İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın dostu Nazarbayevin elə sirlərini açdı ki...-18 il “diplomatik sürgündə”

 

Nazarbayev Azərbaycanın da yaxın dostu olan şair, ictimai xadim, diplomat və beynəlxalq antinüvə hərəkatının liderini hakimiyyət üçün təhlükə hesab edib

 

Qazaxıstanın böyük şairi, diplomat və antinüvə hərəkatının lideri kimi tanına, Azərbaycanın da yaxın dostu olan Oljas Süleymenovun “Novaya qazeta”da dərc olunan xatirələri onun Nursultan Nazarbayev hakimiyyəti ilə gərgin olan münasibətlərini ortaya qoyur.

Musavat.com xəbər verir ki, Süleymenovun yazdıqlarına görə, onun 18 il davam edən diplomatik fəaliyyəti adi diplomatik xidmət deyil, müəyyən mənada “diplomatik sürgün” olub. 1995-ci ildə İtaliyaya səfir göndərilən Oljas Süleymenov 2001-ci ildə Romadakı missiyasını başa vurduqdan sonra Qazaxıstana qayıtmayıb. Onun qarşısında Parisdə – UNESCO yanında Qazaxıstanın daimi nümayəndəsi kimi 12 illik fəaliyyət dövrü açılıb. Məhz UNESCO-da işlədiyi illər Oljas Süleymenovun diplomatik karyerasının ən mühüm mərhələlərindən birinə çevrilib.
Süleymenovun xatirələrində ən diqqətçəkən məqam Nazarbayevin adına UNESCO sülh mükafatı yaratmaq təşəbbüsüdür. Onun sözlərinə görə, Prezident Administrasiyasından UNESCO rəhbərliyi ilə bu məsələdə razılıq əldə etmək tapşırığı gəlib. Nazarbayev mükafatın maliyyələşdirilməsi üçün hər il bir milyon dollar ayırmağa hazır idi. Lakin bir şərt vardı: mükafat Nursultan Nazarbayevin adını daşımalı idi. Süleymenov bu təklifi İrina Bokovaya çatdırıb. UNESCO rəhbərliyi isə təşəbbüsü qəbul etməməyi məsləhət görüb. Beləliklə, Qazaxıstan prezidentinin adını beynəlxalq sülh mükafatı ilə bağlamaq planı baş tutmayıb. Bu hadisə Süleymenovun xatirələrində əsas siyasi xəttin başlanğıcıdır: onun fikrincə, Nazarbayev dövlətin beynəlxalq nüfuzundan əlavə, özünün şəxsi qlobal imicini də gücləndirməyə çalışırdı.
Олжас Сулейменов с председателем Национальной Комиссии по делам ЮНЕСКО Имангали Тасмагамбетовым (справа) и Валерием Толмачевым, советником Постоянного Представительства Казахстана при ЮНЕСКО (слева). Фото из архива автораMükafat məsələsindən sonra daha bir tapşırıq ortaya çıxıb. Bu dəfə Süleymenovdan Darıqa Nazarbayevanın UNESCO-nun xoşməramlı səfiri statusuna layiq görülməsinə nail olmaq istənilib.Süleymenov isə belə bir statusun adətən dünya səviyyəli sənətçilərə, idmançılara və böyük xeyriyyəçilərə verildiyini bildirib və Darıqa Nazarayevanın bu status üçün əsaslandırılmasının çətin olduğunu deyib.Təklif qəbul edilməyib.
Bunun ardınca baş verən hadisə isə Süleymenovun xatirələrində xüsusi simvolik məna daşıyır.Londonda keçirilən Olimpiadada Qazaxıstana yeganə qızıl medalı qazandıran boksçu Serik Sapıyev UNESCO-nun xoşməramlı səfiri elan edilib. Süleymenov özü Sapıyevin bu statusa layiq olduğunu vurğulayır. Onun sözlərinə görə, idmançının gəncləri idmana cəlb etmək missiyası ilə UNESCO səfiri seçilməsi tamamilə məntiqli qərar idi. Amma həmin gün Oljas Süleymenovun diplomatik karyerasının sonu gəlib.
Süleymenovun yazdığına görə, Sapıyevin UNESCO-da xoşməramlı səfir elan edildiyi gün ona Qazaxıstanın UNESCO yanında Daimi Nümayəndəliyinin bağlanması və vəzifəsinin ixtisar edilməsi barədə fərman göndərilib. Başqa sözlə, Qazaxıstanın beynəlxalq uğurunun qeyd edildiyi həmin gün ölkənin UNESCO-dakı ən tanınmış diplomatlarından biri işsiz qalıb.
Süleymenov bu hadisələrin arxasında Nazarbayevin Nobel Sülh mükafatına olan ambisiyalarının dayandığını düşünür. Onun yazdığına görə, Nazarbayev özünü Semipalatinsk nüvə poliqonunun bağlanmasına nail olmuş lider kimi təqdim edir və Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsinə dəfələrlə çalışıb.

Onun sözlərinə görə, Fransa prezidenti Fransua Mitteran Almatıya qısa səfəri zamanı Oljas Süleymenovu antinüvə fəaliyyətinə görə Fransanın ən yüksək mükafatlarından biri ilə təltif etmək niyyətində olub. Lakin Mitteranın Almatıya gəlişi zamanı Süleymenovun ölkədə olmadığı bildirilib.Fransa prezidenti ordeni onun üçün saxlayıb və Pekinə yola düşüb. Süleymenov isə ordenin ona çatdırılmadığını yazır.Daha sonra Fransa səfirinin geri çağırılması da bu hadisə ilə əlaqələndirilir. Ən maraqlısı isə odur ki, Süleymenov bu mükafatı nəhayət, 30 il sonra alıb. Fransa Prezidenti Emmanuel Makron onu Fəxri Legion ordeninin zabit dərəcəsi ilə təltif edib.Beləliklə, Süleymenovun sözlərinə görə, vaxtilə onun əlindən çıxan beynəlxalq mükafat illər sonra yenidən sahibinə qayıdıb.
Oljas Süleymenovun xatirələrindən çıxan əsas nəticə budur: məsələ sadəcə bir diplomatın vəzifədən çıxarılması deyildi. Süleymenov şair, ictimai xadim, diplomat və beynəlxalq antinüvə hərəkatının lideri kimi ölkənin sərhədlərini aşan şəxsi nüfuza sahib idi. Belə şəxslərin mövcudluğu uzunmüddətli və şəxsiləşmiş hakimiyyət sistemlərində potensial problem yarada bilər.Çünki burada dövlətin nüfuzu ilə hakimiyyət sahibinin şəxsi nüfuzu arasında rəqabət yaranır.
Süleymenovun yazdığına görə, Nazarbayev Qazaxıstanın beynəlxalq uğurlarının öz hakimiyyətinin və şəxsi siyasi irsinin bir hissəsinə çevrilməsini istəyirdi.UNESCO isə bunun üçün ən əlverişli platformalardan biri idi.Nüfuzlu beynəlxalq təşkilatın mükafatı, prezidentin adına sülh mükafatı, prezidentin qızının xoşməramlı səfir statusu və ölkənin beynəlxalq səviyyədə tanınmış simalarının fəaliyyəti – bütün bunlar eyni siyasi xəttin müxtəlif epizodları kimi görünür.Süleymenov isə bu xəttin içərisində başqa mövqedə dayanırdı.O, özünün və ölkəsinin beynəlxalq nüfuzunu şəxsi hakimiyyətin imic layihəsinə çevirməkdən daha çox, mədəniyyətlərarası dialoq və antinüvə mübarizəsi kimi ideyalar üzərində qurmağa çalışırdı.
Oljas Süleymenov 18 illik diplomatik fəaliyyətinin sonunu “diplomatik sürgünün” başa çatması adlandırır.O, vəzifədən azad edilməsini sakit qarşıladığını, uzun müddət diplomatik xidmətdə olduqdan sonra bütün imtiyazları itirməyin asan olmadığını, amma Parisdəki uzunmüddətli missiyanın artıq onu yorduğunu yazır.Onun “diplomatik sürgünü” başa çatır. Amma geridə daha böyük sual qalır: dövlətin beynəlxalq nüfuzu kimə xidmət etməlidir – ölkəyə, yoxsa ölkəni idarə edən şəxsə?

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR