Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Qırğızıstan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakı-Bişkek əməkdaşlığı son illərdə ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, bütövlükdə Türk dünyasında inteqrasiya proseslərinin ən uğurlu nümunələrindən biridir”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputat qeyd edib ki, ortaq tarix, dil və mədəniyyət üzərində qurulan münasibətlər bu gün siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın bütün istiqamətlərini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq modelinə çevrilib:
“Bu inkişafın əsasında ilk növbədə iki ölkə rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradə dayanır. Prezident İlham Əliyev və Sadır Japarov arasında formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlər dövlətlərarası əməkdaşlığa yeni dinamika gətirib. Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi, Dövlətlərarası Şuranın fəaliyyəti və imzalanan çoxsaylı sənədlər göstərir ki, Bakı ilə Bişkek münasibətləri sürətlə inkişaf etməkdədir. Azərbaycan xarici siyasətində, xüsusilə Türk dövlətləri ilə münasibətləri ardıcıl olaraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltməkdədir. Bu yanaşma həm regional inteqrasiyanı gücləndirir, həm də Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın geosiyasi çəkisinin artması, Orta Dəhlizin inkişafında aparıcı rol oynaması və Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələyə çıxarıb. İqtisadi əməkdaşlıq da siyasi dialoqun davamıdır. Qarşılıqlı investisiyalar artır, Azərbaycan-Qırğız İnkişaf Fondu yeni layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır, biznes dairələri arasında əlaqələr genişlənir. Bu gün iki ölkə birgə investisiya layihələrinin iştirakçıları kimi çıxış edirlər. Bu isə münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradır”.
Nigar Məmmədova vurğulayıb ki, nəqliyyat-logistika istiqamətində əməkdaşlıq daha geniş regional əhəmiyyət daşıyır:
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və multimodal yükdaşımaları üzrə həyata keçirilən layihələr Azərbaycan ilə Qırğızıstanı Avrasiya nəqliyyat sisteminin mühüm halqalarına çevirir. Azərbaycanın müasir liman və dəmir yolu infrastrukturu Qırğızıstan üçün Qərb bazarlarına çıxış imkanlarını genişləndirir, Qırğızıstan da Mərkəzi Asiyaya açılan etibarlı tərəfdaş rolunu gücləndirir. Yeri gəlmişkən, Qırğızıstan Qarabağın bərpası prosesinə dəstək verən dost ölkələr sırasındadır. Qırğızıstanın Ağdamın Xıdırlı kəndində məktəb tikintisinə verdiyi dəstək, Bişkekdə Azərbaycan tərəfindən həyata keçirilən sosial layihələr də göstərir ki, əməkdaşlıq xalqlar arasında tarixi bağlılıq real layihələr vasitəsilə daha da möhkəmlənir. Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın bugünkü səviyyəsi uzunmüddətli siyasi strategiyanın, qarşılıqlı etimadın və ortaq gələcək baxışının nəticəsidir”.
Nigar Həsənli
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ