Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə sülh açıqlaması ilə çıxış edib.
Musavat.com-un məlumatına görə, baş nazir deyib ki, Ermənistan hökuməti insanların sülhə olan inamını yekun nəticəyə - sülh sazişinin imzalanmasına və ratifikasiyasına çatdırmalıdır.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh artıq reallıq olsa da, hələ tam şəkildə institusionallaşmayıb. O əlavə edib ki, Ermənistan hökuməti insanların gözləntilərini doğrultmalı və prosesi başa çatdırmalıdır. “Aralıq mərhələyə çatmışıq. Amma bu, aralıq mərhələdir, yekun mərhələ deyil. Yekun mərhələyə doğru hərəkət etməliyik”, o deyib. Sülh sazişinin imzalanması və ratifikasiyasının zəruriliyi kontekstində Nikol Paşinyan TRIPP layihəsini, Azərbaycanla sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını, Türkiyə ilə normallaşma prosesini, Şimal-Cənub yolunu və “Sülh qovşağı” konsepsiyasını da xatırladıb.
Göründüyü kimi, Paşinyan hər şeydən danışıb, ancaq sülh sazişi üçün ən birinci şərtdən - Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının çıxarılması zərurətindən bəhs etməyib.
Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov Musavat.com-a açıqlamasında Ermənistan rəhbərliyinin hiyləgər gedişindən bəhs etdi: “Ermənistanın baş naziri növbəti açıqlamasında TRIPP layihəsini, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasını, kommunikasiyaların açılmasını, Türkiyə ilə normallaşma prosesini, “Şimal-Cənub” magistralını və “Sülh kəsişməsi” konsepsiyasıdan bəhs etsə də, Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına imkan verməyən əsas məsələdən növbəti dəfə yan keçib. Yəni o, Ermənistan Konstitusiyasının yeni redaksiyada qəbul olunma məsələsinə toxunmayıb. Əslində bəhs etdiyi istiqamətlərdə də onun hökuməti hələ heç nə etməyib. Sadəcə, danışmaq və açıqlamalar verməklə kifayətlənib. Belədə Azərbaycana qarşı ərazi iddası qaldıqca, sülh müqaviləsinin imzalanması və ratifikasiyasından danışmaq fikrimcə, mənasıdır. Necə ola bilər ki, bizimlə müharibə aparıb uduzan bir dövlətin əsas qanununda ərazi iddası da qalsın və sülh müqaviləsi imzalansın? Ərazi iddiası varsa, deməli, Ermənistan o iddialarını reallaşdırmaq niyyətindən əl çəkməyib, sadəcə, məğlub olub və revanş məqamını gözləyir”.
Ekspert Ermənistan hakimiyyətinin seçkilərdəki hiyləsini də xatırlatdı: “Həm də Paşinyan parlamenti formalaşdırarkən konstitusion çoxluq alınmayıb və biz ehtimal edirik ki, Paşinyan bunu qəsdən edib. Çünki o, parlament seçkilərini elə təşkil etmişdi ki, istədiyi nəticəni alsın. Belə olan halda Paşinyan heç konstitusiyanın yeni redaksiyada qəbulu ilə bağlı parlamentin konstitusion çoxluğunun səsini ala bilməyəcək. Ona görə də optimizmə hələlik bir əsas yoxdur. Gördüyümüz odur ki, Ermənistan paraflanmış sazişin bəndləri üzrə heç bir fəaliyyət göstərmir. Sadəcə, bəyanat və açıqlamalar verir. Digər tərəfdən silahlanır və iqtisadi imkanlarını genişləndirir”.
S.Məmmədov digər mühüm məqama da toxundu: “Bu günlərdə BMT-nin “Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin” sessiyasıda iştirak etdik və Ermənistanın bizim əsir və girovlala bağlı məlumat verməməsi ilə bağlı apardığımız işlər əsasında Ermənstan qarşısında ciddi tələblər qoyan yekun müşahidələr sənədi qəbul olunub. 55 bənddən ibarət sənəddə həmçinin göstərilir ki “Azərbaycan və Ermənistan arasında 2025-ci ildə paraflanmış sülh sazişinin mətninin yekunlaşdırıldığını və həmin il hər iki ölkənin Hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslər üzrə komissiyalarının görüşdüyünü qeyd edir. Komitə sülh sazişinin IX maddəsində silahlı münaqişə zamanı baş vermiş “itkin düşmə” və məcburi yoxaçıxma hallarının araşdırılması, ədalətin təmin edilməsi, yoxa çıxmış şəxslərin axtarılması və onların qalıqlarının qaytarılması ilə bağlı öhdəliyin nəzərdə tutulmasını alqışlayır”. Bununla belə komitə narahatlıqla bildirir ki, sülh müqaviləsi imzaladıqdan sonra dövlətlərarası şikayət və iddaların geri götürlməsi Ermənistana 9-cu bənd üzrə öhdəliklərdən yayınmağa imkan verəcəkdir. Doğrudan da Ermənistan vaxt uzadır və 2027-ci ildə konstitusiya islahatının olacağına ümidlər getdikcə azalır. Bu, bizi düşündürməlidir”.
E.Paşasoy,
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ