İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, sosial problem yarada bilər” - Tanınmış ekspert AÇIQLADI

Ali təhsilin bakalavr pilləsində təhsil müddətinin 4 ildən 3 ilə, magistraturada isə 2 ildən 1 ilə endirilməsi məsələsi yenidən gündəmə gəlib.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı fikirlərini Musavat.com-a bölüşüb.

EFENDİ.jpg (31 KB)

Ekspert bildirib ki, xüsusilə laboratoriya şəraiti tələb etməyən ixtisaslarda təhsil müddətinin qısaldılması mümkündür:

“Hazırda və bundan əvvəlki tədris ilində ali təhsilin bakalavr pilləsinin müddətinin 4 ildən 3 ilə, magistraturanın isə 2 ildən 1 ilə endirilməsi məsələsi müzakirə olunurdu və yenidən mövzuya qayıdılıb, müzakirəyə çıxarılıb. Düşünürəm ki, biz bir çox ixtisasda - laboratoriya şəraiti tələb olunmayan ixtisaslarda - təhsil müddətini 3 ilə qədər endirə bilərik. Həm bakalavr, həm də magistratura pilləsində. Laboratoriya şəraiti tələb olunan ixtisaslarda isə hələlik müddəti 4 il olaraq saxlamaq olar. Nə vaxt ki, infrastrukturu daha yaxşılaşdırarıq, hər bir vəsaitə çıxış imkanı əlçatan olar, laboratoriya şəraiti yaxşılaşar, o zaman laboratoriya şəraiti tələb olunan ixtisaslarda da eyni prinsipi tətbiq etmək mümkün ola bilər. Bilirsiniz ki, ali təhsilin bakalavr və magistratura pilləsində qeyri-ixtisas fənlərinin tədrisi nəzərdə tutulur və bu da əlavə dərs yükünün artımı deməkdir. Biz məhz həmin dərs yükünü azaltmaqla, yəni qeyri-ixtisas fənlərini ləğv etməklə təhsil müddətini qısalda bilərik”.

Elçin Əfəndi qeyd edib ki, təhsil müddətinin qısaldılması ilə yanaşı, bunun əmək bazarına mümkün təsirləri də əvvəlcədən nəzərə alınmalıdır. Onun sözlərinə görə, bakalavr və magistratura üzrə təhsil müddətinin azaldılması nəticəsində daha çox məzunun əmək bazarına daha erkən daxil olması gələcəkdə ali təhsilli işsizlərin sayının artmasına səbəb ola bilər:

“Bütün bunlar tətbiqdən sonra əmək bazarına daha tez müddətdə ixtisaslı kadrların məzun olaraq buraxılması ilə nəticələnəcək. Bu da sonrakı illərdə əmək bazarında ali təhsilli işsiz ordusunun formalaşmasına gətirib çıxara bilər. Bunun üçün biz ilk növbədə müəyyən iş imkanlarını da nəzərdən keçirməliyik. Yeni iş yerləri yaradılmalıdır ki, 3 illik və yaxud magistratura pilləsində 1 illik təhsilə keçid alarkən məzunlar əmək bazarına çıxdıqları zaman asanlıqla iş imkanı əldə etsinlər. Əks halda, təhsil müddətinin qısaldılması gələcəkdə sosial problemlərə yol aça bilər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2026

14 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR