Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdəki hərbi-siyasi böhrana paralel olaraq, enerji bazarlarında yaşanan kəskin dalğalanmalar neft məhsullarının bahalaşmasına yol açır. Eyni zamanda, bu, həm də dünyanın ən iri enerji və müdafiə sənayesi şirkətlərinin gəlirlərinə ciddi təsir göstərir. ABŞ və İran arasında mümkün danışıqların bərpası barədə ziddiyyətli açıqlamalar enerji bazarlarında qeyri-müəyyənliyi artırır. Və bu baxımdan, Yaxın Şərqdə hərbi eskalasiya ehtimalı bəzi nəhəng korporasiyalar üçün böyük maliyyə imkanları yaradır.
Onu da qeyd etmək lazımdır ki, hazırda enerji bazarlarında qiymət dalğalanmalarının əsas xüsusiyyəti məhz qeyri-müəyyənlikdir. Düzdür, ABŞ və İran arasında danışıqların bərpa oluna biləcəyi barədə xəbərlər neft qiymətlərinin müəyyən qədər sabitləşməsinə səbəb olur. Ancaq Ağ Ev və rəsmi Tehran tərəfindən verilən bir-birinə zidd açıqlamalar investorların risklərini də artırır.
Məsələ ondadır ki, bir müddət öncə Qətər rəsmilərinin açıqlamalarından sonra neft kotirovkalarının təxminən 5 faiz ucuzlaşması enerji bazarının siyasi mesajlara nə qədər həssas olduğunu bir daha göstərdi. Eyni zamanda, İran tərəfinin ABŞ prezidenti Donald Trampın danışıqlarda guya ciddi irəliləyiş əldə edildiyi barədə açıqlamasını təkzib etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Və Tramp administrasiyasının İranla bağlı hərbi ritorikanı əvvəlcə sərtləşdirməsi, daha sonra isə vəd etdiyi “misli görünməmiş” hərbi əməliyyatı gözlənilmədən təxirə salması da bazarlarda əlavə dalğalanmalar yaratdı.
Təbii ki, belə vəziyyətdə enerji qiymətlərinin bir neçə saat və ya gün ərzində kəskin dəyişməsi böyük həcmli maliyyə əməliyyatları həyata keçirən investorlar və korporasiyalar üçün əhəmiyyətli gəlir imkanları yarada bilər. Məhz bu önəmli məqam Yaxın Şərq böhranının yalnız hərbi və siyasi-diplomatik deyil, həm də ciddi maliyyə-iqtisadi maraqlar üzərində qurulan tərəfini gündəmə gətirir. Belə ki, enerji bazarlarında qiymətlərin yüksəlməsi istehlakçılar üçün yanacağın bahalaşması və inflyasiya təzyiqinin artması deməkdir.
Bu haldasa, hasilat və enerji ixracı ilə məşğul olan nəhəng şirkətlər üçün gəlirlərin yüksəlməsi baxımından, daha münbit şərait yaranır. Bunun ən diqqətçəkən göstəricilərindən biri də məhz dünyanın aparıcı neft-qaz şirkətlərinin son maliyyə nəticələridir. Çünki ExxonMobil, Chevron, Shell, BP və TotalEnergies şirkətlərinin 2026-cı ilin ikinci rübündə ümumi mənfəətinin təxminən 50 milyard dollara çatdığı bildirilir. Və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə ciddi gəlir artımından xəbər verir.
Maraqlıdır ki, ayrı-ayrı şirkətlərin maliyyə nəticələri də enerji böhranının korporativ gəlirlərə birbaşa təsirini nümayiş etdirir. Belə ki, BP-nin ikinci rübdə mənfəəti 1,5 dəfə artaraq, 5,7 milyard dollara çatıb. "Chevron"un gəlirlərində təxminən beşqat artım, "ExxonMobil"də iki dəfəyə yaxın, "Shell"də isə iki dəfədən çox yüksəlişin qeydə alındığı bildirilir. Səudiyyə Ərəbistanının nəhəng enerji şirkəti "Saudi Aramco"nun mənfəəti də 33 faiz artıb.
Onu da qeyd etmək lazımdır ki, bütün bu rəqəmlər enerji bazarında olduqca önəmli paradoksu da ortaya qoyur: Belə ki, Yaxın Şərqdə hərbi-siyasi gərginlik istehlakçılar üçün əlavə xərclər yaratdığı halda, bəzi nəhəng enerji korporasiyaları üçün əlavə gəlir artımına çevrilir. Xüsusilə də, Hörmüz boğazı ətrafında davam edən gərginliyin qlobal enerji bazarlarının ən həssas nöqtələrindən birinə çevrildiyi inkaredilməz reallıqdır.
Məsələ ondadır ki, dünya neft və maye qaz daşımalarının önəmli hissəsi məhz bu strateji marşrutdan keçir. Ona görə də, istənilən hərbi eskalasiya ehtimalı dərhal neft qiymətlərinə və sığorta xərclərinə dərhal təsir göstərir. Nəticədə enerji bazarında “risk mükafatı” formalaşır və enerji daşıyıcılarının qiymətinə əlavə yük daxil olur. Halbuki, həmin proses yalnız bununla da məhdudlaşmır.
Digər tərəfdən, Yaxın Şərqdə genişmiqyaslı hərbi qarşıdurma ehtimalının artması müdafiə sənayesində də yeni silah sifarişləri dalğası yaradır. ABŞ və Avropa ölkələri ilə yanaşı, region dövlətlərinin də hava hücumundan müdafiə sistemlərinə, raketlərə, pilotsuz uçuş aparatlarına, radar sistemlərinə, sursat və digər hərbi texnologiyalara tələbatı sürətlə artır. Və bu isə iri silah istehsalçıları üçün milyardlarla dollar dəyərində yeni müqavilələr deməkdir.
Beləliklə, Yaxın Şərq böhranı uzandıqca, onun maliyyə-iqtisadi nəticələri də müxtəlif istiqamətlər üzrə şaxələnir. Enerji şirkətləri yüksək neft və qaz qiymətlərindən, müdafiə sənayesi isə artan hərbi xərclərdən geniş şəkildə faydalana bilirlər. Dövlət büdcələri isə bunun əksinə olaraq, həm enerji subsidiyalarına, həm də müdafiə xərclərinin artırılmasına daha çox vəsait ayırmaq məcburiyyətində qalır.
Ona görə də, burada əsas məsələ hərbi böhranların kimin üçün xərc, kimin üçün isə gəlir mənbəyinə çevrilməsi ilə bağlıdır. Yəni, müharibə təhlükəsi adi vətəndaşlar üçün yanacağın, ərzağın, daşınmanın və digər məhsulların bahalaşması deməkdir. Ancaq enerji və müdafiə sektorlarında fəaliyyət göstərən bəzi nəhəng korporasiyalar üçün isə bu, yeni və daha geniş bazar imkanları yaradır.

Bununla belə, enerji və silah şirkətlərinin yüksək mənfəət əldə etməsini avtomatik şəkildə siyasi manipulyasiyanın sübutu kimi qiymətləndirmək olmaz. Neft qiymətlərinə yalnız siyasi açıqlamalar deyil, həm də qlobal tələb-təklif balansı, hasilat səviyyəsi, ehtiyatlar, logistika, valyuta məzənnələri və bazar iştirakçılarının gözləntiləri də təsir göstərir. Eyni şəkildə, müdafiə şirkətlərinin sifarişlərinin artması yalnız konkret siyasi qərarlardan deyil, həm də dövlətlərin uzunmüddətli təhlükəsizlik strategiyalarından da qaynaqlana bilər.
Ancaq bütün bu amillər bir reallığı heç bir halda, dəyişmir. Belə ki, Yaxın Şərq böhranı ətrafında qeyri-müəyyənlik davam etdikcə, enerji və müdafiə bazarlarında böyük həcmli maliyyə dövriyyəsi formalaşır. Bu proses Yaxın Şərqdəki geopolitik böhranın yalnız siyasi-diplomatik və hərbi-syrateji deyil, həm də nəhəng maliyyə-iqtisadi maraqların toqquşduğu bir poliqon olduğunu göstərir.
Ona görə də, əgər, ABŞ və İran arasında siyasi-diplomatik kanallar real nəticələr verməsə və Hörmüz boğazı ətrafında gərginlik daha da yüksəlsə, onda enerji qiymətlərində yeni sıçrayışlar və müdafiə xərclərində əlavə artımlar qətiyyən istisna deyil. Əksinə, davamlı siyasi razılaşma əldə olunarsa, enerji bazarındakı "risk mükafatı" zəifləyə və qiymətlər aşağı istiqamət üzrə hərəkət edə bilər. Və mövcud situasiya isə onu göstərir ki, Yaxın Şərq böhranının yaratdığı risklər dövlətlərin üzərinə əlavə maliyyə-iqtisadi yük qoyduğu halda, bəzi nəhəng korporasiyalar üçün onmilyardlarla dollarlıq yeni gəlir imkanlarına çevrilir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ