Onlayn ictimai-siyasi qəzet
Keniyanın Samburu bölgəsində yerləşən Umoja kəndi dünyadakı ən qeyri-adi yaşayış məntəqələrindən biri hesab olunur. Kənddə əsasən qadınlar və uşaqlar yaşayır və icma qaydalarına əsasən kişilərin kənd ərazisinə daxil olmasına icazə verilmir.
Musavat.com xəbər verir ki, svahili dilində “Birlik” mənasını verən Umoja 1990-cı ildə Rebecca Lolosoli və onunla birlikdə 15 qadın tərəfindən yaradılıb. Məişət zorakılığı, cinsi zorakılıq və erkən nikah kimi problemlərdən qaçan qadınlar özlərini təhlükəsiz hiss edə biləcəkləri ayrıca icma qurublar.
Kişilərin kəndə girməsi qadağandır
Umoja'nın əsas qaydalarından biri kişilərin kəndə daxil ola bilməməsidir. İcma qadınların müstəqil şəkildə yaşadığı və mühüm qərarları birlikdə qəbul etdiyi sistem üzərində qurulub.
Kənddə yaşayan qadınlar Samburu ənənələrinə uyğun muncuq işləri, zinət əşyaları və müxtəlif əl işləri hazırlayaraq satırlar. Turistlərin ziyarətləri və safari turları da icmanın əsas gəlir mənbələrindən biridir.
Bu vəsaitlər hesabına uşaqların təhsil və digər ehtiyacları qarşılanır, kənddə məktəb və səhiyyə imkanları yaradılır.
Kənddə doğulan oğlan uşaqları nə olur?
Umoja ilə bağlı ən diqqətçəkən qaydalardan biri oğlan uşaqları ilə bağlıdır.
Kənddə dünyaya gələn oğlan uşaqları müəyyən yaşa qədər anaları ilə birlikdə burada böyüyə bilirlər. Lakin yeniyetməlik yaşına çatdıqda icmanın qaydalarına əsasən kəndi tərk etmələri tələb olunur.
Qərarlar qadınlar tərəfindən qəbul edilir
Kəndin idarəçiliyində qadınların ümumi toplantıları mühüm rol oynayır. İcma daxilində qərarlar qadınların iştirakı ilə keçirilən məclislərdə müzakirə olunur və hər kəsin səsvermə hüququ var.
Umoja bu xüsusiyyətlərinə görə yalnız qeyri-adi yaşayış məntəqəsi deyil, həm də zorakılıq və məcburi nikahdan uzaqlaşmaq istəyən qadınların yaratdığı müstəqil icma modeli kimi tanınır.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ