Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Proqramda diqqətçəkən yeniliklərdən biri yeni hotel otaqlarının yaradılmasının birbaşa subsidiyalaşdırılmasıdır. Proqramın icrası məqsədilə tərtib olunan Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi verilməsi nəzərdə tutulur.
Sənəddə bunun mexanizmi də konkret göstərilir: yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiya veriləcək. Sənədə əsasən bu yeniliyin tətbiqi üçün normativ hüquqi akt hazırlanacaq. Akt təsdiq edildikdən sonra subsidiya mexanizminin tətbiqinə başlanacaq. Məqsəd yerləşmə vasitələrinin birdəfəlik tutumunun artırılmasıdır.
Bu, praktik olaraq o deməkdir ki, məsələn, sahibkar yeni 100 otaqlı hotel inşa edərsə, gələcəkdə müəyyən ediləcək şərtlərə cavab verdiyi halda 100 yeni otağa görə dövlət dəstəyi almaq imkanı yarana bilər.
Hələlik yeni tikiləcək hotel otaqlarına görə ödəniləcək subsidiyanın konkret məbləği göstərilmir. Məbləğ, meyarlar və digər şərtlər sonradan hazırlanacaq normativ hüquqi aktlarla dəqiqləşdiriləcək.

Dövlət Proqramında qeyd olunur ki, Dünya İqtisadi Forumuna görə, Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən mehmanxana (hotel) otaqlarının sayı 2021-ci ildə 0,25 olub ki, bu da dünya üzrə orta göstəricidən 2,6 dəfə azdır. Bildirilir ki, investisiya mühitinin inkişaf etdirilməsi təklif adekvatlılığının artırılması və qiymətlərin optimallaşması ilə nəticələnəcək.
Proqramda turizmin inkişafı, o cümlədən yeni hotellərin yaradılması üçün bir sıra başqa tədbirlər də nəzərdə tutulur. Bura həmçinin turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin götürdükləri biznes kreditlərinin faizinin subsidiyalaşdırılması da daxildir.
Qeyd edək ki, xüsusilə regionlarda və xüsusilə azulduzlu hotellərin sayının artırılması turizmin inkişafına dair bundan əvvəlki sənədlərdə dəfələrlə əksini tapan tədbirlərdəndir. Lakin indiyədək bu istiqamətdə ciddi irəliləyiş nəzərə çarpmır. Halbuki Azərbaycanda problem mehmanxana-hotel otağı sayının çatışmazlığı deyil, mövcud otaqların dolmamasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2025-ci ilin yanvar-iyun aylarında 21,4 faiz). 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub. Bu zaman əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir. Azərbaycan vətəndaşlarının mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizini təşkil edir və ötən illə müqayisədə 5 faiz azalma deməkdir. Ötən il xaricilərin gecələmə sayında 10,3 faiz, Azərbaycan vətəndaşlarının gecələmə sayında isə 0,9 faiz artım olmuşdu.
Yəni hazırkı otaq saylarının 20 faizi dolmursa, biz əlavə otaqların tikilməsinə deyil, xidmət keyfiyyətinin artırılmasına, ölkəni turizm üçün cəlbedici hala gətirməyə hesablanmış addımlar atmalıyıq.
Digər problem hotel və mehmanxanalardakı gecələmələrin böyük əksəriyyətinin Bakıda baş verməsidir. Rəsmi statistikaya əsasən gecələmələrin ümumi sayının 58,8 faizi Bakıda, 5,9 faizi Qusarda, 5,5 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 3,1 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlarda qeydə alınıb.
Bu zaman əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Bu statistika göstərir ki, Azərbaycanda hotel və mehmanxanalarda gecələyənlərin əsas hissəsi əcnəbilər tərəfindən və Bakı şəhərində qeydə alınır. Regionlarda gecələmə sayının az olmasının əsas səbəbi hotel və mehmanxana qiymətlərinin çox yüksək olması ilə bağlıdır. Regionlarda əksər hotel və mehmanxanaların otaqlar üçün təklif etdiyi qiymətlər orta statistik azərbaycanlı üçün əlçatmazdır. Buna görə də region hotel və mehmanxanalarında bir qayda olaraq müxtəlif dövlət qurumlarının rayonlara ezam olunmuş əmədkaşları, regionlarda keçirilən tədbirlərdə iştirak edənlər və az sayda xarici turistlər gecələyir. Yerli əhalinin böyük əksəriyyəti bir qayda olaraq, turizm bölgələrində gündəlik kirayə verilən fərdi evlərdə qalmağa üstünlük verirlər.
Bu isə o deməkdir ki, turizmin inkişafına dair proqramda hotel otaqlarına görə nəzərdə tutulan subsidiya mexanizmi dəqiqləşdirildikdə, regionlar üçün daha üstün şərtlər qoyulmalıdır. Yəni regionda yeni hotel otağı istifadəyə verən sahibkar Bakıda bunu edəndən daha çox subsidiya almalıdır. Bölgələrdə və eləcə də bütün Azərbaycanda turizmin inkişafına real təkan verəcək digər addım subsidiyanın 4-5 ulduzlu hotel otağına deyil, məhz aşağı və orta büdcəli - 2-3 ulduzlu hotel otaqları üçün verilməsi olar.
Daha bir mühüm məsələ xüsusilə regionlarda hotel və mehmanxanalardakı xidmət səviyyəsidir. Uzun illərdir turistləri narahat edən bu problem hələ də həllini tapmayıb. Bir çox hallarda hətta Bakının özündə belə 4-5 ulduzlu hoteldə xidmət səviyyəsi dünyada 2-3 ulduzlu hotellər üçün nəzərdə tutulandan qat-qat aşağı olur. Bura otaqların təmizlənmə tezliyindən tutmuş, təklif olunan xidmətlərin vaxtında icra edilməsinə, müştəri ilə ünsiyyət qabiliyyətinə qədər qədər çoxsaylı çatışmazlıqlar daxildir. Dövlət Prqoramının Tədbirlər Planında mehmanxana (hotel) və digər yerləşmə vasitələri üçün normativ hüquqi aktlarla sanitariya və gigiyena ilə bağlı tələblərin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda turizm sahəsi üzrə ixtisaslı kadrların hazırlanması istiqamətində addımlar atılması planlaşdırılır. Bu tədbirlər effektiv şəkildə həyata keçirilməsə, hotel və mehmanxanalarda gecələmələrin sayında ciddi artım gözləməyə dəyməz.
Hotel və mehmanxanaların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi də vacib məqamlardan biridir. Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,8 faiz azalaraq 279,0 milyon manat olub ki, onun da 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Bu, o deməkdir ki, nömrələrə görə ödənişlər 170,5 milyon manat təşkil edib. Bu, həmçinin o deməkdir ki, hotel (mehmanxana) otağında 1 gecələmə üçün turistlər orta hesabla cəmi 94,3 manat ödəyiblər. Halbuki nəinki Bakıda, heç regionlarda belə bu qiymətə normal hoteldə qalmaq mümkün deyil, olsa-olsa region hostellərində qalmaq olar.

Nəhayət, son olaraq qeyd etməyə dəyər ki, turizm iqtisadiyyatın digər sahələrinə sıx bağlı olan bir biznesdir. Buna görə də turizmin inkişafı ayrılıqda götürülmüş formada mümkün deyil, bunun üçün bütün ölkədə və iqtisadiyyatın bütün sahələrində normal biznes mühiti olmalıdır.
Dünya,
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ