Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan və Ukrayna arasında həmişə yaxşı münasibətlər olub. Hər iki dövlətin xalqları tarixən bir-birinə yaxın olub, mədəniyyətinə, dünyagörüşünə hörmətlə yanaşıblar. Qarşılıqlı surətdə hər iki ölkədə böyük diasporalar yaşayır və bu diasporalar həmin ölkənin dövlət quruculuğunda, mədəni inkişafında yaxından iştirak edirlər".
Bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Ukraynanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü həmişə dəstəkləyib:
"Həmçinin Azərbaycan Rusiya–Ukrayna münaqişəsinin tezliklə dayandırılması, problemlərin danışıqlar yolu ilə həll edilməsi ilə bağlı vaxtaşırı çağırışlar edib.
Ukrayna prezidentinin Azərbaycana bu yaxınlardakı səfəri də bir daha göstərdi ki, Ukrayna Azərbaycanla münasibətləri yüksək qiymətləndirir.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri isə bu münasibətlərə daha da böyük bir rəng verdi və danışıqlarda Azərbaycan yenə də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək ona həmişə humanitar yardım göstərməyə hazır olduğunu bildirdi.
Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək üçün çıxışlar edir. Ukrayna uşaqlarının Azərbaycanda reabilitasiyası üçün böyük şərait yaratmışdır. Azərbaycan cəmiyyətinin özündə Ukraynanın suverenliyinə, identikliyinə həmişə böyük bir hörmət olubdur.
Xarici İşlər nazirimizin bu səfəri bir daha göstərdi ki, hər iki xalq beynəlxalq hüquq normalarına hörmət edilməsinin, suverenliyinin qorunmasının, inkişafına dəstək verilməsinin tərəfdarıdır".
Millət vəkili hesab edir ki, qarşılıqlı səfərlər və siyasi dialoq Azərbaycan-Ukrayna əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək:
"Bu səfər münasibətlərimizi daha da möhkəmləndirəcək və Ukrayna xalqının öz suverenliyini həmişə ən yüksək səviyyədə müdafiə edəcəyinə bizim heç bir şübhəmiz yoxdur".
Xalidə Gəray
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ