İnsanlara hürriyət, millətlərə istiqlal!

Qatlanmayan qollar

Yaxud cənnətin əlamətlərindən biri

Deyəsən, milli futbol komandamız cırtdan Lixtenşteyn dövlətinin komandası ilə oynamalıdır və internetdə həmin Lixtenşteynin oyunçularının əslində peşəkar futbolçu olmadığı barədə xəbər paylaşıblar. Biri satıcıdır, biri reklamçı, üç-dördü tələbədir, nə bilim, bəlkə aralarında santexnik və avtobus sürücüsü, o cümlədən köşə yazarları da vardır.

Ancaq guya bizim millidə oynayanlar peşəkar futbolçudur ki? Onlar peşəkar futbolçudursa, məsəl üçün, İspaniyanın, İngiltərənin, Fransanın oyunçuları kimdir, nəçidir? Lap heç o qədər uzağa getməyək, onsuz sərhəd bağlıdır – qonşu Gürcüstan komandasında oynayan Kvaratsxeliya peşəkar sayıla bilərmi?

Təzəlikcə FİFA-nın müdiri İnfantino Bakıya gəlmişdi. Burada hansısa yeniyetmə dünya çempionatı-filan olacaq, ona görə. Elə Canni müəllimin səfərindən bircə gün qabaq bizim qızlar – 17 yaşadək Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxmışdı və zalım İrlandiya komandası onlar üzərində...

Açığı, mən bilmirəm o hesabı burada yazmaq peşə etikasına uyğundurmu. Məsələn, müəyyən cinayət hadisələri olur, qurbanların adını yazmırlar, şəklini dərc etmirlər. Elə bugünlərdə Pakistanda həmyerlimizi qrup halında zorlamışdılar, bəzi yoldaşlar nifrət püskürürdü ki, nə üçün mətbuat həmin zənən xeylağının fotosunu açıq vermişdir. Nəsə, günah məndən getdi, hesabı yazıram: komandamız 16:0 uduzmuşdu.

Belə milli komanda, görəsən, AFFA-nın nəyinə lazımdır? Dəli şeytan deyir ki, müəyyən insanlar var, sərhədlər “korona pandemiyasına görə” sayın Operativ Qərargahımız tərəfindən bağlandığı üçün xaricə çıxmaqda çətinlik çəkirlər və pul-para basıb uşaqlarını bu əcaib “milli” komandalara üzv edirlər. Ki, heç olmazsa bu minvalla dünyanı gəzə bilsinlər. Yoxsa min uçağa, get, Albaniyada 16 top vursunlar, qayıt gəl, burda nə milli marağımız ola bilər?

Hərdən də anekdotlardakı tipdə vəziyyət yaranır. Məsələn, bugünlərdə Gürcüstanla Ukrayna oynayırdı, hakim isə azərbaycanlı idi. Bu da onu göstərir ki, ən azı hakimlik sahəsində inkişafımız vardır. Yəqin dünyada stadionu hakimin adını daşıyan yeganə ölkə olduğumuz üçündür.

Ümumən, bu cür hakim-məhkəmə, insan hüquqları temalarında yüksək səviyyədə inkişaf etmişik. Elə hazırda xalqı sevindirən əsas hadisələrdən biri insan haqları üzrə müvəkkilin – sayın ombudsmanımızın aylıq maaşının 12 min manata qaldırılmasıdır. Hər yerdə insanlar bunu qeyd edirlər, insan haqlarına qoyulan hörmətin mühüm əlaməti sayırlar.

İşin maraqlı cəhətlərindən biri isə sayın ombudsmanın maaşını qaldıran orqanda, yəni, Milli Məclisdə deputatlardan birinin onun həyat yoldaşı olmağıdır. Məntiqlə, sayın deputat öz ailə büdcəsinin artımına səs vermişdir. Bəzi hüquqi ədəbiyyatlarda buna, səhv eləmirəmsə, “maraqların toqquşması” deyirlər, yüngülvari korrupsiya halı sayırlar. (Etiraf edirəm, “maraqların toqquşması” barədə yazanda özümü də gic gülmək tutdu. Sayın oxucular bağışlasın. Hərdən belə mənasız, axmaq fikirlər adamın başına gəlir. O köhnə anekdotu parafraz eləsək, indiyə “maraq toqquşması” qalar?).

Yazımızı bir pritça ilə sonlandıraq, əziz oxucular günahımızdan keçsin bəlkə.

Bir nəfər ölür, bunu gətirirlər ortalığa, deyirlər, hesablamışıq, sən həyatın boyu günah və savabı bərabər sayda eləmisən, ona görə qərar vermişik, gələcəyini harda davam elətdirməyi özün seçəcəksən. Adam deyir, yaxşı. Mələk bunu əvvəlcə aparır Cəhənnəmə. Görür burda masalar yemək-içməkdən az qala sınır, hər şey var, ancaq qol qatlanmadığı üçün yeməyi ağızlarına apara bilmirlər, hamı ac-susuz, əzab çəkir, mələşirlər. Sonra Cənnəti göstərirlər, burda da eyni masalar varmış, həmçinin, adamların qolu yenə qatlanmırmış, lakin burda camaat deyib-gülür. Adam deyir indi bunun mənası, fərqi nə oldu? Mələk deyir: “Bircə fərq var ki, Cənnətdə hərə başqasını yedizdirir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR