İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sabaha hazırdırmı? – Dərslər başlayır, tıxaclar isə...

Sabahdan etibarən ölkəmizdə yeni tədris ili başlayır. Məktəblərin və universitetlərin fəaliyyətə başlaması ilə paytaxt yollarında nəqliyyat sıxlığının daha da artacağı gözlənilir.

Hazırda tıxac problemi Bakının əsas problemlərindən birinə çevrilib. İstər avtobus və metrodan istifadə edən insanlar, istərsə də şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarında yollarda yaranan sıxlıqdan əziyyət çəkirlər. Bu problem xüsusilə Bakı və Abşeron ərazisində daha qabarıq şəkildə özünü göstərir.

Eyni zamanda, paytaxtda 50-dən çox yolda təmir işləri aparılıb, bir sıra digər yollarda isə təmir işlərinin keçirilməsi nəzərdə tutulur. Bu işlərin vaxt baxımından üst-üstə düşməsi nəqliyyat sıxlığının daha da artmasına səbəb ola bilər.

Bundan başqa, hər il olduğu kimi, məktəblərin açılması ilə valideynlərin övladlarını məktəbə aparması da yollardakı vəziyyətə təsir göstərir. Bəzən bir şagirdi məktəbə gətirmək üçün ailənin bir neçə üzvü, özü də ayrı-ayrı avtomobillərlə yola çıxır. Bu isə onsuz da sıx olan yollarda əlavə yük yaradır. Digər tərəfdən, Dövlət Yol Polisi məktəblərin qarşısında avtomobillərin park edilməsinə nəzarətin gücləndiriləcəyini, bu ərazilərdə qayda pozuntularının kameralar vasitəsilə izlənəcəyini açıqlayıb. Ekspertlər yeni tədris ili ilə əlaqədar Bakıda nəqliyyat vəziyyətinin daha da ağırlaşacağını düşünürlər.

Onların fikrincə, metroda yaranan məhdudiyyətlər fonunda təhsil müəssisələrinin də müəyyən addımlar atması vəziyyətin nisbətən yüngülləşdirilməsinə kömək edə bilər. Xüsusilə universitetlər dərs saatlarını mümkün qədər çevik şəkildə tənzimləyə bilərlər. Tələbə və şagirdlərin, xüsusilə qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadəsinin təşviq edilməsi də mümkün həll yollarından biri kimi qiymətləndirilir.

Bəs ümumiyyətlə, Bakı sabaha hazırdırmı?

Yol yarış meydanı deyil"

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Musavat.com-a bildirib ki, Bakıda hər tədris ili başlayanda nəqliyyatda sıxlıq, bəzən hətta dayanma halları da müşahidə olunur.

Onun sözlərinə görə, bu vəziyyət illər ərzində formalaşmış bir sıra problemlərdən qaynaqlanır:

“Məktəblərə ilk dərs günü qohumların hamısının fərdi nəqliyyatla, valideynlərin fərdi nəqliyyatla gəlməsi müşahidə olunur. Birinci günlər bu cür sıxlıqlar müşahidə olunur. Ümumiyyətlə, il ərzində də tədris dövründə bu növ hallar müşahidə olunur. Amma bunun səbəbləri də var.
Şəhər böyüyüb, amma onun alternativ nəqliyyat növlərinin intensiv hərəkəti, şəbəkəsi o qədər böyüməyib. Dövlət proqramı təsdiq olunub və bu layihələr icra olunandan sonra bizim hərəkətliliyimiz, vərdişlərimiz, bu günə kimi vərdiş etdiyimiz marşrutlar dəyişəcək. Daha tez nəticə verən, az xərcli layihələrə diqqəti artırmalıyıq, sürətli icrasını təmin etməliyik. Bu, piyada infrastrukturunun abadlaşdırılmasıdır, qısa piyada marşrutunu formalaşdıran zolaqlı, işıqforlu keçidlərin sayının artırılmasıdır. Təşviq etmək lazımdır ki, insanlar, fərdi nəqliyyatla hərəkət edənlər hibrid səfər formatını dəyərləndirsinlər. Yəni müəyyən məsafəyə kimi avtomobillə gəlib onu park edib, sonradan ictimai nəqliyyat, piyada, mikromobillik kimi seçimlərlə, nəqliyyat növləri ilə səfərlərini davam etsinlər. Və buna müvafiq olaraq da şəraitimizi sürətlə uyğunlaşdırmalıyıq. Yəni son üç ildə ayrılmış avtobus zolaqları, ayrılmış mikromobillik zolaqları yaradılıbsa, maşından düşəndən sonra biz piyadayıq”.

Ekspert deyib ki, piyadaların qarşısında olan bütün baryerlər də sürətlə aradan qaldırılmalıdır: “Piyada dəhlizləri, piyada marşrutlarının formalaşdırılması üçün piyada səkiləri abad olmalı və küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün uzun məsafələr qət etmədən, yerin altına, yerin üstünə çıxmadan, eyni səviyyədə işıqforlu, keçidlərin sayını artırmaq lazımdır. Hətta mövcud yeraltı keçidlər şəhərdə varsa, onun yanında dublyor keçidlər, yəni zolaqlı, işıqforlu keçidlər təşkil etmək lazımdır ki, insanlar rahat, kütləvi şəkildə hərəkət edə bilsinlər və onda bu yük parçalanacaq. Şəhərin mərkəzində biz niyə piyada gəzə bilmirik? Bunun səbəbi yenə də mövcud infrastrukturda olan çatışmayan elementlərdir. Digər tərəfdən, dəmir yolunda olan layihələri sürətləndirməliyik. Bir ildən artıqdır Xırdalan ilə Sumqayıt arasında əlaqə yoxdur. Üçüncü dairəvi yol dəmir yolu ilə kəsişsə də, tunel tipli keçid tikilir. Onun tikinti layihəsi uzanıb, həmçinin mövcud xətdə Xırdalan yaxınlığında körpüdə təmir işləri görülür. Xırdalana əvvəllər 20 dəqiqəyə getmək mümkün idisə, indi bu müddət 45 dəqiqəyə çatıb. Bu, axınlara birbaşa təsir edir. İnsanlar fərdi nəqliyyata yönəlir və yaxud “manatlıq taksi” dediyimiz qeyri-qanuni daşınmalara meyl edir”.

R. Ağamirzəyev bildirib ki, dayanacaqlar və avtobuslar barədə məlumatın əlçatan olması da insanların hərəkətinə təsir edən vacib məqamlardandır: “Sıxlıq var və bir müddət olacaq. Şəhərdə müəyyən küçələrin təmirə bağlanılması hərəkətliliyin digər küçələrə yönəlməsinə təsir edəcək. Bu səbəbdən qurumlararası koordinasiya da vacibdir və alternativlərə diqqətimizi artırmalıyıq. Şəhər böyüyür, şəhərin ehtiyaclarını nəzərə alaraq bu layihələrin icrası vacibdir. Metronun xətlərinin ayrılması layihəsi son dərəcə vacibdir və bu proses zamanı muəyyən çətinliklərin və mənfi təsirlərin yaranması qaçılmazdır. Lakin bu təsirləri minimuma endirmək üçün az məsrəflə daha tez nəticə verən layihələrin icrasını sürətləndirmək lazımdır. İlk növbədə piyada infrastrukturunun təkmilləşdirilməsi, nizamlanan piyada keçidlərinin və svetoforların quraşdırılması, eləcə də bu günə qədər icrasına başlanılmış layihələrin yekunlaşdırılması sürətləndirilməlidir. Mövcud problemləri qabartmaqla yanaşı, həlli yollarını da göstərmək lazımdır — məhz bu kimi addımlar gözlənilən mənfi təsirləri minimuma endirməyə imkan verəcək. Həm xətlərin ayrılması, həm metronun mövcud dövrün tələbinə uyğunlaşdırılması, elektrik, rabitə, işarəvermə xidmətinin yenilənməsi, yeni stansiyaların tikilməsi – bunlar vacibdir və dövlət proqramına salınıb”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR