İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım ildə 10 min BOŞANMA – Fəlakət, yoxsa...

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma və 9 776 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan və Qazax-Tovuz (4,0), Lənkəran-Astara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.

Son statistika göstərir ki, 6 ay ərzində 19 mindən çox nikaha girən varsa, yarısı qədər də boşanan var. Bu da demoqrafik problemə, əhalinin sayının artımına və digər problemlərə gələcəkdə yol açır.

Bu statistika niyə getdikcə artır? Boşanmalara təkcə maddiyyət səbəb olmamalıdır axı…

Əvvəlki illərin statistikasına nəzər saldıqda daha maraqlı mənzərə ortaya çıxır. Belə ki, 2022-ci ilin ilk 6 ayında 28 785 nikah və 7 531 boşanma qeydə alınmışdı. 2023-cü ildə nikahların sayı 24 146-ya düşdüyü halda, boşanmaların sayı 10 631-ə yüksəldi. 2024-cü ilin ilk yarısında 22 250 nikah və 10 430 boşanma, 2025-ci ildə isə 24 815 nikah və 10 350 boşanma qeydə alınıb. 2026-cı ilin ilk 6 ayında isə nikahların sayı 19 224, boşanmaların sayı 9 776 olub.

Beləliklə, 2022-ci illə müqayisədə 2026-cı ilin ilk yarısında nikahların sayı 9 561, yaxud təxminən 33 faiz azalıb. Boşanmaların sayı isə əksinə, həmin dövrlə müqayisədə 2 245 hal və ya təxminən 30 faiz çoxdur. Rəqəmlər başqa bir ciddi tendensiyanı göstərir: Azərbaycanda yeni ailələrin qurulması azalır, mövcud ailələrin dağılması isə kifayət qədər yüksək olaraq qalır.

Xüsusilə 2022-2023-cü illərdə boşanma statistikasında ciddi sıçrayış müşahidə olunub. 2022-ci ilin ilk yarısında 7 531 boşanma qeydə alındığı halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 10 631-ə çatıb. Sonrakı illərdə isə göstərici 10 min ətrafında sabitləşib. 2024-cü ildə 10 430, 2025-ci ildə 10 350, 2026-cı ildə isə 9 776 boşanma qeydə alınıb.

Deməli, “boşanmalar hər il artır” demək tam doğru deyil. Əsas problem boşanmaların 2023-cü ildən sonra azalmamasından daha çox, nikahların sürətlə azalmasıdır. Bu tendensiyanın demoqrafik nəticələri də diqqətdən kənarda qala bilməz. Nikahların azalması uzunmüddətli perspektivdə doğum göstəricilərinə də təsir edə bilər. Çünki ailələrin daha gec qurulması və ailə quran insanların sayının azalması potensial valideynlərin sayına və nəticə etibarilə doğumların səviyyəsinə təsir göstərir.

Məsələ bununla da bitmir. Əhalinin təbii artımının zəifləməsi, doğumların azalması və yaşlı əhalinin xüsusi çəkisinin yüksəlməsi Azərbaycanda qarşıdakı illərdə demoqrafik siyasəti daha da aktuallaşdıra bilər.

Bəs insanlar niyə evlənməkdən çəkinir? Gənclərin ailə qurmasına mənzil və maddi vəziyyət nə qədər təsir edir? Boşanmaların yüksək qalmasının əsas səbəbləri hansılardır? Müasir sosial dəyişikliklər Azərbaycan ailəsinə necə təsir göstərir?

Qısamüddətli gedişlər təhsil almaq üçündür"

Fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda ümumiyyətlə son onilliklərdə ailə institutunun ildən-ilə zəifləməsi müşahidə olunur. Ailə institutunun zəifləməsinə, ailə dəyərlərinin deqradasiyaya məruz qalmasına bir çox amillər təsir edir. Bu amillər sırasında boşanmalar da xüsusi qeyd olunmalıdır.

Əlimizdə olan statistik rəqəmlər belə bir fikir yürütməyə əsas verir ki, Azərbaycanda nikaha daxil olanların az qala yarısı boşanır. Bu, əlbəttə ki, çox ciddi və neqativ göstəricidir. Bu vəziyyət gələcəkdə ailə institutunun daha da zəifləməsini ehtimal etməyə əsas verir. Müasir Azərbaycan gəncləri arasında, çox təəssüf ki, yeni bir fikir, yeni bir tendensiya formalaşmaqdadır. Bir tərəfdən gənclər belə bir düşüncəyə sahib olublar ki, ailə həyatı qurmadan da insan yaşaya bilər. Yəni, insanın ailə qurması şərt deyil, bunsuz da həyat sürmək mümkündür.

Çox təəssüf ki, belə bir tendensiyanın müşahidə olunması ailə qurmağa meylin zəiflədiyini göstərən məqam kimi qeyd edilməlidir. Bunun ardınca ailə quranların da təxminən 50 faizi boşanmaya gedirsə, bu artıq çox təhlükəli bir tendensiyadan xəbər verir və gələcəkdə ölkə üçün çox böyük neqativ təsirləri ola bilər”.

Sosioloqa görə, boşanma problemi, ümumiyyətlə, ailə institutunu zəiflədən əsas amillərdən biri kimi qəbul edilir: “Eyni zamanda, ailə institutunun zəifləməsi və boşanmaların artması ölkənin demoqrafik inkişafına da birbaşa neqativ təsir edir. Boşanmaların konkret səbəblərinə gəldikdə isə burada müxtəlif amillər var: sosial-iqtisadi, sosial-psixoloji məsələlər, yoxsulluq, işsizlik və s. Eyni zamanda, düşüncə və yanaşma dəyişikliyi məsələsi də var.

Məsələn, müasir gənclər öz fərdi azadlıqlarını ailə məsuliyyətinə qurban vermək istəmirlər. Yəni, fərdi azadlıqlarını, rahat yaşam tərzlərini ailə qurub ailə məsuliyyətlərini üzərinə götürməklə müqayisədə daha üstün tuturlar. Belə bir meyl artıq müşahidə olunmaqdadır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR