Onlayn ictimai-siyasi qəzet
Rusiyanın siyasi səhnəsinin ən müəmmalı və ideoloji baxımdan təsirli oliqarxlarından biri sayılan Konstantin Malofeyevin hakimiyyət daxilində mövqelərinin zəiflədiyi iddia olunur. “Pravoslav oliqarx” kimi tanınan Malofeyevin Dövlət Dumasında özünə yaxın şəxsləri yüksək postlara yerləşdirmək planlarının baş tutmadığı bildirilir.
Musavat.com rucriminal.info-ya istinadən xəbər verir ki, mənbə Malofeyevin son dövrdə Dövlət Dumasındakı təsir imkanlarını ciddi şəkildə itirdiyini iddia edir.
Məlumata görə, oliqarxın əsas planlarından biri Dövlət Duması sədrinin müavini Anna Kuznetsovanı vəzifəsindən uzaqlaşdırmaq və onun yerinə həyat yoldaşı Mariya Lvova-Belovanı gətirmək olub.
Lvova-Belova 2026-cı il Dövlət Duması seçkilərində hakim “Vahid Rusiya” Partiyasının federal siyahısında ilk beşliyə daxil edilib. Lakin mənbənin iddiasına görə, onun Duma sədrinin müavini postunu ala bilməyəcəyi aydınlaşdıqdan sonra Lvova-Belova deputat mandatından imtina edib.
Malofeyevə yaxınlığı ilə tanınan daha bir siyasi fiqur – Pyotr Tolstoy da Dövlət Duması sədrinin müavini vəzifəsini itirib. O, bundan sonra Dumanın Beynəlxalq məsələlər komitəsinin sədri postuna keçib.
Mənbə bütün bunları Konstantin Malofeyevin Rusiya hakimiyyət elitasındakı təsirinin əhəmiyyətli dərəcədə zəifləməsi ilə əlaqələndirir.
İddiaya görə, oliqarx bir sıra biznes prosesləri üzərində əvvəlki nəzarətini itirib və Rusiyanın ən nüfuzlu siyasi-iqtisadi çevrələrində onun üzünə əvvəllər açıq olan bəzi qapılar artıq bağlanıb.
Bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və Malofeyevin təsirinin azalması barədə qiymətləndirmə VÇK-OGPU və Rucriminal.info mənbəsinin mövqeyidir.
Konstantin Malofeyev isə Rusiya oliqarxiyasının klassik nümayəndələrindən xeyli fərqlənən fiqurdur. O, uzun illərdir biznesmen olmaqla yanaşı, radikal mühafizəkar-pravoslav və monarxist ideyaların maliyyə və media dayaqlarından biri kimi tanınır. Malofeyev “Tsargrad” media şəbəkəsinin qurucusudur; onun ətrafındakı strukturlar pravoslavlıq, monarxizm və Rusiyanın tarixi imperiya sərhədlərinin bərpası ideyalarını təbliğ edir. ABŞ Ədliyyə Nazirliyinin sənədlərində Malofeyevin nəzarətindəki “Tsargrad” cəmiyyətinin Rusiyanın monarxiyaya qayıtmasını müdafiə etdiyi və Ukrayna, Belarus, Baltik ölkələri, Moldova, Mərkəzi Asiya və Qafqazı əhatə edən “tarixi sərhədlər” ideyasını dəstəklədiyi qeyd olunur.
Malofeyevin adı xüsusilə 2014-cü ildən sonra Ukraynanın şərqindəki hadisələrlə əlaqədar beynəlxalq gündəmə çıxıb. ABŞ Maliyyə Nazirliyinin mövqeyinə əsaslanan Ədliyyə Nazirliyi sənədlərində o, Krımda separatizmi təşviq edən rusiyalıların əsas maliyyə mənbələrindən biri və qondarma “Donetsk Xalq Respublikası”na maliyyə və maddi dəstək göstərmiş şəxs kimi təqdim olunur. Malofeyev 2014-cü ildən ABŞ sanksiyaları altındadır.
2022-ci ildə ABŞ-da Malofeyevə qarşı sanksiyaları pozmaq ittihamı ilə cinayət işi də açılıb. ABŞ Ədliyyə Nazirliyi onun sanksiyalara baxmayaraq Rusiya və Avropada media layihələri qurmağa çalışdığını, həmçinin ABŞ-dakı 10 milyon dollarlıq investisiyasını başqa şəxsə ötürmək cəhdində iştirak etdiyini iddia edib. Malofeyev Rusiyada olduğundan ABŞ yurisdiksiyasında həbs edilməyib.
Məhz biznes, din, media və imperiya ideologiyasının eyni şəxsdə birləşməsi Malofeyevi Rusiya siyasi sistemində qeyri-adi fiqura çevirib. İndi yayılan məlumatlar doğrudursa, uzun müddət formal dövlət vəzifəsi tutmadan müxtəlif siyasi və ideoloji layihələrə təsir göstərən “pravoslav oliqarx” üçün Kremlin hakimiyyət dəhlizlərində əvvəlki imkanlar daralmağa başlayıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ