Onlayn ictimai-siyasi qəzet
Qarabağdan Ermənistana köçən ailələrin uşaqları üçün nəzərdə tutulmuş məqsədli əmanətlərin geri qaytarılması ilə bağlı problem yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə yayılan açıqlamada bildirilib.
Məlumata görə, 2019-cu il yanvarın 1-dək Qarabağda doğulan üçüncü uşaq üçün nəzərdə tutulan 500 min dram, sonrakı uşaqlar üçün isə 700 min dram və daha yüksək məbləğdə vəsait “Artsaxbank”da əmanət şəklində yerləşdirilib. Bank uşaqlar 18 yaşına çatana qədər həmin vəsaitlərə faiz hesablayıb.
2023-cü il dekabrın 30-da Qarabağdakı separatçı qurumun “hökuməti” qərar qəbul edib ki, bu məqsədli müddətli əmanətlərin məbləği əmanətçiyə verilsin. Uşaq 18 yaşına çatmayıbsa, vəsaitin vaxtından əvvəl alınması barədə müraciət edən valideyn və ya qəyyum da pulu əldə edə bilər.
Lakin açıqlamada bildirilir ki, indiyədək “Artsaxbank” vətəndaşların heç bir müraciətini təmin etməyib.
Qarabağdakı keçmiş separatçı qurumun Ermənistandakı nümayəndəliyi də banka rəsmi sorğu göndərərək vəsaitlərin hansı hüquqi və faktiki əsaslarla geri qaytarılmadığının izah edilməsini istəyib. Bildirilir ki, bank həmin sorğuya da cavab verməyib.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ