Onlayn ictimai-siyasi qəzet
Avropada gecə yuxusu üçün ən yaxşı və ən pis şəhərlərin reytinqi açıqlanıb. Lakin gecə saatlarında Rusiya hücumlarına məruz qalan Kiyev və digər Ukrayna şəhərləri bu siyahıya daxil edilməyib.
Musavat.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Araşdırmaya görə, gecə yuxusu üçün ən əlverişsiz şəhərlər arasında Praqa, Varşava və Barselona yer alıb.
Britaniya nəşrinin yazdığına görə, “European Sleep Index 2026” (Avropa Yuxu İndeksi 2026) adlı reytinq 25 Avropa şəhərində istirahət şəraitini təhlil edərək harada rahat yatmağın daha asan, harada isə çətin olduğunu müəyyən edib. Qısa səfərlər zamanı turistlərin sakit gecə keçirə biləcəyi şəhərlər də ayrıca qiymətləndirilib.
Tədqiqat zamanı gecə istirahətinə birbaşa təsir edən ekoloji və davranış faktorları nəzərə alınıb. Bunlara səs-küy səviyyəsi, işıq çirklənməsi, havanın keyfiyyəti, siqaret və alkoqol istifadəsinin yayılması, həmçinin şəhər sakinləri və qonaqlarının orta yuxu müddəti daxildir. Şəhərin ölçüsünün isə həlledici faktor olmadığı qeyd olunub.
Nəticələrə görə, ən zəif göstəricilər Praqada qeydə alınıb. Onu Varşava və Barselona izləyir. Bu şəhərlərdə gecə səs-küyünün yüksək olması, gec saatlara qədər işləyən əyləncə məkanlarının çoxluğu və intensiv nəqliyyat axını əsas səbəblər kimi göstərilir.
Praqa yüksək alkoqol istehlakı, siqaret çəkənlərin çoxluğu və araşdırılan şəhərlər arasında ən yüksək səs çirklənməsi göstəricilərindən birinə malik olması səbəbilə aşağı qiymət alıb.
Siyahıda üçüncü olan Barselonada isə 25 şəhər arasında ən yüksək səs-küy səviyyəsi qeydə alınıb. Buna güclü turist axını, aktiv gecə həyatı və sıx yaşayış tikililəri səbəb göstərilir.
Reytinqə görə, Avropada gecə yuxusu üçün ən əlverişli şəhər İsveçrənin Sürix şəhəri seçilib. İlk üçlüyə həmçinin Amsterdam və Stokholm daxil olub. Bu şəhərlər aşağı səs-küy səviyyəsi və gecə fəaliyyətinin effektiv tənzimlənməsi ilə fərqlənib.
Sürixdə işıq çirklənməsi aşağı, havanın keyfiyyəti isə nisbətən qənaətbəxş hesab olunur. Amsterdam və Stokholmda isə səs-küyün azaldılması məqsədilə şəhərsalma tədbirləri (yaşıl zonaların yaradılması və nəqliyyat axınının planlı idarə olunması) aktiv şəkildə tətbiq edilir.
Araşdırmanı aparan ”Coway Europe” şirkətinin icraçı direktoru Rodni Ryu bildirib ki, bir çox turist böyük şəhərlərə səfər zamanı pis yuxunu qaçılmaz hesab edir. Lakin tədqiqat nəticələri göstərir ki, bəzi istiqamətlər gecə şəraitini daha effektiv idarə edir.
Onun sözlərinə görə, səs-küy səviyyəsi və hava keyfiyyəti, şəhərdə daimi yaşamasından və ya sadəcə bir neçə günlük səfər etməsindən asılı olmayaraq, insanın nə qədər yaxşı yatmasına birbaşa təsir göstərir. Bu səbəbdən pis yuxu şəhər turizminin qaçılmaz hissəsi deyil, səs-küyə, hava keyfiyyətinə və gecə planlaşdırılmasına ciddi yanaşan şəhərlər həm sakinlər, həm də turistlər üçün daha rahat mühit yaradır.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ