İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İran müharibəsinə qoşulsa... – Tehranın TƏLAŞI 

İran Avropa ölkələrini müharibəyə qoşulmaqdan çəkinməyə çağırıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropanın müharibəyə qoşulmasınını mümkünlüyünə münasibət bildirərkən deyib.

“Bu, müharibə aktı olardı. İrana qarşı istənilən bu cür hərəkət təcavüzkarlarla əlbir olmaq kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə hesab ediləcək”, - Bəqayi xəbərdarlıq edib.

Avropanın müharibəyə qoşulması realdırmı? Qoşulması müharibənin miqyasını böyüdəcəkmi? İranın Avropa dövlətlərini asanlıqla vurmaq üçün real imkanları varmı?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Avropa ölkələrinin, xüsusilə NATO üzvlərinin birbaşa İranla müharibəyə qoşulması ehtimalı aşağıdır, amma tam istisna deyil:

“Çox təəssüf ki, İranla bağlı vəziyyət getdikcə mürəkkəbləşir. Eyni zamanda, Avropanın bəzi ölkələri İranı ittiham edərək, ABŞ-nin mövqeyini dəstəkləyir. Bütün Avropa ölkələrinin müharibəyə qoşulacağını ehtimal etmək mümkün deyil. Lakin bəzi dövlətlərin ABŞ-nin müttəfiqi olaraq dəstək verməsi mümkündür.

Məlumdur ki, Böyük Britaniya İranla müharibəyə müxtəlif yollarla kömək göstərir. Fransa və Almaniyanın da müharibəyə qoşulmaq ehtimalı istisna edilə bilməz. Hər şeyi zaman göstərəcək. Əgər Rusiya və Çin gələcəkdə İranı müdafiə edərək onun müharibə aparmaq potensialını qorumağa müvəffəq olarsa, Almaniya və Fransa, eləcə də Böyük Britaniyanın açıq şəkildə müharibəyə qoşulmaq ehtimalı yüksələcək. Bu isə region və qlobal miqyasda daha ciddi fəlakətlərə yol aça bilər. Avropa dövlətləri hazırda Ukrayna müharibəsində Rusiyaya qarşı ciddi resurs sərf edir, enerji təhlükəsizliyi problemi yaşayır və Yaxın Şərqdə genişmiqyaslı müharibədən çəkinir”.

Hərbi ekspertlər isə hesab edir ki, əgər Avropa ölkələri ABŞ ilə birlikdə hərbi əməliyyata qoşularsa münaqişə regional deyil, qlobal xarakter alar, Avropada terror riskləri arta, miqrant axını güclənə, enerji böhranı dərinləşə bilər. İran Avropanı vurmaq imkanlarına gəlincə, Tehranın 2000 km-ə qədər ballistik raketləri var, pilotsuz uçuş aparatları – “Şahed” tipli dronları mövcuddur. İranın kiberhücum potensialı da az deyil.

İran Avropa dövlətlərinin Körfəz ölkələrindəki səfirliklərini, obyektlərini daha asan vura bilər. Avropanın öz ərazisini birbaşa vurmaq texniki baxımdan İran üçün çox çətindir və NATO-nun hava müdafiə sistemləri bunu daha da çətinləşdirir. Odur ki, Bəqayinin bəyanatının məqsədinin Avropanı ABŞ ilə tam hərbi koordinasiyadan çəkindirmək, müharibəni regional saxlamaq, diplomatik manevr imkanlarını qorumaq, daxili auditoriyaya güc mesajı vermək olduğu deyilir.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR