Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, deputat Razi Nurullayev çıxışında deyib:
“Bu qanun layihəsi ilə bağlı mənim əsas narahatlığım satınalmaların əhatə dairəsinin genişləndirilməsindən daha çox, bu satınalmaların nə qədər şəffaf və rəqabətli həyata keçiriləcəyidir. Çünki dövlət satınalmaları sahəsində bu günə qədər sahibkarların kifayət qədər ciddi narazılıqları olub. Söhbət yalnız ayrı-ayrı texniki problemlərdən getmir. Satınalmaların şəffaflığı, tender şərtlərinin necə hazırlanması, rəqabətin təmin olunması, sahibkarların prosesdən kənarlaşdırılması və nəticələrin əsaslandırılması ilə bağlı suallar dəfələrlə səsləndirilib. Hətta dövlətin özünün Antiinhisar və İstehlak Bazarına Nəzarət qurumu tenderlərdə konkret markaya və ya konkret iştirakçıya üstünlük verə biləcək məhdudlaşdırıcı texniki tələblərin yolverilməz olduğunu xüsusi qeyd edir. Bu, belə risklərin real olduğunu göstərir. Deməli, biz problemi yalnız sahibkarların narazılığı kimi təqdim edə bilmərik. Sistemin özündə də ciddi nəzarət tələb edən hallar olub. İndi isə təqdim olunan layihə ilə xüsusi satınalma rejiminin dairəsi daha da genişləndirilir. Buraya dövlət müəssisələri ilə yanaşı, dövlət payı olan təsərrüfat cəmiyyətləri, publik hüquqi şəxslər və onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslər də daxil edilir. Mən burada çox açıq bir sual vermək istəyirəm: Əgər biz onsuz da şəffaflıqla bağlı narazılıqların olduğu bir sahədə xüsusi satınalma rejiminin əhatəsini genişləndiririksə, şəffaflığın təminatı üçün əlavə hansı mexanizmləri yaradırıq? Çünki xüsusi qayda o demək deyil ki, xüsusi qurum daha az hesabat verməlidir. Əksinə, məncə, ümumi satınalma qaydalarından kənara çıxan hər bir qurum daha çox şəffaflıq göstərməlidir”.
Deputat qeyd edib ki, layihədə həmin subyektlərin satınalma qaydasının ayrıca müəyyən ediləcəyi nəzərdə tutulur:
“Burada qanunverici olaraq bizim üçün ən vacib məsələ həmin qaydaların hansı prinsiplər əsasında hazırlanacağının əvvəlcədən aydın olmasıdır. Sahibkar bilməlidir: tenderdə iştirak etmək üçün hansı şərtlər var, qiymətləndirmə necə aparılacaq, niyə bir şirkət qalib elan edildi, digəri niyə kənarlaşdırıldı və pozuntu gördükdə hara müraciət edə bilər. Bu gün qanun sahibkara şikayət etmək imkanı verir. Təchizatçı satınalan təşkilatın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən şikayət edə, müəyyən hallarda nəzarət orqanına və məhkəməyə müraciət edə bilər. Düşünürəm ki, şikayət hüququnun kağız üzərində olması kifayət deyil. Onun real işlək mexanizmə çevrilməsi lazımdır. Təklifim budur: xüsusi satınalma rejiminə daxil edilən qurumların siyahısı və meyarları mümkün qədər dəqiq müəyyənləşdirilsin. Satınalmaların elanları, texniki şərtləri, qiymətləndirmə meyarları, qaliblər və nəticələr maksimum dərəcədə elektron və açıq formada təqdim edilsin. Texniki şərtlərlə konkret şirkətin əvvəlcədən üstün vəziyyətə gətirilməsinə imkan verilməsin. Şikayət mexanizmi isə tam müstəqil və effektiv işləsin. Çünki dövlət satınalması sadəcə dövlətin mal və xidmət alması deyil. Bu, sahibkarın dövlət bazarına çıxışıdır. Əgər bu bazarda rəqabət yoxdursa, dövlət daha baha qiymət ödəyə bilər, sahibkar isə bazarını itirə bilər. Ona görə də, bu dəyişiklikləri qəbul edərkən əsas meyarımız yalnız satınalmanın sürətləndirilməsi deyil, şəffaflığın, rəqabətin və sahibkarın hüquqlarının daha etibarlı qorunması olmalıdır. Biz dövlət satınalmalarını sadələşdirə bilərik, sürətləndirə bilərik, xüsusi qaydalar da yarada bilərik. Amma şəffaflıq məsələsində güzəştə getməməliyik”.
E.Paşasoy,
Musavat.com
01 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ