Onlayn ictimai-siyasi qəzet
Yaponiya tarixində ən faciəli günlərdən biri 1945-ci ilin avqustunda yaşanıb. ABŞ-ın Hiroşima və Naqasakiyə atom bombası atması dünyada nüvə silahının ilk dəfə real şəhərlərə qarşı tətbiqi kimi tarixə düşüb. Lakin həmin günlərdə baş verənlər təkcə Yaponiya üçün deyil, Sovet İttifaqı üçün də böyük əhəmiyyət daşıyıb. Kreml ABŞ-ın yeni silahının real dağıdıcı gücünü mümkün qədər tez və dəqiq öyrənmək istəyib. Bunun üçün sovet hərbi kəşfiyyatı – Baş Kəşfiyyat İdarəsi (QRU) Hiroşima və Naqasakiyə iki əməkdaşını göndərib. Onlar dağıdılmış şəhərlərə daxil olan ilk xarici şəxslər arasında olublar və gördükləri mənzərəni Moskvaya çatdırıblar.
İosif Stalin ABŞ-ın atom bombası üzərində işlədiyini artıq bilib. 1945-ci ilin iyulunda Potsdam konfransında ABŞ Prezidenti Harri Trumen ona Amerikanın “heyrətamiz dağıdıcı gücə malik yeni silaha” sahib olduğunu bildiribmiş. Trumenin xatirələrinə görə, Stalin bu xəbəri sakit qarşılayıb və hətta atom bombasının yaponlara qarşı istifadə olunmasını təklif edib. Digər şahidlər isə sovet liderinin sadəcə susaraq başı ilə təsdiq etdiyini xatırlayıblar.
6 avqustda Hiroşimaya, 9 avqustda isə Naqasakiyə atom bombası atılıb. Elə həmin gün Sovet İttifaqı Yaponiyaya qarşı müharibəyə başlayıb. Stalinin ilk reaksiyası kifayət qədər təmkinli olub. ABŞ-ın SSRİ-dəki səfiri Averell Harrimanla söhbətində sovet lideri Hiroşimanın dağıdılmasının Yaponiya hökumətinin dəyişməsinə və ölkənin təslim olmasına səbəb ola biləcəyini bildirib. Lakin Kreml üçün əsas məsələ bombanın siyasi nəticələrindən daha çox onun real imkanlarını müəyyənləşdirmək olub.
Hiroşimanın bombalanması sovet rəhbərliyində ciddi narahatlıq yaradıb. Moskva anlayıb ki, ABŞ-ın yeni silahı yalnız Yaponiyaya qarşı istifadə edilmiş hərbi vasitə deyil. Bu, eyni zamanda Sovet İttifaqına yönəlmiş siyasi və hərbi mesajdır. Trumenin kommunizmə qarşı sərt mövqeyi də Kremlin narahatlığına əsas yaradırdı. Buna görə Stalin atom bombasının təsirləri barədə ən etibarlı məlumatları əldə etmək istəyib. Əsas suallardan biri də ABŞ-ın açıqladığı bomba gücünün – təxminən 20 kiloton TNT ekvivalentinin – real olub-olmaması idi. Məlumat toplamaq üçün QRU-nun əməkdaşları Mixail İvanov və German Sergeyev Yaponiyaya göndəriliblər. Onlar rəsmi olaraq sovet diplomatik missiyasının əməkdaşları kimi fəaliyyət göstəriblər.
İvanovun bioqrafiyası barədə daha çox məlumat mövcuddur. O, İspaniyada vətəndaş müharibəsində könüllü kimi döyüşüb, 1941-ci ildə isə Yaponiyaya gedərək diplomatik nümayəndəlikdə çalışıb. Əslində onun əsas vəzifələrindən biri Yaponiyadakı sovet kəşfiyyat şəbəkəsi ilə əlaqə saxlamaq olub. Bu şəbəkənin tanınmış simalarından biri isə əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorge olub.
Moskvadan gələn tapşırıq konkret olub: bombardmanın nəticələrini araşdırmaq, dağıntıların miqyasını müəyyənləşdirmək, partlayışın izlərini və kraterlərin dərinliyini ölçmək, mümkün qədər çox maddi sübut toplamaq.
İvanov və Sergeyev avqustun 16-da Hiroşimaya daxil olublar. Daha sonra Naqasakiyə də gediblər. Yaponiyada vəziyyət son dərəcə gərgin olub. Sovet “diplomatları” yolboyu yerli əhalinin düşmən münasibəti ilə qarşılaşıb, hətta daşqalaq ediliblər. Lakin onları qarşıda gözləyən mənzərə bununla müqayisədə daha dəhşətli olub. Kəşfiyyatçıları ilk növbədə bir detal təəccübləndirib: partlayışın episentrində adi bombardman zamanı yaranan nəhəng krater olmayıb. Bu, onların qarşısında tamamilə yeni tip silahın olduğunu göstərib.
İvanov sonradan Hiroşimadakı dağıntıları təsvir edərkən partlayışın nəticələrini sanki nəhəng bir varlığın şəhəri əzib keçməsi ilə müqayisə edib. Daşların üzərində insan siluetləri görünüb. Nüvə partlayışının yüksək temperaturu nəticəsində insanların kölgələri səthlərdə iz kimi qalıb. Sonralar bunlar “Hiroşima kölgələri” kimi məşhurlaşıb. Kəşfiyyatçılar episentrdə dağıntılar arasından müxtəlif nümunələr toplayıblar. Radioaktiv torpaq, daşlar və digər materiallarla yanaşı, insan qalıqları da onların gətirdiyi nümunələr arasında olub.
İvanov daha sonra öz təəssüratlarını Stalinə və Lavrenti Beriyaya şəxsən danışıb. Beriyanın onun dediklərinə inanmadığı və kəşfiyyatçını “panikaya düşən adam” adlandırdığı iddia olunur. Lakin hadisələrin miqyası tezliklə Sovet rəhbərliyinin atom silahı proqramına münasibətini dəyişib.
İvanov və Sergeyev Hiroşima və Naqasakidə heç bir radiasiya mühafizəsi olmadan çalışıblar. Nəticədə hər ikisi şüa xəstəliyinə tutulub. German Sergeyev xəstəlikdən qısa müddət sonra vəfat edib. İvanov isə sağ qala bilib. Həkimlər onun müalicəsi zamanı təxminən səkkiz litr qan köçürüblər. Buna baxmayaraq, kəşfiyyatçının öz fikri başqa olub. O, Hiroşimada içdiyi bir şüşə yapon viskisinin – “Suntory”nin onu radiasiyanın ən ağır nəticələrindən xilas etdiyinə inanıb. Bu inanc sonradan sovet hərbçiləri arasında qəribə bir əfsanənin yaranmasına səbəb olub. Radiasiyaya məruz qalan bəzi hərbçilər spirtli içkinin qoruyucu təsir göstərdiyinə inanmağa başlayıblar. Hətta atom sualtı qayıqlarında xidmət edən dənizçilərin gündəlik qəbul etdikləri 200 qram quru şəraba zarafatla “İvanov stəkanı” adı verdikləri bildirilir.
Mixail İvanov isə sağalaraq uzun ömür sürüb. O, QRU-nun general-mayoru rütbəsinə qədər yüksəlib və 2013-cü ildə, 101 yaşında vəfat edib. Beləliklə, Hiroşima və Naqasakidəki nüvə faciəsi yalnız Yaponiya tarixinin deyil, həm də Soyuq müharibənin başlanğıcını müəyyən edən ən mühüm hadisələrdən birinə çevrilib. Dağıdılmış şəhərlərə gedən sovet kəşfiyyatçıları isə ABŞ-ın yeni silahının dəhşətli gücü barədə Kremlə ilk məlumatları çatdıran şəxslər sırasında yer alıblar.
İlkin Nəcəf, xüsusi olaraq
Musavat.com üçün
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ