İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-dan Paşinyana "qamçı və kökə"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistanda 7 iyun 2026-cı il parlament seçkiləri ilə bağlı təqdim etdiyi hesabat Nikol Paşinyan hakimiyyəti üçün ciddi suallar doğuran məqamları gündəmə gətirib. Sənəddə seçki prosesinin ümumilikdə təşkilatlanmış və rəqabətli olduğu bildirilsə də, eyni zamanda seçki kampaniyasının gedişində inzibati resurslardan istifadə, səs alveri, media qərəzliliyi, məhkəmə müdafiəsinin effektivliyində problemlər və müxalifətin parlament təmsilçiliyinə təsir edən qərarlar barədə narahatlıq ifadə olunur.

Musavat.com "Qolos Armeniya" ya istinadən xəbər verir ki, xsusilə diqqət çəkən məqam Mərkəzi Seçki Komissiyasının bir neçə seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etməsi ilə bağlıdır. AŞ PA bu qərarın müxalifət partiyasının parlamentdə təmsilçiliyinə həlledici təsir göstərdiyini qeyd edib. Assambleya həmçinin belə halların gələcəkdə qarşısının alınması üçün seçki qanunvericiliyində təcili institusional və hüquqi dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. Beləliklə, AŞ PA-nın sənədi Paşinyan hakimiyyətinin seçki prosesini tam problemsiz və demokratik standartlara uyğun təqdim edən ritorikasına birmənalı dəstək vermir. Əksinə, sənəddə hakimiyyətin seçki kampaniyası dövründə inzibati imkanlardan istifadəsi, dövlət sektorunda çalışanlara təzyiq iddiaları və seçki maliyyələşməsinə nəzarətdə çatışmazlıqlar xüsusi qeyd olunur.

Məsələnin digər tərəfi isə Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasındakı qarşıdurmadır. AŞ PA-da çıxış edən britaniyalı deputat Ser Edvard Li Ermənistan hakimiyyətini kilsənin fəaliyyətinə təzyiq göstərməkdə və onun daxili işlərinə müdaxilə etməkdə ittiham edən fikirlər səsləndirib. Li bildirib ki, Ermənistan Apostol Kilsəsi dövlət tərəfindən görünməmiş təhdidlə üzləşir. Bu, deputatın siyasi qiymətləndirməsidir və AŞ PA-nın seçki hesabatının ayrıca nəticəsi deyil.

AŞ PA-nın Ermənistan seçkiləri ilə bağlı hesabatından sonra sessiyada səslənən bəzi çıxışlar isə tamamilə başqa mənzərə yaradıb. Fransa deputatı Kristof Şayyu hesabatı yüksək qiymətləndirdikdən sonra Ermənistanla bağlı Kremlin “zərərli təxribatlarından” danışıb. Onun sözlərinə görə, Rusiya Ermənistanın seçki prosesinə müdaxilə edib və enerji amilindən istifadə etməklə İrəvana təzyiq göstərir. Şayyu hətta Rusiyanın Ermənistana təbii qaz tədarükünü dayandırdığını iddia edib.

"Qolos Armeniya" yazır: "Burada ciddi sual yaranır: əgər AŞ PA Ermənistan daxilində seçki prosesində problemləri, müxalifətə təzyiqi və institusional çatışmazlıqları qeyd edirsə, bütün bunların izahı niyə kənar qüvvələrin müdaxiləsinə bağlanmalıdır? Rusiyanın təzyiqi Mərkəzi Seçki Komissiyasının müəyyən seçki məntəqələrinin nəticələrini ləğv etməsinə necə təsir edib? Bu amil müxalifətə göstərilən təzyiqi və hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında yaranmış qarşıdurmanı necə izah edir? Bu yanaşma belə bir sualı da gündəmə gətirir: Avropanın məqsədi demokratik Ermənistan görməkdir, yoxsa geosiyasi baxımdan Avropaya yaxın Ermənistan? Çünki bu iki məsələ eyni deyil. Üstəlik, Ermənistan seçkiləri ərəfəsində Qərbin ölkədəki siyasi proseslərə münasibəti də diqqətdən kənarda qala bilməz. Seçkilərdən əvvəl Aİ-Ermənistan sammiti keçirilib, Avropa İttifaqı Ermənistanda hibrid təhdidlər, kibertəhdidlər və xarici informasiya müdaxiləsinə qarşı mübarizə məqsədilə xüsusi missiya göndərib. Eyni zamanda, AŞ PA-nın öz materiallarında Qərb tərəfdaşlarının Ermənistanın hazırkı hakimiyyətinə dəstəyinə dair qeydlər yer alıb. Bu kontekstdə Rusiyanın seçkilərə müdaxilə etdiyi barədə iddialarla bağlı başqa bir sual da ortaya çıxır. Əgər Moskvanın məqsədi Ermənistanın siyasi kursuna təsir göstərmək və müxalifəti hakimiyyətə gətirmək idisə, Rusiya ilə münasibətlərin qorunmasını müdafiə edən “Çiçəklənən Ermənistan” partiyasının parlamentdən kənarda qalması necə izah olunur? Məhz AŞ PA-nın hesabatında seçki nəticələrinin ləğvi ilə bağlı qərarın həmin partiyanın parlament təmsilçiliyinə təsir etdiyi qeyd olunur. Yəni bir tərəfdən Ermənistan seçkilərində xarici müdaxilə iddiaları səsləndirilir, digər tərəfdən isə seçki prosesinin daxilində baş verən və müxalifətin parlamentdə təmsilçiliyinə təsir edən problemlər AŞ PA-nın sənədində ayrıca əksini tapır".

Erməni nəşrinin yazdığı bu siyasətin adı isə "qamçı və kökə"dir. Çünki  AŞ PA-nın hesabatı Ermənistan daxilində demokratik institutların fəaliyyəti ilə bağlı problemləri qeyd edir, yəni hakimiyyəti "qamçılayır". Amma dərhal da bəzi avropalı siyasətçilərin çıxışlarında əsas diqqət Rusiyanın mümkün müdaxiləsinə yönəldilir, yəni b u dəfə Paşinyan hakimiyyəti "kökə" ilə "mükafatlandırılır". 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

08 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR