İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA tərəfindən məsələnin o formada qoyulması kökündən yanlış idi –tanınmış vəkil

2024-cü il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməmək barədə qərar qəbul etdi. Bundan sonra Azərbaycan AŞPA ilə əlaqələri dayandırdı və Avropa Şurası institutları ilə münasibətlərdə yeni gərgin mərhələ başladı. Məsələnin hüquqi və siyasi nəticələri ilə bağlı tanınmış vəkil Cavad Cavadovla söhbət etdik.

-Cavad müəllim, AŞPA-nın 24 yanvar 2024-cü ildə qəbul etdiyi qərarı necə qiymətləndirirsiniz? Buna zərurət var idimi?

-Mən hesab edirəm ki, həmin vaxt məsələnin o formada qoyulması AŞPA tərəfindən kökündən yanlış idi. AŞPA qərarında iki əsas xətt bir araya gətirilmişdi: Azərbaycandakı insan hüquqları problemləri və Qarabağ erməniləri ilə bağlı irəli sürülən iddialar. Azərbaycanda insan hüquqları problemləri yeni deyildi, illərlə mövcud idi. Əgər məsələ sırf bu kontekstdə qoyulsaydı, Assambleya daha əvvəl də buna bənzər sərt addımlar ata bilərdi. Amma qərarın məhz Azərbaycanın uzun illərdən sonra öz ərazisi üzərində tam suverenliyini bərpa etdiyi dövrə təsadüf etməsi və Qarabağ erməniləri mövzusunun xüsusi qabardılması bu qərarı Azərbaycanda qərəzli addım kimi göstərdi.

-Yəni siz hesab edirsiniz ki, məsələ yalnız ölkə daxilində insan hüquqları vəziyyəti kontekstində qoyulsaydı, reaksiya daha fərqli olardı?

-Burada təkcə hökumətin reaksiyasından söhbət getmir. Söhbət ümumilikdə Azərbaycan cəmiyyətinin reaksiyasından gedir. İnsanlar və şəxsən mən haqlı olaraq soruşuruq: əgər problem sırf insan hüquqları idisə, bu qərar niyə əvvəl verilmirdi? Niyə məhz indi, niyə məhz bu kontekstdə? Bu sualın özü cəmiyyətin qərarı qavrayışına ciddi təsir göstərdi. Əgər məsələ yalnız daxili insan hüquqları vəziyyəti və demokratik öhdəliklər prizmasında qoyulsaydı, ən azı diplomatik yumşalma və dialoq imkanları qalardı. Qarabağ erməniləri mövzusunun buna əlavə olunması isə qərarı Azərbaycanda prinsipial siyasi məsələ kimi təqdim etdi.

-Təkcə Azərbaycanın daxilində insan hüquqları məsələsi kontekstində AŞPA bu qərarı qəbul etsəydi, Sizcə, hökumət hansı reaksiya göstərərdi?

-Mən düşünürəm ki, ən azından bu qərarın qəbul edilməsinin müəyyən güzəştlər və yumşamalarla qarşısını almaq mümkün olardı. Çünki insan hüquqları ilə bağlı tənqidlər əvvəllər də olub və bu sahədə hökumətlə Avropa Şurası arasında dialoq kanalları tam bağlanmamışdı. Lakin məsələnin məhz Qarabağ erməniləri rakursu ilə təqdim edilməsi buna imkan vermədi. Bu, artıq hüquqi yox, birbaşa siyasi və milli həssaslıq daşıyan məsələ kimi qəbul olundu.

-Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Bu durum Azərbaycana nə vəd edir?

-Bu vəziyyət uzandıqca Azərbaycan üçün institusional təcrid riski artır. AŞPA ilə münasibətlərin faktiki dondurulması yalnız parlament diplomatiyasının dayanması deyil, bütövlükdə Avropa Şurası sistemində siyasi dialoqun zəifləməsidir. Bu, təbii olaraq Avropa Məhkəməsinin qərarlarının icrası, Nazirlər Komitəsi ilə əməkdaşlıq və ümumən Avropa hüquq məkanında etimad məsələlərinə də təsir göstərir. Bu cür gərginlik davam etdikcə hüquqi problemlər də daha çox siyasi xarakter almağa başlayır.

-Artıq üçüncü ildir ki, Avropa Məhkəməsinin qərarları ilə bağlı ciddi problemlər yaşanır. Bu, Azərbaycanın ümumilikdə Avropa Şurasından çıxarılması ilə nəticələnə bilərmi?

-Nəzəri olaraq belə risk həmişə var. Əgər siyasi dialoq tam sıradan çıxsa, qarşılıqlı etimad bərpa olunmasa və böhran daha da dərinləşsə, məsələ daha ağır mərhələyə keçə bilər. Amma mən düşünmürəm ki, vəziyyət mütləq o həddə çatacaq. Hələ də siyasi və diplomatik imkanlar mövcuddur. Sadəcə həmin imkanlardan istifadə olunmalıdır. Bu məsələdə emosional yox, rasional və dövlət maraqlarına uyğun yanaşma vacibdir.

-Bəs bu durumdan çıxış yolunu nədə görürsünüz?

-Burada addım yalnız Azərbaycandan gözlənilməməlidir. Məncə, həm Azərbaycan tərəfi, həm də AŞPA müəyyən nəticələr çıxarmalıdır. Azərbaycan Avropa Şurası institutları ilə münasibətləri tam dalana dirəmək xəttindən uzaqlaşmalıdır. AŞPA isə etiraf etməlidir ki, qərarın iki fərqli kontekstin içində və siyasi həssaslıq nəzərə alınmadan verilməsi yanlış idi. Əgər doğrudan da normallaşma və dialoq istənilirsə, qarşı tərəf də bunun üçün siyasi iradə göstərməlidir.

-Sizcə, problem təkcə hüquqi deyil, həm də siyasi kommunikasiya problemidir?

-Tamamilə. Bu, sırf hüquqi məsələ deyil. Hüquqi elementləri var, amma böhranın özü siyasi və institusional etimad böhranıdır. Məhz buna görə çıxış yolu da yalnız hüquqi dildə yox, siyasi dialoq, qarşılıqlı düzəliş və diplomatik kanalların açılması ilə mümkündür. Əgər tərəflər bu vəziyyəti yalnız prinsip savaşı kimi davam etdirsələr, uduzan son nəticədə həm Azərbaycan, həm də ümumilikdə Avropa hüquq məkanı olacaq.


E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR