İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından daha bir ANTİ-AZƏRBAYCAN ADDIM – Bakı niyə yada düşmədi...

Avropa İttifaqının Ermənistandakı nümayəndəsi Vasilis Maraqos Yeni il təbrikində Brüsselin İrəvana dəstəyini ifadə edib. Musavat.com yazır ki, avropalı səfir Aİ-nin Ermənistanın etibarlı tərəfdaşı olduğunu qeyd edib. Onun sözlərinə görə, tərəfdaşlıq ortaq dəyərlərə əsaslanır: demokratiya, qanunun aliliyi, insan hüquqları. O, Aİ-nin 2026-cı ildə də Ermənistanı dəstəkləməyə davam edəcəyini açıqlayıb.

Yada salaq ki, bu il Avropa İttifaqı ilə Ermənistan arasında "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədi imzalanıb. Rəsmi Bakı sənəddə yer alan təhriflərə etirazını bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, sənədin giriş hissəsində və bir sıra digər bölmələrində Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkədən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir”.
Bundan əlavə, Ermənistandakı Avropa İttifaqının (Aİ) Monitorinq Missiyası təmtəraqlı bəyanat verib: “Bölgədə sülh və təhlükəsizliyi dəstəkləməyə sadiq qalmaqdan qürur duyuruq. Missiyamız Ermənistan və Azərbaycan sərhədində fasiləsiz, 24/7 monitorinq aparır. Sabitliyi təşviq etmək, etimad yaratmaq və Ermənistan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hazırlığımızı və qətiyyətimizi bir daha təsdiqləyirik”, - bəyanatda deyilir. 

Eurօpe Day 2025 Message frօm EU Ambassador Vassilis Maragos

Aİ missiyası Ermənistanda 2022-ci ilin payızında, Ermənistan-Azərbaycan sərhədində gərginliyin daha da artması fonunda yaradılıb. Əldə edilən razılaşmalardan sonra Aİ ilk məhdud müşahidəçi qrupunu bölgəyə göndərib. Lakin müvəqqəti missiya tez bir zamanda daha mütəşəkkil dəstəyə çevrilib. 2023-cü ildə Aİ uzunmüddətli iştirak barədə qərar verdi və 2025-ci ilin əvvəlində missiyanın mandatı rəsmi olaraq 2027-ci ilin fevralına qədər uzadılıb.
İndi isə Aİ İrəvandakı səfirinin dili ilə Ermənistana daha bir dəstəyini ifadə edir, lakin nədənsə oxşar bəyanat Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçdən gəlməyib. Bu da Qərbin ən böyük siyasi-iqtisadi birliyinin işğalçı ilə işğala məruz qalan tərəf arasında qoyduğu fərqdir. Aydındır ki, Aİ Ermənistana bu dəstəyi onu Rusiyadan qoparmağa, öz orbitinə çəkməyə hesablanıb.

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar

Fəqət, heç də bu strateji addımlar atılarkən ədalətsizliyə yol verilməli deyil. Yəni əgər hədəf Qərbin Cənubi Qafqazda təsirlərini gücləndirmək və Rusiyanı bölgədən çıxdaş etməkdirsə, o halda, Maraqosun ölkəmizdəki həmkarı Kuyundziç də Bakıya münasibətdə eyni mövqe sərgiləməli idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir dövlətin vassalı və təbəəsi deyil. Əksinə, Bakı İrəvanla müqayisədə Moskvadan xeyli uzaqlaşıb və bu gün də münasibətlər sərindir. Bu gün təyyarəsi Rusiya tərəfindən vurulan Ermənistan deyil, Azərbaycandır. Bu gün lideri MDB sammitinə getməkdən imtina edən, həmvətənləri Yekaterinburqda öldürülən, deputatı deportasiya edilən, diaspor rəhbərləri təzyiqə məruz qalan və həbs olunan Ermənistan yox, Azərbaycandır. Bu mənada, Avropa İttifaqı Ermənistana göstərdiyi diqqəti və həssaslığı Azərbaycana daha çox ayırmalıdır. Di gəl, Qərb işğal dövründə olduğu kimi, postmünaqişə dönəmində də Ermənistanı “tumarlayır”...


Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR