Onlayn ictimai-siyasi qəzet
"Rusiya prezidenti məni təbrik etmədi, amma sual yaranır: o halda kiminlə danışırdı?"
Ermənistanın baş naziri Nikol Paşinyan bunu iyulun 29-da jurnalistlərlə söhbətində bildirib.
Moskvadan gələn rəsmi təbrik mesajlarında fasiləni şərh edən Ermənistan hökumətinin başçısı qeyd edib: "Rusiya prezidenti məni təbrik etməyib, amma sual yaranır: o halda kiminlə danışırdı?"
Putin niyə onu hələ də təbrik etmir?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-da məsələni bu cür şərh etdi: "Kreml ilə İrəvan arasında seçkilərdən sonra formalaşan diplomatik soyuqluq və rəsmi təbrikin ünvanlanmaması Cənubi Qafqazda müttəfiqlik münasibətlərinin de-yure saxlanılsa da, de-fakto dərin böhran mərhələsinə qədəm qoyduğunu göstərən mühüm siyasi-hüquqi indikator kimi çıxış edir: "Paşinyanın seçki qalibiyyətindən sonra Moskvanın rəsmi təbrik göndərməməsi beynəlxalq hüquq müstəvisində birbaşa normativ öhdəliklərin pozulması kimi təsnif edilməsə də, dövlətlərarası münasibətlər praktikasında, xüsusilə, "Comitas Gentium", yəni beynəlxalq nəzakət adəti kontekstindəRusiyanın Ermənistandakı mövcud siyasi rəhbərliyə və onun xarici siyasi vektoruna qarşı aydın nümayiş etdirdiyi diplomatik demarşdır. Telefon danışığının baş tutması faktı Rusiyanın Ermənistandakı hakimiyyəti de-fakto təmas tərəfdaşı kimi tanımağa məcbur olduğunu göstərsə də, rəsmi təbrik aktından imtina edilməsi bu münasibətlərin müttəfiqlik keyfiyyətini itirərək sırf texniki və məcburi qarşılıqlı təsir səviyyəsinə enməsini hüquqi-siyasi baxımdan təsbit edir. İrəvanın daxili auditoriyaya hesablanmış ritorik ironiyası siyasi legitimlik nümayişinə xidmət etsə də, Moskvanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hüquqi müqavilə bazasını təzyiq alətinə çevirməsi tərəflər arasındakı strateji çatların bərpasının son dərəcə mürəkkəb olacağını sübut edir. Nəticə etibarilə, rəsmi təbrikin olmaması Moskva tərəfindən İrəvanın Qərbə inteqrasiya cəhdlərinə verilən şüurlu diplomatik reaksiya olmaqla yanaşı, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və iqtisadi asılılıqların yenidən formalaşdığı gərgin bir geosiyasi dövrün başlandığını xəbər verir".
Cavanşir Abbaslı
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ