Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin payız sessiyası sentyabrın üçüncü on günlüyündə Strasburqda keçiriləcək. Hazırda AŞ PA-nın rəsmi təqvimində sessiyanın gündəliyi üzrə hazırlıq prosesi gedir.
Azərbaycanla bağlı əsas məsələ artıq iyun sessiyasında qəbul edilib. AŞ PA iyunun 24-də “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnaməni qəbul edib. Azərbaycan nümayəndə heyəti artıq 2025 və 2026-cı illərdə AŞ PA-nın işində iştirak etmir. Yəni payız sessiyasında Azərbaycan üzrə yeni qərar qəbulu gözlənilmir. Əsas məsələ AŞ PA-nın Azərbaycanla bağlı tələblərinin icrası və Bakı ilə münasibətlərin hansı istiqamətdə gedəcəyidir.
Gürcüstan üzrə vəziyyət fərqli deyil. AŞ PA son sessiyasında demokratik institutların fəaliyyətini müzakirə edib və qətnamə qəbul edib. Sənəddə ölkədə demokratiyanın geriləməsinin davam etdiyi bildirilib. Gürcüstan hakimiyyəti AŞ PA nümayəndə heyətini Strasburqa göndərmək niyyətində olmadığını bildirib. Tiflisin AŞ PA ilə faktiki qarşıdurmanı davam etdirməsi halında məsələ sadəcə qətnamə səviyyəsində qalmaya, Gürcüstanın AŞ PA qarşısındakı öhdəlikləri və nümayəndə heyətinin statusu ilə bağlı daha sərt addımların müzakirəsinə keçə bilər. Hazırkı rəsmi AŞ PA məlumatlarına əsasən, Ermənistanla bağlı payız sessiyasında əsas hadisə 7 iyun seçkilərinə veriləcək yekun qiymətin təqdim olunmasıdır. Qurumun seçki müşahidəsi səhifəsində açıq şəkildə göstərilir ki, Ermənistan parlament seçkiləri üzrə hesabat 28 sentyabr 2026-da Strasburqda təqdim ediləcək.
AŞ PA artıq Ermənistan üzrə monitorinq proseduru çərçivəsində işləyir və 2026-cı ilin əvvəlində qəbul etdiyi sənəddə siyasi opponentlərin həddindən artıq qütbləşdirilməsi və damğalanmasından narahatlığını bildirib. Sessiyada seçki hesabatı ilə yanaşı, seçkidən əvvəl və sonra müxalifətçilərə, fəallara və siyasi opponentlərə qarşı açılan cinayət işləri yekun hesabatda və monitorinq müzakirələrində ciddi yer tuta bilər.

Qulamhüseyn Əlibəyli
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, AŞ PA ilə Güney Qafqaz dövlətlərinin qarşılıqlı münasibətlərinə dair son iki ilin hadisələrinə baxdıqda maraqlı mənzərə yaranır: “Azərbaycan assambleyanın işində iştirak etmir. Gürcüstan da 2026-cı il üçün nümayəndə heyətinin etimadnaməsini təqdim etməyib və Strasburqla münasibətləri getdikcə daha açıq qarşıdurma xarakteri alır. Ermənistan nümayəndə heyəti isə AŞ PA-da fəaliyyət göstərməyə davam edir, öhdəliklərin monitorinqi, seçki müşahidəsi və siyasi tənqidin təsir dairəsində qalır. Beləliklə, eyni regionda AŞ PA ilə münasibətlərin üç fərqli modeli formalaşıb. Azərbaycan məsələsində AŞ PA-nın mövqeyi artıq kifayət qədər aydındır. AŞ PA iyunun 24-də "Azərbaycanda tənqidi səslərin susdurulması" adlı 2663 saylı qətnaməni qəbul edib. Assambleya insan hüquqları, media və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı son dərəcə sərt ittihamlar irəli sürüb, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını tələb edib və Milli Məclisi AŞ PA ilə dialoqu bərpa etməyə çağırıb.
Azərbaycan tərəfinin ümumi mövqeyi isə mahiyyətcə fərqlidir: Bakı insan hüquqları məsələlərinin siyasiləşdirildiyini, Azərbaycana qarşı ayrı-seçkiliyə və ikili standartlara əsaslanan münasibətin mövcud olduğunu bildirir. Bu yanaşma 2024-cü ildə Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ətrafında yaranmış böhranın da əsas siyasi səbəblərindən biri olmuşdu.
AŞ PA-nın işində iştirak etməsə də Azərbaycan Avropa Şurasının üzvü olaraq qalır. Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəlikləri də qüvvədədir. Buna görə Strasburqun Bakı üzərində hüquqi təsir imkanları tamamilə itməyib. Ancaq parlament diplomatiyası kanalı faktiki dondurulub".
Siyasi şərhçi Gürcüstanda vəziyyətin daha təhlükəli istiqamətdə inkişaf etdiyini də vurğuladı: “İyunun 24-də qəbul edilmiş 2664 saylı qətnamədə AŞ PA Gürcüstanda demokratik geriləmənin davam etdiyini bildirərək hakimiyyətə qarşı olduqca ağır siyasi formulalardan istifadə edib. Assambleya müxalifət partiyalarının qadağan edilməsi istiqamətində addımların davam etdiriləcəyi təqdirdə bunun faktiki olaraq birpartiyalı sistemin yaradılmasına gətirəcəyini və Avropa Şurasına üzvlüklə bir araya sığmadığını bildirib. Burada artıq söhbət Gürcüstanda hansısa konkret qanunun Avropa standartlarına uyğun olub-olmamasından çıxaraq ölkənin Avropa Şurası üzvlüyünün əsasını təşkil edən prinsiplərə toxunur. Beləliklə AŞPA-nın payız sessiyasında Azərbaycan və Gürcüstanla bağlı yeni qərardan daha çox əvvəlki qətnamələrin tələblərinin davamlı şəkildə gündəmdə saxlanılması gözlənilə bilər”.
Q.Əlibəyli Ermənistanla bağlı da məsələnin bir qədər fərqliliyinə toxundu: “Ermənistan Strasburqla institusional münasibətlərini qoruyur. Ermənilərin nümayəndə heyəti AŞ PA-da iştirak edir, ölkə monitorinq prosedurundadır və Avropa Şurasının mexanizmləri ilə əməkdaşlıq davam edir. Buna görə Ermənistanla münasibətlərdə əsas alət qarşıdurma deyil, siyasi təzyiqdirdir. Payız sessiyasının Güney Qafqaz dövlətləri ilə əlaqədar əsas hadisəsi Ermənistanda 7 iyun parlament seçkiləri üzrə müşahidə hesabatının sentyabrın 28-də təqdimatı olacaq. Qeyd etmək lazımdır ki, monitorinq altında olan üzv dövlətlərdə parlament seçkilərinin qiymətləndirilməsi AŞ PA-nın ənənəvi cari fəaliyyətidir. Belə qiymətləndirmə adətən ATƏT-in DTİHB, ATƏT PA, AŞPA və Avropa Parlamentinin birgə beynəlxalq seçki müşahidə missiyasının ilkin qiymətləndirilməsinə əsaslanır və daha çox məlumat xarakterli olur. Lakin bu məlumat ətrafında qısa müzakirələrin açılması, qətnamə layihələrinin irəli sürülməsi mümkündür. Ermənistanda 7 iyun parlament seçkilərinin müşahidə missiyası tərəfindən ilkin beynəlxalq qiymətləndirməsində ziddiyyətli məqamlar var. Bir tərəfdən seçicilərə real siyasi seçim imkanının verildiyi, seçkilərin peşəkar və yaxşı təşkil olunmuş şəkildə keçirildiyi qeyd edilir. Digər tərəfdən isə kampaniyanın yüksək qütbləşmə şəraitində keçdiyi, imkanların bərabər olmadığı, səslərin satın alınması barədə iddiaların mövcudluğu, ictimai televiziyanın hakim partiyanın xeyrinə açıq qərəz nümayiş etdirməsi və müxalifət namizədləri ilə fəallarına qarşı çoxsaylı cinayət işlərinin kampaniyaya çəkindirici təsiri kimi problemlər göstərilir. Hesab etmək olar ki, məhz bu sonuncu məsələ payız sessiyasındakı müzakirələrdə əhəmiyyətli ola bilər. Əgər yekun hesabatda cinayət təqiblərinin siyasi rəqabətə təsiri daha sərt ifadələrlə əks olunarsa, bu, Ermənistan üzrə gələcək monitorinq prosedurları üçün mühüm istinad nöqtəsinə çevrilə bilər”.
Cavanşir ABBASLI,
"Yeni Müsavat"
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ