İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – Bu, xilaskarın biri. Bəs o birilər hanı?

Şəkildə İsrailin baş naziri Binyamin Netanyahu və dünən “Flydubai” təyyarəsini qəzaya uğramaqdan qurtaranlardan biri olan Yaniv Hayondur.

Göründüyü kimi, baş nazir qəbuluna qanlı köynəkdə gətirilmiş Yanivi əzizi kimi qucaqlayır.

Dünən məlum insidentdən sonra Y.Hayonu Səudiyyə Ərəbistanından xüsusi reyslə Təl-Əvivə aparıblar və o, orada baş nazirlə görüşüb, söhbət edib.

Netanyahu onun qəhrəmanlığını tərifləyib.

Söz yox, Yaniv gerçəkdən də qəhrəmanlıq edib, özünü təyyarəni qəzaya uğratmaq istəyən fanatik pilotun üstünə atıb, onun təyyarənin idaretmə lövhəsini xarab etməsinə imkan verməyib və sürətlə yerə millənən uçağın şturvalını özünə çəkərək təyyarənin yenidən yüksəklik yığmasını təmin edib.

Dediyinə görə, o, bunu “Hava qəzaları təhqiqatı” adlı verilişə müntəzəm baxaraq öyrənib.

yaniv.jpeg (80 KB)

Bura qədər yaxşıdır. Bəs bir günün içində boynuna qəhrəmanlıq çələngi keçirən, özünü “aslan” adlandıran və baş nazir tərəfindən gördüyü iltifatdan məmnun olan Yaniv “şturvalı özünə tərəf çəkmək”lə göyərtəsində 180 nəfərin olduğu təyyarəni hansısa hava limanına endirə biləcəkdimi?

Əlbəttə, bu, mümkün olan iş deyil. Bunu televiziya verilişlərinə baxa-baxa öyrənmək olmur. Bundan ötrü illərlə xüsusi aviaməktəbdə pilotluq təhsili almaq, daha sonra uzun illər təcrübə keçmək lazımdır.

Demək, təyyarənin sağ-salamat aeroport pistinə endirilməsi üçün başqaları da əmək sərf edib. Bəs kimdir onlar?

Bu xüsusda yayılan informasiyalarda təyyarəni endirən şəxslərin adı çəkilmir, eləcə göstərilir ki, onlar iki nəfər olublar, biri ukraynalı, digəri rusiyalı pilotlar imiş. Onlar 3 dəqiqə boyunca idarəsiz qalan təyyarənin pilot oturacağına əyləşərək, yiyəsiz qalmış şturvalın arxasına keçərək hava gəmisini idarə edib, hava limanına endiriblər. 180 nəfəri əsl xilas edən məhz onlardır.

Əgər adları məlum olmayan bu şəxslər olmasaydı, Yaniv Hayonun qəhrəmanlığının heç bir əhəmiyyəti olmayacaqdı, təyyarə yenə də harasa çırpılacaq və hamı məhv olacaqdı.

Bundan başqa, terrorçu pilotun zərərsizləşdirilməsində, əl-qolunu qulaqlıq şnuru ilə sarınmasında rol oynayan digər fədakar adamların da adları çəkilmir. Bu hadisəyə görə şöhrət çələngi yalnız Yaniv Hayona qismət olub.

Əcəba, nədən? Ona görə ki, o, yəhudidir və yəhudi dövlətinin başçısı Netanyahu öz soydaşının qəhrəmanlığını qabardıb şişirtmək istəyir.

Nəticədə məşum bir terror aktının, böyük bir faciənin baş tutmasının qarşısını alan, 180 nəfəri xilas edən peşəkar pilotların və digər sərnişinlərin haqqı yeyilir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR