İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA

"Ümumiyyətlə, hazırda paytaxtda 200 minə mənzil tapmaq çox çətindir. Bütün qiymətlər artıma doğru gedir. Bu da daşınmaz əmlak bazarındakı situasiya ilə bağlıdır. Belə ki, həm tələb-təklif arasındakı asılılıq, həm də daşınmaz əmlakın investisiya cəzbediciliyinin digər istiqamətləri geridə buraxması qiymət artımına əsas təsir göstərən amillərdir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, bölgələrdən mərkəzə doğru iş tapmaq üçün gələnlər, onların daşınmaz əmlak bazarına müraciəti, kirayə qiymətlərinin artmasına təsir göstərən tələbə axını və s. kimi amillər daşınmaz əmlakı il ərzində qiymət artımına məcbur edir:

"Bu qiymət artımı mövcud iqtisadi durum, əhalinin gəlir səviyyəsi, habelə ipoteka və kredit əlçatanlığı şərtləri qarşısında təbii ki, insanların mənzil almaq imkanlarını məhdudlaşdırır. Hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kreditlər ümumi mənzil ehtiyacının yalnız cüzi bir hissəsini, təqribən 5%-ə qədərini ödəyir. Amma kifayət qədər gənc ailələr və yaxud təsərrüfat bölgüsü nəticəsində müstəqil mənzilə malik olmaq istəyən ailələr və digər bu istiqamətdə yeni mənzil almaq istəyənlər, habelə investisiya, biznes məqsədilə mənzil bazarına müraciət edənlər olduğu üçün bu da qiymət artımının baş verməsinin səbəbləri kimi çıxış edir. Düşünürəm ki, qiymət artımı fonunda alqı-satqı faktlarının azalması bugünkü problem deyil. Son bir ildə bu problem yaranıb. Amma bu bir ildə qiymətlərin ucuzlaşması baş verməyib, əksinə artım davam edir. Amma artımda müəyyən dinamika var ki, o dinamika əvvəlki illərə nisbətən zəifdir".

V.Oruc qiymət artımının birmənalı şəkildə davam edəcəyini, azalmanın gözlənilmədiyini qeyd edib: "Ən bəsit bir səbəbə görə ki, bina tikintisində normativ qaydalar sərtləşib, xərclər artıb, tikintinin maya dəyəri yüksəlib, torpağın qiyməti durmadan artır. Torpaq tikintidə əsas vacib elementdir. Əməkhaqqı, işçi qüvvəsinin xidmət haqqı, inşaat materialları və bütün bu istiqamətlərdə qiymətlərin yüksəlməsi, əməliyyatların yalnız nağdsız formada baş verməsi qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Onu qeyd edim ki, əməliyyatların nağdsız formada baş verməsi şəffaflığın təmin olunmasıdır, amma digər tərəfdən tikinti şirkətlərində ƏDV ödəyicilərinin olduğunu nəzərə alsaq, həmin şəffaflıq tikinti materiallarından tutmuş işçi qüvvəsinə qədər, işçi qüvvəsindən tutmuş tikinti prosesinin özünə qədər qiymətləri artırır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilmiş yeni normativlər də çox sərt olduğu üçün bu da tikintinin maya dəyərinin artmasına səbəb olur. Ona görə də birmənalı demək olar ki, qiymətlərin ucuzlaşması gözlənilmir və mövcud iqtisadi şəraitdə qiymətlər yenə də artacaq. Amma bu artımın ötən illərə nisbətən temp baxımından zəif olacağını ehtimal etmək olar".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR