İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp NATO-nu yaxşılar və pislərə bölür?

Donald Tramp administrasiyasının NATO daxilində seçilmiş ölkələrlə ayrıca işləməyə başlaması Avropada narahatlıq yaradıb. Pentaqonun NATO-nun gələcəyini müzakirə etmək üçün təşkil etdiyi qapalı formata Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr dəvət edilməyib. Maraqlıdır ki, kənarda saxlanılanların bir qismi Alyansın ən mühüm hərbi gücləri və müdafiəyə böyük vəsait ayıran ölkələridir.

Musavat.com “Politico”ya istinadən xəbər verir ki, gələn ay Polşada keçirilməsi nəzərdə tutulan görüşə Pentaqonun siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi təşəbbüs göstərib.

Hazırlıq prosesindən məlumatlı altı diplomatın sözlərinə görə, söhbət mahiyyət etibarilə NATO-nun gələcəyi üzərində işləyəcək qrupdan gedir.

Lakin iştirakçıların seçilməsi Alyans daxilində suallar doğurub. Böyük Britaniya, Fransa, Estoniya, Latviya və Litva görüşə dəvət edilməyib. Halbuki bu ölkələrdən bəziləri Avropada müdafiə xərclərinin yüksək olduğu dövlətlər sırasındadır və NATO-nun hərbi strukturunda mühüm rol oynayırlar.

“Bizdən tələb olunan hər şeyi edirik. Meyarların nə olduğunu və bu görüşlərin hansı məqsədə xidmət etdiyini anlamağa çalışırıq. Hələlik bizə çox az məlumat verilib”, – görüşə dəvət edilməyən NATO ölkələrindən birinin rəsmisi bildirib.

Ağ Ev “Politico”nun sorğusuna cavab verməyib, Pentaqon isə məsələyə şərh verməkdən imtina edib.

Məsələnin diqqətçəkən tərəfi odur ki, Kolbi bundan əvvəl də eyni formatda iki görüş keçirib. Həmin görüşlərə Norveç, İsveç, Finlandiya, Polşa, Almaniya və Niderland dəvət olunub.

Bu altılığın iştirakı ilə keçirilən danışıqlar artıq “Bergen qrupu” adlandırılır. Qrupa daxil olan ölkələrdən birinin diplomatı isə formatın NATO-nu parçalamaq məqsədi daşımadığını bildirib. Onun sözlərinə görə, kiçik qrupda Alyans üçün ideyalar hazırlanacaq, daha sonra həmin təkliflər bütün NATO ölkələrinin müzakirəsinə çıxarılacaq.

Diplomat bunu NATO üçün “transformasiya mühərriki”nə çevrilə biləcək mexanizm adlandırıb.
Lakin hətta görüşlərə dəvət olunan ölkələrin diplomatları arasında seçim meyarları ilə bağlı suallar var. Xüsusilə Böyük Britaniya kimi Avropanın aparıcı hərbi güclərindən birinin niyə formatdan kənarda saxlanıldığı anlaşılmazlıq yaradıb.

Diplomatlardan biri vəziyyəti belə qiymətləndirib: “Əgər NATO-nu yaxşılara və pislərə bölməyə çalışsalar, bu, ABŞ üçün təhlükəlidir. Avropa üçün isə bu, ekzistensial məsələdir”.

Yeni format Tramp administrasiyasının NATO müttəfiqlərinə münasibətdə daha seçici siyasət yürüdə biləcəyinə dair əvvəlki siqnallar fonunda ortaya çıxıb.

“Politico” hələ aprel ayında Ağ Evdə Trampın tələblərinə uyğun davranan və davranmayan müttəfiqləri fərqləndirən, qeyri-rəsmi şəkildə “yaxşılar və pislər siyahısı”na bənzədilən yanaşmanın müzakirə edildiyini yazmışdı.

ABŞ müdafiə naziri Pit Heqset də bundan əvvəl “nümunəvi müttəfiqlər” anlayışından istifadə etmiş və Vaşinqtonun maraqlarını dəstəkləməyən tərəfdaşların bunun nəticələri ilə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.

Tramp özü də NATO ölkələrini dəfələrlə müdafiə xərcləri və ABŞ-ın hərbi-siyasi təşəbbüslərinə münasibətlərinə görə tənqid edib. Bergen formatının təşəbbüskarı Kolbi isə fərqli izah verir. O, ilk belə görüşdən sonra iştirakçıları müdafiə xərcləri ilə bağlı Haaqa öhdəliklərini sürətlə yerinə yetirən, real hərbi imkanlara malik və praktiki işə hazır NATO müttəfiqləri kimi xarakterizə edib.

Kolbinin sözlərinə görə, məqsəd NATO-nun daxilində ayrıca blok yaratmaq deyil, nəticədə “bütün Alyansı özü ilə aparmaq”, Avropanın hərbi imkanlarını artırmaq və NATO-nu daha dayanıqlı etməkdir.

Bununla belə, Vaşinqtonun növbəti mərhələdə bu dar çevrəyə Danimarkanı da əlavə edə biləcəyi bildirilir. Bu ehtimal ABŞ və Danimarka arasında Qrenlandiyada Amerika hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmadan sonra gündəmə gəlib.
Beləliklə, Polşadakı görüş hələ baş tutmamış onun iştirakçı siyahısı NATO daxilində ayrıca siyasi məsələyə çevrilib: masanın bir tərəfində ABŞ-ın seçdiyi Norveç, İsveç, Finlandiya, Polşa, Almaniya və Niderland, digər tərəfində isə niyə dəvət edilmədiyini anlamağa çalışan Britaniya, Fransa və Baltikyanı müttəfiqlər dayanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR