İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloqerlər üçün dublyonka 

Kino tənqidçiləri arasında keçirilən “Ən yaxşı Azərbaycan filmləri” siyahısında həmişə “Bəyin oğurlanması” filmi də ön yerlərdən birini tutur. İstər 10-luq olsun, istər 25-lik, istər 100-lük, baxırsan orda bu kinonun da adı var. Tək tənqidçilər deyil, xalq da bu filmi sevir. Sirri nədədir? Yəqin ki, elə filmin bir epizodunda buna işarə var: “Gərək filmi elə çəkəsən, o, insanın qəlbinə toxunsun”.

İnsanlar o filmi sevir, yadda saxlayırlar ki, orada özlərinin həyatından nələrsə görürlər. (Bu, prinsipcə, ədəbiyyata və əksər sənət sahələrinə də aiddir). O üzdən, 1985-ci ildə çəkilməyinə baxmayaraq, bu gün də “Bəyin oğurlanması” aktual görünür. Misal çəkim, özünüz qiymət verin.

Bugünlərdə dövlətimizin turizm idarəsinin türkiyəli bloqerlərin Azərbaycana səfərlərini təşkil etmək planları haqda xəbər oxudum. 754 min manatlıq tender elan olunub, qalib fevralda açıqlanacaqmış.

Çox gözəl. Əla xəbərdir. Uca millətimizi təbrik edirəm. İstəməyənin gözü çıxsın. Təki həmin bloqerlərin səfəri sayəsində turistlər ölkəmizə elə axışsın, samovarı qaynatmağa imkan tapmayaq, şezlonq üstündə plyajlarda dava-qırğın düşsün, qarpız yeyib qarın ağrısına düşən turistləri yığış-yığışdıra bilməyək və sairə. Amma bu işi bloqerlərin həll elədiyini düşünən məmurlar ya səhv edirlər, ya da bu tenderlərin məqsədi başqadır. Çünki indiyəcən də belə bloqer və instaqramerlərin ölkəmizin dilbər guşələrinə çoxlu tanışlıq səfərləri düzəldilib, yüz minlərlə büdcə vəsaiti axıdılıb. Nəticə hanı? Gəlin statistikaya baxaq.

2025-ci ildə Türkiyədən ölkəmizə 416 min 689 turist gəlib. Özü də bu, Allah qoymasa, guya artmış rəqəmdir, 2024-cü ildə türk qonaqlarımızın sayı 389 min 173 nəfərmiş – 7,1 faizlik artım vardır. Bəh-bəh... Turizm gəlirini yığ ki, yığasan. Büdcəmiz yeni türk lirəsi ilə aşıb-daşır. Ancaq müqayisə edəndə adamın qanı qaralır (qonaqsevər xalqıq axı, istəyirik qonaq çox olsun, evdə qonaq otağımız boş qalanda dəli oluruq). Gürcüstana 2025-ci ilin 1-ci kvartalında Türkiyədən gələn turistlərin sayı 225 min nəfərə çatırdı. İlin son məlumatını tapa bilmədim, görünür hələ yekunlaşma aparmayıblar. Ancaq 2024-cü ilin rəqəmləri internetdə cağbacağ durur. Sizcə həmin il Türkiyədən Gürcüstana nə qədər turist gəlib? Bir rəqəm söyləyin, necə deyərlər. Əlbəttə, tapmaq çətindir. Bizim turizmlə müqayisədə lap fantastikdir: 2024-cü ildə Gürcüstana gələn türk turistlərin sayı 1 milyon 249 min nəfər olub. Keçən il bizə gələn ümumi turist sayı 2 milyon 401 min nəfər olarkən... Lap çox qanqaraçılıq düşsün deyə 2024-cü ildə Gürcüstana gələn ümumi turist sayını da yazıram: 7 milyon 369 min nəfər.

Deməli, bu işin kökündə bloqerlər-zad durmur. Sadəcə, ölkəni maraqlı eləmək lazımdır. Bunu hansı üsullarla eləmək lazımdır, ta onu yazmıram – hələlik burada qalmaq fikrindəyəm, başqa ölkəyə turist və ya başqa sifətdə getməyə halım yoxdur.

Özü də işin anekdot tərəfi odur ki, faiz nisbətində baxanda keçən il Azərbaycana ən çox turistlər İsrail (126 faiz artım var 2024-lə müqayisə edəndə), Çin (43 faiz), Qazaxıstan (20 faiz) və Pakistandan (12 faiz) gəlib. Yəni, məntiq deyir ki, çinli və ya qazax bloqerlərə pul xərclənməliydi. Bəlkə ona da ayrı tender var, bilmirəm. Hər halda, müstəqillik qazanandan turizm sektoruna qoyduğumuz pulların qazanc gətirməyini görməmişik, elə ancaq xərc, dotasiya, məsrəf... İndi də bloqer pulu çıxdı.

Mövzunu niyə “Bəyin oğurlanması”yla açdım, nəhayət onu yazım. Filmdə epizod var, kənd klubunda özfəaliyyət dərnəyi rəqs edir, qızlardan biri dükançı İsrafili görüb soruşur: “İsrafil əmi, deyirlər dükana monqol dublyonkası gəlib”, İsrafil deyir: “Monqol dublyonkasını monqol turistlər alıb apardılar”. Qız təəccüblənir, rəfiqəsinə deyir ki, görəsən monqol turistlər monqol dublyonkasını burdan niyə alırlar.

Bax, bizim turizmin inkişafı üçün əcnəbi bloqerlərə pul qoymağımız elə həmin əhvalatın oxşarıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR