Onlayn ictimai-siyasi qəzet
ABŞ-da ölüm hökmünün tətbiqinin yenidən artması dünyada bu cəzanın gələcəyi ilə bağlı mübahisəni aktuallaşdırıb. Ötən gün ABŞ-ın 3 ştatında 3 məhbusun edamının planlaşdırılması fonunda əsas sual yenidən ortaya çıxır - ağır cinayət törətmiş şəxsin həyatına dövlət tərəfindən son qoyulması nə dərəcədə məqbuldur?
Azərbaycan bu suala çoxdan cavab verib. Ölkəmiz 1998-ci ildə ölüm hökmünü ləğv edib və onu ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləyib. Avropanın demək olar ki, bütün ölkələri də ölüm hökmündən imtina edib. Bunun əsas səbəbləri cəzanın geri dönməzliyi, məhkəmə səhvləri və insan həyatının dövlət tərəfindən qəsdən sona çatdırılmasının müasir hüquq prinsiplərinə zidd hesab edilməsidir.
ABŞ isə Qərb dünyasında istisna olaraq qalır. 50 ştatın 27-də ölüm hökmü qanunvericilikdə mövcuddur. Bəzi ştatlarda icra dayandırılsa da, xüsusilə Florida ölüm hökmünün tətbiqində önə çıxır. 2025-ci ildə ABŞ-da 47 edam həyata keçirilib. Bu, 2024-cü ildəki 25 edamdan təxminən iki dəfə çoxdur. 2026-cı ilin ilk yarısından sonra isə 19 edamın 12-si Floridada həyata keçirilib. Ekspertlər bunu Florida qubernatoru Ron DeSantisin ölüm hökmünü asanlaşdıran siyasəti ilə əlaqələndirirlər. Ştatda ölüm hökmü tövsiyəsi üçün tələb olunan münsif səsi də 2023-cü ildə 12-dən 8-ə endirilib.

ABŞ prezidenti Donald Tramp uzun illərdir ölüm hökmünün tərəfdarıdır. Onun ilk prezidentliyi dövründə federal səviyyədə uzunmüddətli moratorium aradan qaldırılıb və 2020-ci ildə 13 federal edam həyata keçirilibCo Baydenin prezidentliyi dövründə federal edamlar dayandırıldı. Tramp isə ikinci prezidentlik müddətinin ilk günündə ölüm hökmünün genişləndirilməsinə yönəlmiş sərəncam imzaladı. Bununla belə, sərəncamdan sonra federal səviyyədə yeni edam həyata keçirilməyib. ABŞ-da əsas dinamika ştatların siyasətindən asılı olaraq formalaşır. Tennessi, Alabama və Oklahoma ştatlarında üç məhbusun edamı gerçəkləşib.
Ağır cinayətlər ölüm hökmünün tərəfdarlarının arqumentlərini gücləndirir. Əleyhdarlar isə başqa sual verir ki, ədalət naminə dövlətin insan həyatına son qoyması doğrudurmu?
Maraqlıdır ki, ABŞ-da edamların artmasına baxmayaraq, ölüm hökmünə ictimai dəstək əvvəlki səviyyədə deyil.
"Gallup" sorğularına əsasən, amerikalıların təxminən 52 faizi ölüm hökmünü mənəvi baxımdan məqbul hesab edir. Bu, 1970-ci illərdən bəri ən aşağı göstəricilərdən biridir. Deməli, ABŞ cəmiyyətində də ölüm hökmünə münasibət getdikcə ehtiyatlılaşır.

Ölüm hökmünə qarşı əsas arqumentlərdən biri məhkəmə səhvi riskidir. Ömürlük həbsə məhkum edilmiş günahsız insan sonradan bəraət ala bilər. Edam edilmiş insanı isə geri qaytarmaq mümkün deyil. Digər mübahisəli məsələ isə ölüm hökmünün cinayətlərin qarşısının alınmasında nə dərəcədə effektiv olmasıdır. Bu cəzanın cinayətkarlığı digər ağır cəzalardan daha çox azaltdığını qəti şəkildə sübut edən vahid elmi nəticə yoxdur.
Azərbaycanın 1998-ci ildə ölüm hökmünü ləğv etməsi ölkənin hüquq sisteminin humanistləşdirilməsi və Avropa hüquq standartlarına yaxınlaşması baxımından mühüm addım oldu. Bu gün ölkəmizdə ağır cinayətlərə görə ömürlük həbs kimi sərt cəzalar mövcuddur. Lakin dövlət insan həyatına son qoymağı cəza vasitəsi kimi tətbiq etmir.
ABŞ isə hələ də bu məsələdə ikili vəziyyətdədir: bir tərəfdən bəzi ştatlarda edamların sayı artır, digər tərəfdən isə cəmiyyət və münsiflər heyətləri ölüm hökmünə əvvəlkindən daha ehtiyatlı yanaşırlar. Nəticədə əsas sual yenə də açıq qalır - dövlət ən ağır cinayəti törədən insanı cəzalandıra bilər, amma onun həyatına son qoymaq hüququna malikdirmi? Dünyanın böyük hissəsi artıq buna “xeyr” cavabını verib. ABŞ-da isə mübahisə hələ davam edir.
E.Məmmədəliyev,
Musavat.com
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ