İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Azərbaycan diplomatiyasının uğuru və qələbəsidir” – VACİB AÇIQLAMA

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin yeni mərhələsinə yol açan mühüm sənədlərin əldə olunmasından bir il ötür. Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri, Ağ Evdə keçirilən görüşlər və əldə olunan razılaşmalar Cənubi Qafqazın gələcəyi baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Aradan keçən bir il isə həmin günün yalnız diplomatik təqvimdə növbəti tarix olmadığını, regionda formalaşan yeni geosiyasi reallıqların mühüm mərhələlərindən birinə çevrildiyini göstərdi.

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Elçin Mirzəbəyli qeyd edib ki, avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar bir neçə kontekstdən dəyərləndirilə bilər:

"Ən vacib məqamlardan biri Azərbaycanın bölgədə yaratdığı reallıqların və irəli sürdüyü sülh gündəliyinin, bütövlükdə postmünaqişə və postmüharibə reallıqlarının legitimliyinin ABŞ və onun lideri tərəfindən qəbul edilməsidir. Bütövlükdə, bu, çox önəmli və mühüm faktorlardan biridir. Təbii ki, bəlli olduğu kimi, Vaşinqtonda sadəcə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanmayıb, eyni zamanda bir neçə istiqamətdə razılaşmalar əldə olunub. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıqla bağlı sülh xartiyasının hazırlanması prosesinin başladılması ən mühüm məqamlardan biridir. Eyni zamanda ölkəmizə qarşı zamanında tətbiq edilmiş 907-ci düzəlişin dayandırılması ilə bağlı imperativ mövqenin sərgilənməsi və bununla əlaqədar açıq mesajların verilməsi də çox mühüm faktorlardan biridir. Şübhəsiz ki, bu, Azərbaycan diplomatiyasının uğuru kimi də qiymətləndirilə bilər".

MİRZEBEY.jpeg (77 KB)

Elçin Mirzəbəyli Vaşinqton razılaşmalarının digər mühüm istiqamətlərindən birinin TRIPP yolu ilə bağlı olduğunu vurğulayıb:

"Eyni zamanda TRIPP yolu, yəni mahiyyət etibarilə Zəngəzur dəhlizi ilə bağlı Birləşmiş Ştatların mövqeyinin açıq şəkildə nümayiş etdirilməsi, bu prosesin irəliyə aparılması üçün Vaşinqtonun davamlı dəstəyinin olması da Vaşinqton razılaşmalarının ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirilə bilər".

Millət vəkili hesab edir ki, Vaşinqton prosesindən sonra ötən bir il ərzində Azərbaycan diplomatiyasının bir sıra istiqamətlərdə mühüm uğurları müşahidə olunub:

"Bütövlükdə, Vaşinqton prosesindən keçən zaman kəsiyində həm Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin davamlı olması və qarşılıqlı əlaqələrin bir sıra istiqamətdə qurulması baxımından yeni addımların atılması, həm Azərbaycan-Mərkəzi Asiya formatının əldə olunan razılaşmalar kontekstində çox uğurlu bir şəkildə irəliyə doğru aparılması, zənnimcə, son bir il ərzində Azərbaycan diplomatiyasının, təbii ki, İlham Əliyevin xarici siyasət kursunun uğuru və qələbəsi kimi qiymətləndirilə bilər.

Bütövlükdə, Vaşinqton razılaşması həm də qlobal müstəvidə Cənubi Qafqazda mövcud reallıqları qəbul etmək istəməyən və bununla bağlı ən müxtəlif təxribat ssenarilərini işə salmağa çalışan qüvvələrə qarşı da ciddi bir mesaj kimi qəbul olunmalıdır. Biz Vaşinqton razılaşmalarından sonra həm bölgəyə, həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə yanaşmalarda tamamilə fərqli, yeni mövqelərin ortaya çıxdığını və bütövlükdə təkcə Birləşmiş Ştatların deyil, eyni zamanda Avropa İttifaqına üzv olan dövlətlərin, Avropa İttifaqının mərkəzi qurumlarının, həmçinin Cənubi Qafqazda baş verən bu prosesin içərisində yer almağa çalışdıqlarını müşahidə edirik. Qənaətimə görə, Vaşinqton razılaşmaları əslində bir çox məqamlara aydınlıq gətirilməsinə və bəlkə də nöqtə qoyulmasına imkan yaratdı".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR