Onlayn ictimai-siyasi qəzet
Xəzər dənizi ilə bağlı narahatedici proqnozların arası kəsilmir. Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq ekoloji təşkilatların diqqət çəkdiyi problem sahil xəttinin geri çəkilməsi, Xəzərin sürətlə dayazlaşması region ölkələrinin iqtisadiyyatına, ekosisteminə, nəqliyyat imkanlarına və milyonlarla insanın həyatına ciddi təsir göstərə bilər.
Alimlərin hesablamalarına görə, qarşıdakı 50 il ərzində Xəzərin su səviyyəsi fasiləsiz şəkildə azalacaq. Bu proses kosmosdan çəkilmiş peyk görüntülərində də açıq görünür. Son illərdə peyk görüntüləri Xəzər dənizinin sahil xəttində sürətli dəyişikliklərin baş verdiyini ortaya qoyub. Bir zamanlar su altında olan ərazilər artıq quru sahələrə çevrilir, yeni qumluqlar yaranır. Xüsusilə şimal və şərq sahillərində suyun geri çəkilməsi nəticəsində bəzi balıqçı kəndləri və liman infrastrukturu dənizdən kilometrlərlə uzaq düşüb. Bir sıra limanlarda gəmilərin hərəkəti çətinləşib, bəzi yerlərdə isə dəniz nəqliyyatı üçün əlavə kanal qazılması zərurəti yaranıb. Alimlər hesab edirlər ki, bu proses yaxın onilliklərdə daha da sürətlənəcək.
Mütəxəssislərin fikrincə, Xəzərin su itkisinə təsir edən əsas amil qlobal iqlim dəyişiklikləridir. Planetdə temperaturun yüksəlməsi buxarlanmanı artırır. Xəzər dənizi qapalı hövzə olduğundan onun okeanlarla təbii əlaqəsi yoxdur. Bu səbəbdən suyun səviyyəsi əsasən çaylardan gələn axın və buxarlanma arasında balansdan asılıdır. Son illərdə Volqa çayının axınında müşahidə olunan azalmalar da vəziyyəti ağırlaşdırır. Xəzərə daxil olan suyun təxminən 80 faizini Volqa təmin edir. Çay hövzəsində tikilən su anbarları, sənaye və kənd təsərrüfatı məqsədilə artan su istifadəsi dənizə çatan suyun həcmini azaldır.
Nəticədə Xəzər itirdiyi suyu bərpa edə bilmir. Ekspertlərin xüsusi narahatlıqla diqqət çəkdikləri məsələ bioloji müxtəlifliyin taleyidir.
Xəzər dənizi dünyada nərə balıqlarının əsas yaşayış məkanı hesab olunur. Planetdə mövcud olan nərə ehtiyatlarının təxminən 90 faizi məhz burada cəmləşib.
Suyun səviyyəsinin azalması balıqların kürütökmə ərazilərinin məhv olmasına gətirib çıxarır. Dayazlaşma suyun temperaturunu dəyişdirir, oksigen balansını pozur və canlıların yaşayış mühitini daraldır.
Ekoloqlar bildirirlər ki, proses davam edərsə, bir sıra balıq növlərinin tamamilə yox olması riski yaranacaq.
Xəzərin səviyyəsinin azalması Azərbaycana da birbaşa təsir göstərə bilər. Ekspertlər bir neçə əsas riskdən danışırlar. Bakı və Abşeron sahillərində sahil xəttinin dəyişməsi, limanların fəaliyyətində problemlərin yaranması, balıqçılıq sənayesinin zəifləməsi, sahilyanı bataqlıqların və quşların məskunlaşdığı ərazilərin məhv olması gözlənilir.
Bundan başqa, turizm sektorunda itkilərin yaranması və dəniz ekosisteminin pozulacağı da xüsusi vurğulanır.
Qeyd olunur ki, Bakı limanı və digər logistika layihələri üçün dayazlaşma uzunmüddətli çağırış hesab olunur. İqlim üzrə mütəxəssislər hesab edirlər ki, Xəzərin gələcəyi ilə bağlı qərarlar indidən qəbul edilməlidir. Onların fikrincə, region dövlətləri arasında koordinasiyalı fəaliyyət olmadan problemin qarşısını almaq mümkün deyil.
Ekoloji monitorinq sistemlərinin gücləndirilməsi, çay hövzələrinin qorunması, su ehtiyatlarından səmərəli istifadə və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri prioritet istiqamətlər kimi göstərilir.
Xəzər dənizi Azərbaycan üçün sadəcə su hövzəsi deyil. O, ölkənin enerji təhlükəsizliyi, nəqliyyat imkanları, balıqçılıq təsərrüfatı, turizmi və ekoloji tarazlığı ilə sıx bağlıdır.
Bu səbəbdən alimlərin və beynəlxalq təşkilatların xəbərdarlıqları təkcə ekoloji problem kimi deyil, həm də iqtisadi və milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.
Əgər mövcud tendensiya davam edərsə, qarşıdakı onilliklərdə Xəzərin xəritəsi dəyişə bilər. Bu dəyişiklik isə yalnız sahil xəttinin geri çəkilməsi deyil, bütöv bir regionun təbii və iqtisadi gələcəyinin yenidən formalaşması demək olacaq. Bu gün peyklərin qeydə aldığı mənzərə sabah milyonlarla insanın gündəlik həyatında hiss olunacaq reallığa çevrilə bilər.
E.Məmmədəliyev,
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ