İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yeni yol xaosu - skuterlər rahatlıq gətirir, yoxsa təhlükə?

Son illər Bakının küçələrində sürətlə yayılan elektrikli skuterlər şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilməkdədir. Xüsusilə tıxacların gündəlik problemə çevrildiyi paytaxtda bu nəqliyyat vasitələri minlərlə insan üçün vaxt itkisindən qurtulmağın alternativ yolu hesab olunur. Lakin skuterlərin sayının artması ilə paralel olaraq yeni problemlər də meydana çıxıb.

Bu gün Bakıda piyadalar, sürücülər və skuter istifadəçiləri arasında görünməz mübarizə yaşanır.

Paytaxtın mərkəzi küçələrində, parklarda və yaşayış massivlərində elektrikli skuterlərə tez-tez rast gəlinir. Onların əsas üstünlüyü sürətli, qənaətli və ekoloji baxımdan daha təmiz nəqliyyat vasitəsi olmasıdır. Ancaq məsələ ondadır ki, şəhər infrastrukturu bu sürətli dəyişikliklərə tam uyğunlaşa bilməyib.

Ən ciddi problemlərdən biri skuterlərin hərəkət etdiyi məkanla bağlıdır. İstifadəçilərin bir qismi avtomobil yoluna çıxır, digərləri isə piyada səkilərində hərəkət etməyə üstünlük verir. Nəticədə həm piyadalar, həm də sürücülər üçün təhlükəli vəziyyətlər yaranır. Xüsusilə yaşlı insanlar, uşaqlar və əlilliyi olan şəxslər üçün səki ilə yüksək sürətlə hərəkət edən skuterlər ciddi risk mənbəyinə çevrilib.

-

Problemin əsas səbəbi xüsusi infrastrukturun çatışmazlığıdır. Bir çox Avropa şəhərlərində skuterlər üçün ayrıca hərəkət zolaqları yaradılıb, sürət həddi müəyyənləşdirilib və istifadə qaydaları ciddi şəkildə tənzimlənir. Bakıda isə zolaqların sayı məhdud olduğundan skuterlər piyada və avtomobil axını arasında qalır. 

Digər problem isə nəzarət mexanizmlərinin yetərli olmamasıdır. Hazırda skuterlərdən istifadə edən şəxslərin böyük hissəsi təhlükəsizlik qaydalarına əməl etmir. Dəbilqəsiz hərəkət, qırmızı işıqda keçid və yüksək sürət halları getdikcə artır. Bu isə yol-nəqliyyat hadisələrinin sayına təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

Nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, şəhər mobilliyinin gələcəyi mikromobillik vasitələri ilə bağlıdır və bu tendensiyanın qarşısını almaq mümkün deyil. Buna görə də əsas məqsəd skuterləri şəhər həyatına təhlükəsiz şəkildə inteqrasiya etmək olmalıdır:

Bu, dövrün tələbidir və biz istəsək də, istəməsək də bu istiqamətdə irəliləməliyik. Böyük şəhərlər və paytaxtlar nəqliyyat sıxlığının, tıxacların qarşısını almaq üçün müxtəlif addımlar atırlar. Buraya piyadalar üçün rahat və təhlükəsiz səkilərin yaradılması, insan yönümlü şəhər mühitinin formalaşdırılması, ictimai nəqliyyatın işinin optimallaşdırılması, eyni zamanda mikromobillik vasitələrinin təşviqi və onlar üçün şəraitin yaradılması daxildir. Bu istiqamətdə Azərbaycanda da müəyyən işlər görülür. Mikromobillik və velosiped zolaqları yaradılır, bu nəqliyyat vasitələrinin icarəsi və satışı təşviq olunur. Eyni zamanda, qanunvericilikdə də bununla bağlı müvafiq müddəalar nəzərdə tutulub. Əsas məsələ onların təhlükəsiz hərəkət edə biləcəyi zolaqların yaradılmasıdır. Belə zolaqlar olmadıqda isə skuter və digər mikromobillik vasitələri yolun sağ hərəkət zolağının sağ hissəsi ilə hərəkət etməlidirlər. Onlar da digər hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına əməl etməli, işıqforun tələblərini yerinə yetirməli, yol verməli və digər qaydalara riayət etməlidirlər.
Hesab edirəm ki, qanunvericilikdə bu məsələ kifayət qədər tənzimlənib və həmin nəqliyyat vasitələrinin istifadəsi üçün lazımi hüquqi baza mövcuddur. Yəni burada hər hansı ciddi qanunvericilik boşluğundan söhbət getmir”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR