəliblər. Bununla yanaşı, İngiltərə Bankında dondurulmuş Venesuela qızıl ehtiyatlarının geri qaytarılması və zəlzələdən zərərçəkənlərə yardım üçün istifadə edilməsi istiqamətində birgə fəaliyyət də müzakirə mövzularındandır. Venesuelalı analitik Edvard Rodrigesin fikrincə, sabiq prezident Maduronun taleyi artıq tam həll edilib və hazırkı hakimiyyət ilk növbədə yalnız öz mövqelərini qoruyub saxlamağa köklənib.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ