Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Qırğızıstan arasında son illərdə ticarət dövriyyəsində ciddi artım müşahidə olunur. Son 5 ildə iki ölkə arasında iqtisadi ticarət dövriyyəsi 13 dəfə artıb”.
Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Qırğızıstana səfərini və iki ölkə arasında olan iqtisadi münasibətləri şərh edərkən bildirib.

“2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 93 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara qədər yüksəlib. Təbii k, bu artım 2026-cı ildə də davam edəcək. Cari ilin sonunda biz fərqli rəqəmləri müşahidə edəcəyik. Azərbaycanla Qırğızıstan arasında çox fərqli məhsullar üzrə ticarət əməliyyatları həyata keçirilir, bu da iki ölkə arasındakı ticarət dövriyyəsinin şaxələnməsindən xəbər verir. Yalnız enerji məhsulları deyil, bir sıra qeyri-enerji məhsulları da ölkələr arasındakı ticarət dövriyyəsində sahibkarların idxal və ixrac etdiyi məhsullardır. Cənab Prezidentin dövlət səfəri ölkələr arasında strateji münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Bu, həm birgə sərmayə qoyuluşları, həm də iqtisadi dövriyyənin artmasında özünü göstərəcək. Potensial kifayət qədər böyükdür. Qırğızıstandan qida məhsullarının idxalı imkanları var, eyni zamanda bir sıra kənd təsərrüfatı məhsullarının Qırğızıstana ixracı mümkündür. Azərbaycan sənaye məhsullarını Qırğızıstan bazarına daha böyük həcmdə çıxara bilər. Neft sektorunda emaledici məhsulların da ixrac imkanları genişdir. Bütün bu amillərin fonunda qarşılıqlı dövlət səfərləri ticarət dövriyyəsinin artmasına imkan verəcək”, - o qeyd edib.
Deputat vurğulayıb ki, birgə layihələrin reallaşması sahəsində də əməkdaşlıq imkanları mövcuddur:
“Nəqliyyat-logistika sahəsində, TDT çərçivəsində sərmayə fondlarının yaradılması fərqli sektorlarda investisiya qoyuluşlarının həyata keçirilməsinə imkan verəcək. Cənab Prezidentin Qırğızıstana səfəri böyük potensialın daha səmərəli istifadə edilməsinə dəstək olacaq”.
Nigar Həsənli
Musavat.com
02 Avqust 2026
01 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ