Onlayn ictimai-siyasi qəzet
Ötən ilin 8 avqust tarixi Azərbaycan diplomatiyasının müasir tarixində dönüş nöqtələrindən biri kimi yadda qalıb. Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfərinin və Ağ Evdə Azərbaycanla Ermənistan arasında paraflanma sənədinin əldə olunmasının üzərindən bir il keçir. Ötən müddət göstərdi ki, həmin gün əldə olunan razılaşmalar təkcə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılmış addım deyil, həm də Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən yeni geosiyasi mərhələnin başlanğıcı idi. Bu tarix eyni zamanda Prezident İlham Əliyevin uzun illər ardıcıl şəkildə həyata keçirdiyi sülh siyasətinin beynəlxalq müstəvidə praktik nəticələr verməsinin rəmzinə çevrildi. Məhz Azərbaycanın təşəbbüsü ilə formalaşan sülh gündəliyi, rəsmi Bakının irəli sürdüyü beş baza prinsipi və qarşılıqlı münasibətlərin hüquqi əsaslar üzərində qurulması konsepsiyası sonrakı danışıqlar prosesinin əsas istiqamətini müəyyənləşdirdi.

Bu gün artıq beynəlxalq ictimaiyyət də etiraf edir ki, regionda müzakirə olunan sülh modelinin müəllifi və ideya sahibi Azərbaycandır. Vaşinqton prosesində ABŞ prezidenti Donald Trampın vasitəçilik səyləri də diqqət çəkən amillərdən biri oldu. Prezident İlham Əliyevlə Donald Tramp arasında aparılan məktublaşmalar, qarşılıqlı mesajlar və verilən siyasi qiymətlər həmin dövrdə tərəflərin dialoqa sadiqliyini nümayiş etdirən mühüm diplomatik elementlər kimi yadda qaldı. Vaşinqtonda imzalanan sənədlər isə regionda etimadın möhkəmlənməsi, kommunikasiyaların açılması və uzunmüddətli sabitliyin təmin olunmasına hesablanmış yeni mərhələnin hüquqi-siyasi əsaslarını formalaşdırdı. Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq nəqliyyat marşrutlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə TRIPP layihəsi də regionun yeni əməkdaşlıq strukturunun mühüm elementlərindən biri oldu və gələcək inteqrasiya proseslərinə əlavə imkanlar açır.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda tarixi ədalətin bərpası, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəbul edilməsi və bölgədə formalaşan yeni status-kvo rəsmi Bakının ardıcıl siyasətinin nəticələrdir. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasi kurs təkcə Azərbaycanın milli maraqlarını təmin etməklə kifayətlənməyib, həm də Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyən edən əsas amillərdən birinə çevrilib.

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bunları deyib:
"Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan Birgə Bəyannamədən ötən bir il Cənubi Qafqazın siyasi tarixində mühüm mərhələdir. 8 avqust 2025-ci il Azərbaycan üçün olduğu kimi, bütövlükdə region üçün də yeni reallıqların formalaşdığı əlamətdar tarixdir. Məhz həmin gün ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflandı, eyni zamanda regionda uzun illər davam edən qarşıdurmanın siyasi yolla həllinə yönəlmiş mühüm addım atıldı. Bu sənəd sadəcə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti mərhələ deyil, həm də 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun göstəricisidir. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bundan sonra Azərbaycan qalib tərəf kimi deyil, sülhün və regional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edərək Ermənistana münasibətlərin yeni mərhələdən başlanmasını təklif etdi".

Parlamentari onu da diqqətə çatdırıb ki, 44 günlük müharibədən sonra Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanırdı:
"Bakı sülh müqaviləsinin hazırlanması üçün beş baza prinsipini təklif etdi. Bu prinsiplər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və bir-birinin daxili işlərinə qarışmamaq kimi BMT Nizamnaməsində təsbit olunmuş normalara söykənirdi. Lakin Ermənistan uzun müddət bu prosesə müxtəlif bəhanələrlə mane olmağa çalışdı. Separatçı qüvvələrin dəstəklənməsi, hərbi təxribatlar və mina təhlükəsinin davam etməsi regionda dayanıqlı sülhün yaranmasına əngəl törədirdi. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi və regionda yeni siyasi reallıq yarandı. Vaşinqtonda əldə olunan razılaşmalar bu reallıqların siyasi müstəvidə möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yaradıb. Bu gün region artıq qarşıdurma məkanı deyil, nəqliyyat, enerji və iqtisadi layihələrin həyata keçirildiyi yeni əməkdaşlıq platformasına çevrilmək istiqamətində inkişaf edir.

Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşmadır. Bu layihə regionun nəqliyyat xəritəsini dəyişdirəcək strateji təşəbbüslərdən biridir. TRIPP layihəsi çərçivəsində Zəngəzur marşrutunun inkişaf etdirilməsi Şərq ilə Qərb arasında yeni bağlantıların yaranmasına, regional ticarətin genişlənməsinə və nəqliyyat imkanlarının artmasına xidmət edəcək. TRIPP layihəsi yalnız nəqliyyat layihəsi deyil, həm də regionda qarşılıqlı asılılıq və iqtisadi əməkdaşlıq mühiti yaradan mühüm təşəbbüsdür. Bu layihənin həyata keçirilməsi Azərbaycan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar açacaq, regionu beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsinə çevirəcək. Ötən bir il ərzində Azərbaycan sülh gündəliyinə sadiqliyini praktik addımlarla nümayiş etdirib. Bakı Ermənistana və əks istiqamətə tranzit yüklərin daşınması ilə bağlı məhdudiyyətləri aradan qaldıraraq regional kommunikasiyaların açılmasına verdiyi töhfəni göstərib. Bu addımlar Azərbaycanın əldə olunmuş razılaşmaların inkişaf etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Hazırda yekun sülh müqaviləsinin imzalanması qarşısında əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu istiqamətdə lazımi addımlar atıldıqdan sonra iki ölkə arasında münasibətlərin tam normallaşması və regional kommunikasiyaların açılması üçün geniş imkanlar yaranacaq.

Ümumilikdə, Vaşinqtonda əldə olunmuş razılaşmalardan ötən bir il göstərdi ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb. Bu yeni reallığın əsas xüsusiyyəti ondan ibarətdir ki, regionda sülh, sabitlik və əməkdaşlıq perspektivləri qarşıdurmanı əvəz edir. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində yaranmış bu imkanlar artıq beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. Vaşinqton razılaşmaları Azərbaycan üçün tarixi qələbənin diplomatik nəticələrinin möhkəmləndirilməsi, Ermənistan üçün isə yeni reallığı qəbul edərək sülh və əməkdaşlıq yoluna keçmək imkanıdır. Əminliklə demək olar ki, Cənubi Qafqazda formalaşan yeni dövr uzunmüddətli sülh və inkişaf üçün mühüm zəmin yaradır".
Cavanşir Abbaslı
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ