İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, TƏK Bakının TƏLƏBİ deyil! – Paşinyan yarı yolda qoyulsa...

Ermənistan qanunvericiliyinə görə, ölkədə böyük seçkilər və ya referendumlar arasında azı, 6 ay fasilə olmalıdır. Yəni, hazırkı toksik “müharibə konstitusiyasını” tarixin arxivinə göndərmək üçün ən tezi dekabrda səsvermə təşkil oluna bilər.

Bəllidi ki, Bakı və Ankara bunu çoxdan gözləyir. Çünki kapitulyant ölkənin qüvvədə olan Əsas Qanununda Azərbaycan və Türkiyəyə əsassız ərazi iddiaları var. Hansı ki, qonşularla barışığa, sülh müqaviləsinin imzalanması və sərhədlərin açılmasına TƏK əngəl olaraq qalır.

Başqa sözlə, dəfələrlə yazdığımız kimi, Ermənistanın təcriddən çıxması, ardınca isə Rusiyanın vassalı olmaqdan qurtulması və Kremlin orbitindən uzaqlaşması müstəsna olaraq, onun öz əlində. Qısacası, söhbət Bakının haqlı tələbindən qat-qat çox, qonşu ölkənin yeganə XİLAS yolundan və beynəlxalq hüquqdan gedir. Bu, yeməkdən öncə əlləri yumaq qədər bəsit bir zərurət...

Azərbaycanın tələbinə gərək yox. Ermənilər özləri vaxtında anlamalı idilər ki, torpaqlarına rəsmi səviyyədə iddia edilən bir dövlət sərhədləri onların üzünə heç vaxt açmayacaq. Açmadı da. Qonşunun evinə, həyətinə göz dikəni kim yaxına buraxar, yaxud onun vədinə kim inanar?! Mənim ərazimin sənin konstitusiyanda nə işi?

O səbəbə referendum nə qədər tez keçirilsə və nəticə müsbət olsa, sülh müqaviləsi də bir o qədər tez, misal üçün, ilin sonunadək imzalana bilər. Bunun üçün qonşu cəmiyyət, nəhayət, Rusiyaya bağlı avantüristlərin və proksi-qüvvələrin felinə getməməli, onların referendum əleyhinə fəaliyyətinə dəstəkçi olmamalı, yeganə düzgün qərarı verməlidir...

Diqqətçəkicidir ki, bu gün Baş nazir Nikol Paşinyan məsələdə yekun nöqtəni qoyub. Daha dəqiqi, nöqtəni son dəfə vergül edib ki, az sonra son nöqtəni qoysun. Paşinyan bəyan edib ki, ölkənin yeni konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmayacaq.

O, hakimiyyətin “Qarabağ hərəkatını” bir daha davam etdirməmək qərarına gəldiyini və belə bir mövqeyi ölkə vətəndaşlarının dəstəkləndiyini bildirib. “Biz Qarabağ hərəkatını davam etdirməmək, ona son qoymaq qərarını elan etdik və xalq bu qərarı təsdiqlədi”, - Nikol 7 iyun seçkilərinin nəticələrinə işarə edib və separatçı hərəkatı ölkəsinin dövlətçiliyini və gələcəyini məhv etməyə yönəlmiş layihə adlandırıb.

Ermənistan konstitusiyası dəyişir: Seçkidən sonra

Paşinyan təzə konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın daxil edilməsinin “münaqişə məntiqinə” anlamına gəldiyini məxsusi qeyd edib. Yeni konstitusiya mətninin yaxın aylarda açıqlanacağını söyləyən Baş nazir bir daha sənəddə Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalı olduğunu vurğulayıb...

Yeri gəlmişkən, dünən – avqustun 23-də bu üzdəniraq Bəyannamənin qəbul edilməsinin ildönümü (23.08.1990) idi. Ermənilər onlara çoxsaylı bəla və müsibət gətirmiş həmin sənəddən, əslində, çoxdan imtina eləməli idilər. Yenə gec sayılmaz.

Məsələ ondadır ki, əgər bu toplum artıq öz xeyri ilə şərini ayırd eləməyi öyrənibsə, heç olmasa bundan sonra sakit və rifah içində, qonşularla dinc-yanaşı yaşamaq istəyirsə, bir daha böyük güclərin əlində maşa olmağı arzulamırsa, o zaman “barıt qoxulu” Müstəqilik Bəyannaməsini zibil qutusuna atmalı, unutmalı, Paşinyanın yaxın 5 il üçün proqramına real dəstək verməlidir. Onu yarı yolda buraxmamalıdır.

Hər şeydən öncə bunu yeni və qat-qat fəlakətli müharibədən imtina məntiqi tələb edir, Azərbaycan yox. Ancaq Bakının gözləmək limiti sonsuz da deyil...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR