Onlayn ictimai-siyasi qəzet
Biri yazırdı ki, Nelson Mandela həbsdə olarkən ali məktəb bitirib. Mandela özü isə xatırlayırdı ki, zibillikdən qəzet parçalarını çaxarıb acgözlüklə oxuyurlarmış. Kimə inanaq?
Əslində bunun heç bir mənası yoxdur, kimə istəyirsiniz ona da inanın, çünki dünyada cəzaya baxış çoxdan dəyişib. Vacib deyil ki, insana işgəncə verəsən, vacib deyil ki, onu susuz qoyasan, içində tarakan gəzən “yemək” yedirdəsən, yatmağa qoymayasan, döydürəsən, nə bilim, daha nə edəsən, yetər azadlığını məhdudlaşdırasan. Bu, artıq böyük cəzadır...
Böyük Fransa İnqilabı çox təsəvvürləri dəyişdi. Bundan biri də bu idi ki, İnqilabdan sonra hətta ruhi xəstələri daha zəncirləmədilər və qəbul edildi ki, bu insanların psixi problemləri olsa da onlar da insandır, heyvan kimi zəincirləmək olmaz.
İndi həmin baxış ilk növbədə, özü də hər yerdə məhbuslara tətbiqən nümayiş olunur. Bu adamların azadlığı məhdudlaşdırıb, amma bu, o demək deyil ki, onlar insana xas olan elementar hüquqlardan belə məhrum olmalıdırlar. Yox, heç yerdə, xüsusən də sivil ölkələrdə belə deyil. Həm də biri var kriminal adamlar, biri də var fərqli səbəblərdən məhbəs həyatı yaşamağa məhkum olmuş adamlar. Əlbəttə, insani meyar bunların hamısına aiddir, onların hamısı insandır. Hüqonun qəhrəmanı Jan Valjan formal olaraq oğru idi, amma sonradan az qala müqəddəsə çevrildi!..
Amma kriminallarla digərlərini güman ki, fərqləndirmək daha düzgün olardı hər halda. Düzdür, hətta bəzi siyasi əməllərin də kriminal nəticələri olur. Məsələn, HƏMAS siyasi təşkilatdır, amma terrorla məşğul olur. Onlar qeyri-siyasi səbəblərə görə terror etmir, dinc –mülki insanları tələf etsələr də məqsədləri guya ki, siyasi olur...
Son illərdə hər yerdə terrorçuları digər siyasilərdən ayırırlar və bu, da çox müsbət tendensiyadır. Bir sözlə, çox təsnifat aparmaq olar, amma bir detalı unutmayaq: hüquqların bir hissəsi insan, digər hissəsi isə vətəndaş olduqları üçün şamil olunur bütün insanlara.
Mənim məhbəs həyatının, xüsusən də kriminal aləmin detallarından xəbərim yoxdur, amma mənə elə gəlir 21-ci əsrdə məhbusa verilən yemək belə “balanda” adlanmamalıdır, bu, yemək adlanmalı və yemək da olmalıdır və ya indi hansı vaxtdır ki, insana, misal, su verilməsin?..
Çox təəssüf ki, əsr heç də hamını dindirmir. Hamımız insanıq və heç birimiz, ən böyük statuslumuz belə bilmirik ki, beş ildən, üç ildən sonra başımıza nə gələcək? Amma hamımız çox istərdik ki, bizimlə hər yerdə və ya hər zaman insan kimi davranılsın. Bunu vaxtilə Kant ümum əxlaqi imperativ kimi formulə etmişdi: elə hərəkət elə sənin hərəkətin ümumi əxlaq qanunu ola bilsin.
Bunun da formulları çoxdur. Biri elə bizim-müsəlmanların özünküdür: özünə rəva bilmədiyini başqasına rəva bilmə! Bu konteksdən yanaşanda istərikmi kimsə bizi susuz saxlasın, istərikmi içində tarakan olan “yeməyi” qaşıqlayaq, istərikmi zibillikdən nəsə tapıb oxuyaq? Təbii yox. Ona görə də başqalarına da bunu rəva görmək olmaz.
Deyirlər ki, siyasətdir, hər şey ola bilir və yaxud olmalıdır. Əsla belə deyil. Ən böyük cəza azadlıqdan məhrum olmaqdır, başqa təsirlərə-təqiblərə ehtiyac yox: ölüm hökmü də buna görə hər yerdə ləğv olunur, məhbəslərdə saxlanma şərati məhz bu səbəblərdən daim ictimaiyyətin diqqət mərkəzində olur.
O ki qaldı siyasətə, politologiyada “güzgü effekti” deyilən anlayış da var: hakimiyyət özü nədisə, gec-tez əsas müxalifəti də o olur! Burada da ulu, müdrik xalqımız hökmünü verib: nə tökərsən aşına, o da nə vaxtsa...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ