Onlayn ictimai-siyasi qəzet
İran cəbhəsində hərbi əməliyyyatlar yenidən bərpa oluna bilər. Özü də ABŞ-İsrail və cənub qonşumuz arasında əldə olunan atəşkəsin 2 ayı tamam olanda...
Son olaraq, İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi hədəflərə qarşı genişmiqyaslı hava əməliyyatı həyata keçirib. İran mediası və beynəlxalq agentliklərin məlumatına görə, paytaxt Tehranla yanaşı İsfahan, Kərəc və Təbriz şəhərlərində partlayış səsləri eşidilib.
İranla döyüşlərin ən azı bir neçə gün davam edəcəyini gözləyirik, hətta müharibənin yenidən tam şəkildə başlaması ehtimalı da var.
Bunu İsrail tərəfi açıqlayıb. Bildirilib ki, gecədən bəri indiyədək İran İsrailə ən azı 20 ballistik raket atıb: “Bu raketlər ya zərərsizləşdirilib, ya da açıq ərazilərə düşüb”.

İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) İsrailin "Nevatim" və "Tel Nof" hərbi hava bazalarına qarşı cavab tədbirləri çərçivəsində hücumlar həyata keçirdiyini açıqlayıb. SEPAH rəsmiləri bildiriblər ki, həyata keçirilən hücumlar ölkənin təhlükəsizliyinə qarşı atılan addımların qarşılığını vermək məqsədi güdür.
Göründüyü kimi, İran ətrafında vəziyyət hazırda Yaxın Şərqdə ən təhlükəli mərhələlərdən birinə daxil olub.
Hərbi əməliyyat 28 fevral-8 aprel aralığına olan zamana qayıda bilərmi?
Hazırda Hörmüz boğazında təhlükəsizlik problemi qalır və bu, dünya ticarətinə ciddi təsir göstərir. ABŞ qüvvələri bölgədə yüksək döyüş hazırlığında saxlanılır. Dəniz daşımalarında əsas problem Hörmüz boğazı və ətraf marşrutların təhlükəli hesab edilməsidir. Əvvəl 7 günə keçən gəmilər indi 100 günə keçir...
Bir çox şirkətlər riskdən yayınmaq üçün alternativ marşrutlardan istifadə edir, sığorta haqları kəskin artıb və logistika zəncirləri uzanıb. Bu səbəbdən bəzi yüklərin çatdırılma müddəti dəfələrlə artıb. ABŞ və müttəfiqləri boğazı açmağa çalışsalar da, problem tam həll olunmayıb. Böyük müharibə riski yüksək ehtimal kimi qalmaqdadır. Vaşinqtonun rəsmi xətti genişmiqyaslı yeni müharibədən qaçmaqdır, lakin bölgədə böyük hərbi qüvvə saxlanılır və hər an müdaxilə imkanları qorunur.

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirdi ki, İran və İsrailin qarşılıqlı hava zərbələri ABŞ İran arasında əldə olunan kövrək atəşkəsin uzun müddət davam etməyəcəyi barədə səslənən fikirləri təsdiqlədi: “Regionun köklü problemlərini həll etmədən ayrıca İran məsələsini çözmək mümkün deyil. Yaxın Şərqdə bu qarmaqarışıq və ziddiyyətlər zəncirvari bir- birlərinə bağlıdır. Tehran İsrailin Livana təcavüzkar müharibəsini dayandırmağı, hərbi əməliyyatlara son qoymağı danışıqlar prosesində də şərt olaraq ortaya qoymuşdu. Ancaq Təl Əviv buna əhəmiyyət vermədi. Hətta Trampın Netanyahunu xəbərdar etməsi də işə yaramadı. İsrail gərginliyi artıran müharibəyə təhrik edən addımlarını nəinki dayandırmadı, hətta daha da irəli getdi. Qarşılıqlı hava zərbələrinin endirilməsi yenidən Hörmüzlə bağlı durumu dramatikləşdirdi. Gəmilərin təhlükəsiz keçidini təhlükəyə atdı ki, bu da daşımaları çətinləşdirərək neftin bahalaşması ilə nəticələnəcək. Doğrudur, ABŞ-ın İsrail tərəfindən İrana hücum edəcəyi az ehtimal olunur. Tramp İsraili İranın raket zərbələrinə qarışıq verməməyə çağırsa da, bu çağırış eşidilmədi. Təl Əviv isə İranı qan gölünə döndərəcəyini bəyan etdi. Bir sıra şəhərləri hədəf aldı. Trampa müharibə lazım deyil. Ona görə də danışıqlara qayıtmağa İsraili məcbur etməyə çalışacaq. Zatən İsrail təkbaşına deyil. ABŞ-ın mövqeyini nəzərə almaq məcburiyyətindədir. SEPAH və radikal Netanyahu kabineti hələ də qarşılıqlı qisasçılıq ruhundadırlar ki, bu da hərbi toqquşmalara zaman-zaman rəvac verir. Məncə, hərbi əməliyyatların bərpası Vaşinqtonun indiki planlarında yoxdur. Körfəz ölkələri də müharibənin başlanmasını istəmirlər. Ona görə də bu hücumların uzun çəkəcəyi məncə gözlənilən deyil”.
Cavanşir ABBASLI
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ