Onlayn ictimai-siyasi qəzet
Laçın şəhəri işğaldan azad ediləndən sonra orda mədəni tədbirlərə də start verilmişdi. Məsələn, bir kinostudiya düzəldiblər, Hollivud həsəd aparırmış. Heç Bakıda elə studiya və pavilyonlara rast gəlinmir. Düzdür, hələlik ordan kino-zad çıxmayıb, ancaq əsas məsələ studiyadır. Bizə qalan bina olacaqdır, sənəti neynirik?
Görülən fısqırıq işlərdən, mədəni hoqqalardan biri isə Laçında kitabxana açılmasıymış. Qısa müddətə camaatdan-filandan 4 min kitab fondu da toplanıbmış. Lakin kitabxananın ömrü cəmi 2 il sürmüşdür. Deyilənə görə, oranı fırlatmağa hansısa işçi lazımdır. Kitabxanaçıya maaş verilməlidir. Ən əsası, kitabxana oxucu üçündür, oxucu da yoxdur. İndi hərə bir-birinin üstünə atır. Deyirlər, kitabxana Bakı Abadlıq Xidməti (BAX) adlı kosmetika idarəsi tərəfindən açılıbmış. Sözgəlişi, bunların əsas fəaliyyəti Balaxanıda divara qızılgül şəkli çəkmək tipli dekorativ fəaliyyətdir, bir də keramika sexi açmışdılar, piti dopusunu bəzəyib ərəb turistlərə satmaq istəyirdilər, bilmirəm axırı necə oldu. Hər halda, Şəhidlər xiyabanında şıllaq atan turistlərin əhvalatından sonra ortaya çıxdı ki, bizim əcnəbilərin mədəni səviyyəsini yüksəltmək projelərimiz havaya getmişdir.
Yəni, demək istəyirəm ki, Laçında mədəniyyət tədbirlərini niyə Bakıdakı idarə görməliydi, şəxsən bunu anlamıram. Guya Laçının öz mədəni insanları az imiş... Həmin işlərə xərclənən vəsaitlərin yarısını demirəm, mində birini laçınlı İlham Qəhrəmana, Fəxri Uğurluya, Azər Qaraçənliyə, Şərif Ağayara ayırsaydılar, kitabxananın ömrü 2 il çəkərdimi? Çəkməzdi. Maşallah, mən özüm 4 nəfərin adını heç düşünmədən yazdım, azca fikirləşsəm, yüzlərlə laçınlı yazıçı, sənətçi adı çəkərəm. Çörəyi çörəkçiyə verməyəndə, məcbursan kiflənmiş xəmir yeyəsən.
Özü də maraqlıdır ki, kitabxana işini Bakıda və respublikanın digər bölgələrində guya çox yarıtmışdılar, qalmışdı Laçın... Son illərdə yüzlərlə, bəlkə minlərlə kitabxanaçı ixtisara salınıb, rayon və kəndlərdə kitabxanalar bağlanıb. Adını da belə qoymuşuq ki, camaat kitab oxumur, obyektin xərci borcunu ödəmir və sairə.
Əslində, maarifçiliyə bu günün xırda-para qazancı gözüylə, alverçi məntiqiylə yanaşanlardan ayrı münasibət gözləmək olmazdı. Təhsil və maarifçilik uzun müddətli perspektivə hesablanan fəaliyyətdir. Rayonlarda kitabxanaları da ona görə nəyin bahasına olur-olsun saxlamaq, dəstəkləmək lazım idi. Yüz adamdan onu kitab oxusa bəsimiz idi. Hətta cəmi 1 nəfər aydınlanmış insan da bəzən bütöv regiona işıq saça bilir.
Laçında qapısından dağ boyda qıfıl asılan kitabxana barədə düşünəndə adamın ağlına istər-istəməz klassik azərbaycanlı yanaşması da gəlir: “Bəyəm Laçının pullu insanları, məmurları, biznesmenləri-filanı azdır? Niyə onlar balaca bir kitabxananı dəstəkləmədilər, ona maliyyə ayırmadılar?”
Doğrudurmu? Əlbəttə. Ancaq ilk baxışdan doğrudur. Həqiqətən əslən laçınlı elə oğul və qızlar var ki, bir oturuma hansısa restoranda yetmiş yeddi kitabxananın pulunu yeyirlər. Hansısa manısa mahnı sifariş edib “Laçınım” oynayarlar, ancaq Laçında mədəniyyətin inkişafına maya qoymazlar.
Dərindən düşünəndə isə bu yanaşma o pis mənada populyar aparıcının “rayon alınıb, qayıdın də” deməsinin başqa tərzidir. Laçın təkcə laçınlıların ərazisi deyil ki, orda kitabxananın dərdini də ancaq onlar çəksinlər. Laçında kitabxana hamımız üçün lazımdır.
Yazını isə amerikalı yazıçı Rey Bredberi-dən aforizmlə bitirirəm: “Oxumadığımız kitabların bizdən qisas alması mümkündür”. Bağlanan kitabxanaların da intiqamı ağır olur.
14 Avqust 2026
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ